Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:02

Putinin çevrilməsi. ‘...müharibəni udmasa, çox çətin olacaq’


Vladimir Putin Ukraynanın Rusiya nəzarətində olan Mariupol şəhərinə gedir, 19 mart, 2023-cü il
Vladimir Putin Ukraynanın Rusiya nəzarətində olan Mariupol şəhərinə gedir, 19 mart, 2023-cü il

Siyasi konsultant Abbas Qallyamov Rusiya Prezidenti Vladimir Putinin spiçrayteri (nitqlərini yazan) olub. O, AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində Putinlə iş təcrübəsindən danışıb.

“Hər şeydən əvvəl anlamalısınız ki, heç vaxt onunla birbaşa ünsiyyətdə olmamışam. Mən baş spiçrayter deyildim. Yalnız baş spiçrayterin … prezidentlə şəxsən danışmaq səlahiyyəti var. Mən kifayət qədər yüksək vəzifəli idim, ancaq bununla yanaşı, onunla indi sizinlə danışdığım kimi danışmırdım. Bəli, onu dəfələrlə görmüşəm. Mən həm açıq, həm də açıq olmayan, bəzən sadəcə bir neçə adamın qatıldığı [qapalı] iclaslarda olmuşam.

Putin haqda ümumi təəssüratım belə idi ki, o, yaxşı menecerdir. O çox rasional, çox məntiqli idi. O zaman siz onun indi elədiklərini təsəvvürə gətirə edə bilməzdiniz. O, sualları necə verəcəyini bilirdi, insanların cavablarını dinləyərkən onların üstünə getməməyə səy göstərirdi. Çünki siz böyük boss olanda, öz fikrinizi bildirəndə hər kəs öz fikrini bildirmək əvəzinə sizin mövqeyinizi dəstəkləməyə çalışır. Ona görə də o bundan yan keçməyə səy göstərirdi.

Abbas Qallyamov
Abbas Qallyamov

Müharibə başlayanda həmişə düşünürdüm ki, bu necə illər əvvəl tanıdığım adam ola bilər, o necə indi olduğu şeyə çevrilə bilərdi. Başa düşdüm ki, o zaman gördüyüm onun çox vacib, ancaq həyati əhəmiyyətli olmayan şeylər üzərində işləyən variantı idi. Bunlar onun siyasi həyatının asılı olmadığı şeylər idi, ekzistensial təhlükələr deyildi. Bunlar NATO ilə, yaxud onu devirməyə çalışan Rusiya müxalifəti ilə münasibətlər deyildi.

Buna görə də o zaman özünə qarşı şəxsi hücumlarla məşğul olmurdu… Ancaq onu nəyisə səhv etməkdə günahlandıranda o, tez tamamilə qeyri-rasional və tamamilə emosional bir şeyə çevrilirdi. Güc nümayişinə həddindən artıq önəm verirdi. Bu onun fetişidir, özünün zəif görünməsini təsəvvür edə bilmir”, – Qallyamov deyir.

Qallyamov 2008-ci ildə spiçrayter kimi Putinin komandasına qayıtması haqda bunları deyib: “Bilirdim ki, vəzifəm artacaq, əvvəlkindən daha yüksək vəzifədə işləyəcəyəm. …Bilirdim ki, ümumən ölkənin istiqaməti dəyişir, …qarşımızda bir növ parlaq gələcək var. Heç kim Rusiyanın indi olduğu faşist dövlətinə çevriləcəyini proqnozlaşdıra bilmirdi”.

“Dərhal Rusiyadakı bütün kontraktlarım bitdi”

Qallyamov daha bu işi görmək istəmədiyini anladığı dövrdən də danışıb: “Dövlət qulluğunu tərk etdiyim, “bir daha etməyəcəyəm” dediyim real qırılma nöqtəsi 2014-cü ildə olub. Qərara gəldim ki, …bir də heç vaxt dövlətə işləməyəcəyəm. Bu 2014-cü ildə, Krımdan dərhal sonra idi. İkinci qırılma nöqtəsi isə 2018-ci ilə oldu. Artıq qərara gəldim ki, mənim Kremllə konfliktim var.

[O zaman] artıq müstəqil siyasi konsultant kimi çalışırdım, ancaq hələ də prezident administrasiyası ilə nisbətən normal münasibətlərim var idi. Ancaq sonra, 2018-ci ildə vəziyyət pisdən daha pisə doğru dəyişməyə başladı. Onların reytinqləri düşür, ölkədə etiraz əhval-ruhiyyəsi böyüyürdü. Onları daha öncə açıq tənqid edənlərə qarşı vintləri bərkitməyə başladılar. Daha öncə sənə daha çox hörmətlə yanaşırdılarsa, indi səndən daha çox loyallıq tələb etməyə başladılar. Onlar deyirdilər ki, belə danışmasan, kontrakt almayacaqsan.

Onlar məni həbslə hədələmirdilər… Bu haqda yalan danışmaram. Deyirdilər ki, bütün kontraktları itirəcəyəm və daha Rusiyada siyasi konsultant kimi işləyə bilməyəcəyəm. Mən də düşünüb-daşındım və ailəmi İsrailə köçürdüm… Sonuncu qırılma nöqtəsi isə bu müharibənin başlanğıcı oldu. Müharibə başlayan kimi onu tənqid elədim və dərhal Rusiyadakı bütün kontraktlarım bitdi”.

