Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:18

Avropa Birliyi Qarabağ münaqişəsinin həllini sürətləndirə bilərmi?


Beynəlxalq Böhran Qrupu [BBQ] «Avropa Birliyi və Cənubi Qafqazdakı münaqişələrin həlli» adlı hesabatında Dağlıq Qarabağ münaqişəsinə dair də bəzi tövsiyələr verib. Qrup hesab edir ki, AB Qarabağ münaqişəsində səylərini artırmaq üçün ATƏT-in Minsk Qrupunda müşahidəçi kimi təmsil olunmalıdır

Azərbaycanda isə ara-sıra bu münaqişəyə AB-nin cəlb edilməsiylə bağlı fikirlər səslənir. Bununla belə, yerli ekspertlər Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsini həll etməsini indiki halda mümkün saymırlar. Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyir ki, Avropa Birliyinin hər-hansı bir nümayəndəsinin ATƏT-in Minsk Qrupuna daxil olması mövcud şəraiti heç də dəyişməyəcək.


Ümumiyyətlə, yerli ekspertlər hesab edirlər ki, Avropa Birliyi hələ ki, Cənubi Qafqaz bölgəsində güclü deyil. İstər Amerika Birləşmiş Ştatları, istərsə də Rusiya bu regionda Avropa Birliyini qabaqlayıb. Ancaq «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, Azərbaycan və Ermənistanın Avropa Birliyinin nüfuz dairəsinə daxil olması Dağlıq Qarabağ münaqişəsinin həllinə yeniliklər gətirə bilər. Ərəstun Oruclu hesab edir ki, belə olan halda Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinə Rusiya və ABŞ-dan fərqli olaraq öz daxili problemi kimi baxacaq. Ancaq bütün bunların Azərbaycana konkret nə verəcəyi hələ bir qədər dumanlı təsəvvür edilir.



Avropa Birliyi hələ ki, Cənubi Qafqaz bölgəsində güclü deyil.
Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın münaqişələrin həllinə dair başlıca prinsipi əsas götürülməlidir. Yəni münaqişə necə həll edilir-edilsin ərazi bütövlüyü məsələsi qorunmalıdır: "Məni burada bir məsələ narahat edir. Hansısa referendum məsələsi gündəliyə gələ bilər. Halbuki, referendum Azərbaycanın mənafeyi baxımından çox ziyanlıdır".


Yeri gəlmişkən, BBQ hesabatında Dağlıq Qarabağın statusunun müəyyən edilməsi baxımından gələcəkdə referendum keçirilməsiylə bağlı məqam da öz əksini tapıb.


Eldar Namazov hesab edir ki, Azərbaycan hakimiyyəti hələ də şəraiti öz xeyrinə dəyişə bilər. Onun sözlərinə görə, bundan ötrü Azərbaycan Avropaya inteqrasiya prosesini sürətləndirməlidir. Eldar Namazov deyir ki, bununla Azərbaycan həm regionun lider dövlətinə çevrilər, həm də Qarabağ münaqişəsinin həllində haqlı olduğunu sübut etmiş olar.


Xarici İşlər Nazirliyində Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə isə deyir ki, onsuzda Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan müzakirələrdə müəyyən qədər iştirak edir. Onun sözlərinə görə, birliyin ayrı-ayrı təmsilçiləri ilə istər mövcud şərait, istərsə də münaqişənin həlindən sonrakı vəziyyətə dair dəfələrlə müzakirələr aparıblar. Bununla belə, Tahir Tağızadə Minsk Qrupunda Avropa Birliyinin nümayəndəsinin təmsilçiliyi haqqında BBQ-nun tövsiyəsinə münasibət bildirmək istəmir. Üstəlik, referendumla bağlı müzakirələri də tez hesab edir: "Referendum məsələsinə işğal edilən ərazilər boşaldıqdan sonra və Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşayışı təmin edildikdən sonra baxmaq olar. Üstəlik, referendum konstitusiyaya uyğun olaraq bütün ölkə ərazisində keçirilməlidir".


Ancaq istər dövlət başçısı İlham Əliyev, istərsə də ölkənin xarici siyasətinə məsul olan bir sıra dövlət məmurları bir neçə dəfə bəyan ediblər ki, ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışıqları bir nəticə verməsə, Azərbaycan tərəfi həm vasitəçilər məsələsinə, həm də danışıqlar prosesinə yenidən baxa bilər. Belə isə Azərbaycanın münaqişəyə yanaşmasında hələlik mühüm yenilik yoxdur.


XS
SM
MD
LG