Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 23:08

Nizami Gəncəvi. Leyli və Məcnun (33)


əvvəli

MƏCNUNUN ATASININ LEYLİYƏ ELÇİ GETMƏSİ


Elə ki, yar yolu bağlandı bir gün,
Arxın körpüsünü kəsdilər bütün.
Məcnun ağlayırdı qəlbində hicran.
Gözünü yummazdı gecələr bir an.
Başından aşdıqca ayrılıq dərdi,
Dilində nəğmələr Nəcdə gedərdi.
Dalınca qaçardı iki-üç nəfər,
Baş açıq gəzərdi o divanələr.
Sövda xəstəsiydi bu aşiq artıq,
Dillər dastanıydı bu rüsvayçılıq.
Şikayət eylərdi qohumlar ondan,
Atası qalmışdı bu dərdə heyran.
Nəsihət verdilər, əməl etmədi,
Əfsanə dedilər, o eşitmədi.
Nəsihət versə də çoxlu mənfəət,
Eşqin meydanında nədir nəsihət?
Zavallı atası gətirməyib tab,
Oğlunun dərdiylə çəkirdi əzab.
Bütün nazlar ilə oynardı, yenə
Bir çarə tapmazdı onun dərdinə.
Bu sirri dostlardan o aldı xəbər,
Dostlar bu mətləbi şərh eylədilər,
"Bir qız həsrətidir bu dərd, bu nəva,
Eşqidən gəlmişdir başına hava".
Ata bu sözlərdən çıxardı qərar,
Dedi: "Gül üzündən silinsin qübar.
O dünya gözəli, dürrü gətirək,
Başımın tacına nəqş edəm gərək.
O gözəl zinəti yüz calalla mən
Alım öz oğluma o qəbilədən".
Bütün ağsaqqallar danışdı bir-bir,
Bu oldu məsləhət, bu oldu tədbir:
"O gözəl tayfanın incisini biz
Bizim bu gövhərə tay etməliyiz".
Bu oldu tayfanın verdiyi qərar,
Səfər paltarında yola çıxsınlar.
Razılıq əliylə kəsilsin kəbin,
Bəlkə bu divanə o aya yetsin.
Elə ki, səsləndi bu şadlıq zəngi,
Açıldı gül kimi atanın rəngi,
Ata dinlədikcə bu məsləhəti,
Dağıldı qəlbindən qəmi, möhnəti.
Böyük bir dəstəylə qalxıb o zaman
Səfər tədarükü gördü hər yandan.
Tamam hazırlaşıb, düzəlişdilər,
Böyük bir calalla yola düşdülər.
Çatdı Leyligilə gedən elçilər,
Böyükdən kiçiyə yetdi bu xəbər.
Hər elin, obanın öz adəti var,
Qonaq gəlir deyə, yola çıxdılar.
Hörmət ayağında durdular möhkəm,
Bütün hədiyyələr verildi o dəm.
Baxıb başçısına amirilərin,
Dedilər: "Gəlməkdən nədir məqsədin?
Danış istəyini, hazırıq biz də
Can-başla dayanaq xidmətinizdə!"
Dedi ki: "Məqsədim-qohum olmaqdır.
Iki gənc gözünə işıq salmaqdır.
- Qızın atasına üz döndərərək,
Qoy birləşsin, - dedi, - bu iki ürək.
Bil ki, məhəbbətlə, kəbinlə səndən
Qızını oğluma istəyirəm mən.
Qumlarda doğulmuş, ciyəri teşnə
Gözünü tikmişdir sənin çeşmənə.
Sərin bulaqlardan kim içsə bir az,
Bir də susuzluqdan ürəyi yanmaz.
Qapına gəlmişəm bu məqsədlə mən,
Xəcalət çəkmirəm dediklərimdən.
Sən özün bilirsən, bilir bu aləm,
Zamanın ən məşhur adamı mənəm.
Mənim xəzinəm də, calalım da var,
Dosta, düşmənə də qüdrətim çatar.
Ağlın başındasa, mətaini sat!
Almağa gəlmişəm, sən də əl uzat!
Nə qədər olsa da onun qiyməti.
Almağa hazıram mən o zinəti.
Sən onu satmağa vergilən qərar,
Dünyada hər şeyin öz bazarı var".
Dinləyib-dinləyib bu iltiması,
Böylə cavab verdi qızın atası:
"Baş tutan deyildir sənin diləyin,
Başqadır qərarı, hökmü fələyin.
Şirin bir dil ilə danışsan da sən,
Əyləşə bilmərəm o atəşlə mən.
Bir dostluq olsa da bu xeyir işdə,
Min ədavət olar bu tərpənişdə.
Nə yaman ərköyün böyümüş oğlun,
Özbaşına gəzir, muğayat olun.
Dalınca "divanə" söyləyir hər kəs,
Bizə divanələr tay ola bilməz.
Əvvəl dua et ki, gəlsin ağıla,
Sonra məhəbbətdən başla nağıla.
Hələ düzəlməmiş sizin o gövhər,
Bu sövda söhbəti verməz bir səmər.
İllətli gövhəri almaz ki, heç kəs,
Eyibli gövhərlər sapa düzülməz,
Gözdən kirpik çəkir bizim ərəblər,
Gülərlər üstümə, dil versəm əgər.
Bir də bu mətləbdən gəl danışma heç,
Söhbəti qurtaraq, bu işdən vaz keç",
Onu amirilər sakit dinlədi,
Atanın qəlbində kaman inlədi...
Qayıtmaqdan başqa bir əlacmı var!
Pərişan olaraq çəkildi onlar.
O yol yorğunları, dil incikləri
Dərdin dəryasına batandan bəri,
"Bu dərdə bir dərman axtaraq" deyə,
Əlac gətirdilər o divanəyə.
Nəsihət dilinə keçdi hər nəfər
Ancaq od üstünə tikan səpdilər.
"O ruh ovçusundan daha da xumar,
Burda ruh bəsləyən gözəlimiz var.
Bax, yaqut dodaqlı, inci buxaqlı,
Ruha ətir saçan, lalə yanaqlı
Gözəllər, aydan da çox işıqlıdır,
Onlar ilk bahardan yaraşıqlıdır.
Qarşında yüz tanış ola-ola, sən
Nədən yad qızına könül verirsən?
Gəl, bu gözəllərə, cananlara bax,
Səninçin nazəndə bir sənəm alaq.
Oxşasın könlünü o nazlı nigar,
Şəkərə süd kimi uyuşsun o yar.
Canından deyildir, unut Leylini,
Bir də o dilbərə salma meylini".

davamı
XS
SM
MD
LG