Putinin çıxışındakı yeganə maraqlı məqam

Vladimir Putinin 2022-ci ilin fevralında xalqa müraciəti haqda danışan Qallyamov bunları deyib: “İnsanlar başa düşürlər ki, [Putinin] sözlərində yox, davranışında nəsə dəyişməlidir. Ancaq onlar bir daha onun qeyri-adekvat olduğunu, reallığa əhəmiyyət vermədiyini, reallığın ona qarşısına qoyduğu məqsədlərə çatmağa imkan vermədiyini gördülər… Gördülər ki, o hələ də eyni köhnə şeyləri edir. …Bəlkə də onun çıxışındakı yeganə maraqlı məqam onun gələcək- 2024-cü il seçkilərindən danışması idi. Çünki hamı onun ölkədə hərbi vəziyyət elan edəcəyini və beləliklə seçkinin ləğv olunacağını gözləyirdi. Ancaq o dedi ki, yox, seçki olacaq . Bu ona görə maraqlı idi ki, o bunu indi, seçkiyə hələ bir il vaxtı olduğu halda demək qərarına gəlmişdi.

Və mən anladım ki, bunu heç bir spiçrayter yaza bilməz. [Bunu yazan] Putinin özüdür, çünki bu birbaşa onun özünə aid məsələdir. Bu onun işidir. Spiçrayterlər belə şeylər yazmırlar. Hansısa səbəbdən onun özü bunları demək qərarına gəlib. O nə demək istəyir? Bəlkə də ən maraqlı məqam bu idi”.

Rusiya xalqının istədiyi dəyişiklik

Bəs görəsən, Rusiya xalqının istədiyi dəyişiklik nədən ibarətdir? Onlar müharibədə qalib gəlmək istəyirlər, yoxsa müharibənin bitməsini istəyirlər?

“Əgər o, müharibəni uda bilsə, çox gözəl. Cəmiyyət hər şeyin nisbətən dinc olduğu müharibəöncəsi vəziyyətə dönmək istəyir. Oyunun qaydaları nisbətən aydın idi: sanksiyalar yox idi, burada pul qazana bilərdin, bu pulu Putin elitası ilə bölə bilirdinsə, heç bir problemin olmurdu.

Bu pulu qazanırsan, onu Qərb dünyasına, Fransa, İngiltərə, Amerikaya köçürürsən… Sonra isə pensiyaya çıxanda həyatının qalan hissəsini haradasa Floridada, yaxud Qərbin başqa bir gözəl yerində keçirirsən. Adamlar bunun niyə belə olduğunu anlamırlar. Çünki NATO, yaxud Ukrayna faşistləri haqda söhbətlərə heç kim inanmır. Hər kəs anlayır ki, bu, asanlıqla qaçıla biləcək bir şey idi”, – Qallyamov deyir.

“Bütün sistem çökər”

“İnsanlar həqiqətən hiss edirlər ki, o nəyisə dəyişməsə, indi etdiklərini dayandırmasa, bu, son nəticədə inqilaba gətirib çıxara bilər və bütün sistem çökər. Əlbəttə, bütün elita bunu istəmir. Onlar sabitlik istəyirlər.

Ona görə, əlbəttə, məsələ mənəviyyat və əxlaqda deyil. Rusiya elitası tamamilə əxlaqsızdır. Onlar praktik düşünürlər. Müharibəni udub vintləri bərkidə bilirsənsə, hər şeyi əvvəlki kimi edə bilirsənsə, əla. Ancaq müharibəni uda bilməyəcəksən. Amma çox təkid edirsənsə, bizi inqilaba aparıb çıxaracaqsan. …Biz o Yevgeni Priqojinin əlində çəkiclə ortada ora-bura qaçaraq bizi hədələməsini istəmirik. Ümumi əhval budur – vəziyyət tamamilə anormal olub. Vəziyyət hansısa süquta doğru gedir. Heç kəs bu süqutun necə görünəcəyini bilmir. Ancaq hamı onun gəlməkdə olduğunu hiss edir.

Əlbəttə, hər şey Ukraynada qələbədən asılıdır. Putin məğlubiyyətin cəngindən qələbə qopara bilsə, bu inqilab bir müddətlik gündəlikdə olmayacaq. Ancaq sözsüz ki, geri qayıdacaq. Çünki cəmiyyətlə hökumət arasındakı konflikt hələ durur. Adamlar artıq siyasi proseslərdə sözlərinin olmasını tələb etmək üçün yetərincə təhsilli, inkişaf etmiş və müasirdirlər. Onlar qərar qəbuletmə prosesində iştirak etmək istəyirlər, hökumətsə bunu rədd edir.

…Əgər o, müharibəni udmasa, onun üçün çox çətin olacaq. Onun bütün legitimliyi güclü olması və həmişə qazanması prinsipinə əsaslanır. Onun başladığı müharibədə qalib gələ bilməməsi isə onun daha düşündüyümüz qədər güclü olmadığını göstərər. Möcüzə yoxa çıxar..., insanlar daha ona heyran olmazlar. Bu legitimliyin eroziyası sürətlənər. Bu proses artıq gedir. Bir-iki ilin içində o, nifrət edilən, mənfur şəxsə, qoca diktatora, qoca tirana çevrilər. O tamamilə qeyri-legitim olanda, dəstək bazası olmayanda isə… elit çevriliş, yaxud hərbi çevrilişlə üzləşə bilər”, – Qallyamov bildirir.

XS
SM
MD
LG