Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:22

Cabbar Savalanlı: «Mənə psixoloji təzyiq ediblər»


Cabbar Savalanlı məhkəmədə
MƏHKƏMƏDƏN OLAN VİDEOYA BURADAN BAXIN

BARMAQLIQDAN ÇIXARILIB VƏKİLLƏRİN YANINDA OTURDULDU


Hakim:

- Özünüzü təqdim edin.

Cabbar Savalanlı:

- Mən Savalanlı Cabbar Novruz oğlu 1991-ci il sentyabrın 4-də Sumqayıt şəhərində anadan olmuşam. Subayam, tələbə idim, 5 fevral 2010-cu il tarixinə kimi Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinin ikinci kurs tələbəsi idim.

Hakim:

- Əvvəllər məhkum olmamısınız ki?

Cabbar Savalanlı:

- Xeyr.

Aprelin 22-də Sumqayıt şəhər Məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının işi üzrə hazırlıq iclası keçirildi. İclas Savalanlının anket məlumatlarının dəqiqləşdirilməsi ilə başlandı. Sonra vəkil Əshabəli Mustafayev Cabbar Savalanlının dəmir barmaqlıqlardan kənarda oturdulmasını xahiş etdi. Polis əməkdaşları Cabbar Savalanlını dəmir barmaqlıqdan çıxararaq vəkillərinin yanında əyləşdirdilər.

Vəkil Anar Qasımov Cabbar Savalanlı barəsində ibtidai istintaq zamanı seçilmiş həbsin müddətinin aprelin 5-də bitdiyini dedi. O, həbs müddətinin uzadılması ilə bağlı qərar olmadığı üçün Savalanlının azadlığa buraxılmasını xahiş etdi:

«Bu gün məsələyə qiymət verilsin, onun indiyə kimi həbsdə saxlanması qanunsuz hesab edilsin. Onu indiyə kimi həbsdə saxlayan vəzifəli şəxslərin məsuliyyət məsələsinin həll olunması üçün xüsusi qərar çıxarılsın. Növbəti mərhələdə müzakirə edərik ki, onun barəsində hansısa qətimkan tədbirinin seçilməsinə zərurət var, ya yox».

«İŞ İBTİDAİ İSTİNTAQA QAYTARILSIN»

Vəkil növbəti vəsatətində Cabbar Savalanlı haqqında verilmiş ekspertiza rəyinin ziddiyyətli olduğunu, onun narkotik istifadəçisi olub-olmadığına ibtidai istintaq zamanı tam aydınlıq gətirilmədiyini söylədi:

«Rəydə yazılır ki, hal-hazırda Cabbar Savalanlı narkotik istifadəçisi deyil, onun narkotikdən fiziki və psixi asılılığı müəyyən olunmur. Ancaq ekspert orda bir əlavə də edir ki, onun narkotiklərdən istifadə etməsi istisna olunmur. Yəni rəyin nəticə hissəsində bir cümlə digərini təkzib edir. İstintaq zamanı ittiham tərəfi müdafiə tərəfinə bununla bağlı dəqiqləşdirmə aparmasına imkan
Vəkil Anar Qasımov
yaratmayıb».

Vəkil istintaqın natamam aparıldığını bildirərək iş materiallarının ibtidai istintaqa qaytarılmasını istədi.

VƏKİLDƏN HAL ŞAHİDLƏRİNƏ ŞÜBHƏ

Digər vəsatətlərində vəkil Anar Qasımov Cabbar Savalanlının ilkin etirafedici ifadəsinin və hal şahidlərinin ifadələrinin sübutlar siyahısından çıxarılmasını xahiş etdi. Dedi ki, Cabbar Savalanlı saxlandığı gün polislərlə yaşadığı evə gələn hal şahidləri ondan 3 saat əvvəl başqa əməliyyat tədbirində də hal şahidi kimi iştirak ediblər. Bu da müdafiə tərəfində şübhə yaradıb ki, həmin hal şahidləri polislərlə daimi əlaqədə olan və əməliyyatlarda hal şahidliyi edən şəxslər olub. Buna görə də vəkil həmin hal şahidlərinin ifadələrinin sübutlar siyahısından çıxarılmasını xahiş etdi.

GECƏ SAAT 3-DƏ DİNDİRMƏ VƏ ETİRAFEDİCİ İZAHAT

Vəkil dedi ki, «etirafedici izahatlar Cabbar Savalanlıdan vəkilinin iştirakı təmin olunmadan, həm də gecə saat 3-də alınıb. Hansı qanun yol verir ki, gecə saat 3-də kiminsə izahatını alsınlar? Cinayət prosessual qanunvericiliyimiz buna yol vermir. Tutulub gətirilib polisə, hadisənin şoku, yuxusuz vəziyyət, bu adam dindirilib».

Hakim Cabbar Savalanlıdan vəsatətlərə əlavələrinin olub-olmadığını soruşdu:

- Savalanlı, əlavən var, bala?

Cabbar Savalanlı:

- Xeyr, əlavəm yoxdur. Bir söz deyim. Mənim üstümdən çıxanda ifadə vermişəm, mənə psixoloji təzyiq ediblər, mən o ifadəni vermişəm. Deyirdilər ki, indi verməsən...

«BALA, MÜSTƏNTİQ GETDİ, MƏHKƏMƏNİN ÖZ İSTİNTAQI VAR»

Hakim sözünü kəsir:

- Kim deyib sizə?

Cabbar Savalanlı
Cabbar Savalanlı:

- Müstəntiq.

Hakim:

- Savalanlı, bala, müstəntiq getdi. Məhkəmənin özünün araşdırması, istintaqı olur. İbtidai istintaqda nə araşdırma aparılıb, nə olub, o qaldı orda. Məhkəmənin özünün istintaqı olacaq, sənə də birinci şərait yaradacağam, öz fikrini deyəcəksən, vəkillərin də öz fikirlərini deyəcəklər, onların hamısını araşdıracağıq.

Hakim vəkillər tərəfindən verilmiş vəsatətlərə məhkəmə baxışında qiymət veriləcəyini bildirdi və müşavirə otağına yollandı. Qısa müşavirədən qayıtdıqdan sonra Cabbar Savalanlı barəsində həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanması barədə qərar elan etdi. Məhkəmə baxışı aprelin 29-na təyin olundu.

«Cabbar Savalanlı barədə ibtidai istintaq zamanı seçilmiş həbs qərarı hələ aprelin 5-də bitib. Sonradan onun barəsində həbs qətimkan tədbiri seçilməyib və 2 həftədən artıqdır ki, Cabbar Savalanlı qanunsuz həbsdə saxlanılırdı. Hakimin hansı həbs qərarının dəyişdirilmədən saxlaması bizə də müəmmalı qaldı». Bunu AzadlıqRadiosuna vəkil Anar Qasımov deyib.

Cabbar Savalanlı bu il fevralın 5-də Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İdarədə onun üzərinə baxış zamanı 0.74 qram tiryək aşkar edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin qanunsuz narkotik əldə edib saxlama maddəsiylə cinayət işi başlanıb. Fevralın 7-də isə barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

İttihamın saxta olduğunu bildirən müdafiə tərəfi Cabbar Savalanlın həbsini onun siyasi fəaliyyəti ilə bağlayır.
XS
SM
MD
LG