Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:50

Tapdıq Yolçu. Qızdırmayır məni günəş














QIZDIRMAYIR MƏNİ GÜNƏŞ


Dərd dağının başındayam,
Qış da, yay da başı qardı.
Ömrün elə yaşındayam,
Günüm qara, başım ağdı.

“Qışdır gələn yaz da, yay da,”
Demədimmi mən bir zaman?!
Günnən gələn aynan gedir,
Soyuq candı mənə qalan.

Yaxınam hər kəsdən ona,
Qəlbim eşqini gəzdirir
...O, sevdiyim qız kimidir,
Gedib özgəni qızdırır...

Yad ellərdə yaşayıram,
Yad olurmu dərdə ortaq?!
Qızdırmayır məni günəş,
Qızdırarmı qara torpaq?!.


Taleyə sual

Tələsən kəslərə yol verirəm mən,
Uğur da deyirəm xoş bir avazla.
Şir kimi atılmaq gəlmir əlimdən,
Davakar deyiləm belə... bir az da...
Qaçaqaç... qaçaqaç...
mən bacarmıram,
Bu qəm axırıma çıxacaq bəlkə.
Məndən çıxmayacaq qatarda gedən,
Durub əl eyləyən çıxacaq bəlkə.

Gözə dəyməmişəm alçaq boyumla,
İri gövdələrdən əzəmət yağıb.
Sevgi bağçasından ilk bahar günü
Mən həsrət, onlarsa məhəbbət yığıb.

Of! Necə ağırmış ömür yükü də,
Çiynimdə qarışqa dözümü yoxdur.
Bu əfəl tərpəniş, bu kəm fursətlə
Bəlkə yaşamağın lüzumu yoxdur?

Kimsə böləcəkmi dərdimi mənim,
Tənhalıq sonuma çıxacaq bəlkə?
Məndən çıxmayacaq qatarda gedən,
Durub əl eyləyən çıxacaq bəlkə?!


İlğımlar və mən

Əgər mənnən olsa bir çiçək baxış,
Bir üfüq göy dəniz, bir gürşad yağış,
Bir də Nuh gəmisi - taledən bəxşiş,
Neyləyər bəd üzlü ilğımlar mənə?!

Dünyanın tərkidi bu qara torpaq,
Minəndi, düşəndi hər insan - yarpaq.
Bir üzü gülşəndi, bir üzü çılpaq...
Neyləyir eyləsin ilğımlar mənə!

Ömrümdən artığı qapasıyammı?
Göydə Günəş olub yanasıyammı?
Bu boynan o dağa çatasıyammı?
Niyə minnət qoyur ilğımlar mənə?!


RÖYAMA HƏR GÜN GƏLİRSƏN...

Sənə qəlbim, qapım açıq,
Gəlginən düşsəm könlünə.
Röyama hər gün gəlirsən,
Çıxmırsan bir yol önümə...

Haçansa doğduğu yerə
Gün qayıdır, Ay qayıdır.
...Məni hər səhər yuxudan,
Sənin həsrətin oyadır...

Getdiyin yol ha dağ-dərə,
Gəlim, durum o yolda mən?!
Ömrün günü gödəlibdi,
Gözləyim de nə boyda mən?!

Hər nağılın bir sonu var,
Bu nə həkət, nə nağıldı?
Səni hamı Dünyam bilir,
Deyimmi – Dünyam dağıldı?!

...Sənə qəlbim, qapım açıq,
Gəlginən düşsəm könlünə.
Röyama hər gün gəlirsən,
Çıxmırsan bir yol önümə...
XS
SM
MD
LG