Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 23:20

Harris, yoxsa Tramp: Ukraynaya kimin seçilməsi sərfəlidir?


Ukrayna hərbçisi NLAW tank əleyhinə raket kompleksindən atəş açır.
Ukrayna hərbçisi NLAW tank əleyhinə raket kompleksindən atəş açır.

Noyabrın 5-də amerikalılar prezidentlərini seçərkən, onların verdiyi qərar bütün dünyaya, özəlliklə Ukraynaya təsir göstərəcək. Axı işğalçı Rusiya ilə savaşan bu ölkə ABŞ-nin hərbi, maliyyə və diplomatik dəstəyindən son dərəcə asılıdır.

Prezident Co Baydenin hakimiyyəti dövründə - Rusiya Ukraynaya tammiqyaslı müdaxiləni başladandan bəri ABŞ-nin Ukraynadan ötrü yalnız güvənlik yardımı üçün götürdüyü öhdəlik 56 milyard dollardan çoxdur. ABŞ, üstəlik, Ukraynaya on milyardlarla dollarlıq maliyyə və humanitar yardım ayırıb.

"Mənim fikrimcə, savaş sonucunu müəyyənləşdirəcək və, əlbəttə, qarşıdakı aylarda baş verəcək ən ciddi amil ABŞ-dəki seçkidir", - London Kral Kollecinin Müharibə elmləri departamentinin aparıcı mühazirəçisi Rut Deyermond belə deyir.

"Seçkinin nəticəsi, əslində, ABŞ-nin Ukraynanı dəstəkləyib-dəstəkləməyəcəyini, yaxud nə dərəcədə dəstəkləyəcəyini müəyyənləşdirəcək", - Deyermondun AzadlıqRadiosuna söylədiyi sözlərdir.

Respublikaçı eks-prezident Donald Tramp və demokrat vitse-prezident Kamala Harris Ukraynaya dəstək məsələsində kökündən fərqli mövqelər dilə gətiriblər.

Harris Baydenin Ukraynaya dəstək siyasətini sürdürəcəyini deyərək Rusiyanı yenilmiş görmək istəyini aydın ifadə edib.

Volodimir Zelenski və Kamala Harris
Volodimir Zelenski və Kamala Harris

"Müharibənin… Rusiyanın şərtləri ilə bitməsini istərdi"

ABŞ-nin Ukraynaya dəstəyini sorğulayan Trampa görə isə, Rusiya müdaxiləsindən Kiyevi qorumağın yükünü Avropa çəkməlidir. O bununla NATO-nun gələcəyini də şübhə altına alıb. Tramp Ukraynanın qalib gəlməsini istəyib-istəməməsinə dair düşüncələrini bölüşməkdən boyun qaçırıb. O, dəfələrlə deyib ki, seçilərsə, müharibəni qısa zamanda, hətta yanvar ayında vəzifələrinin icrasına başlamazdan da öncə bitirəcək.

"…Biz bilirik ki, Trampın uzunmüddətli xarici siyasət öncəliklərindən, onun 2016-cı ildən bəri ən davamlı xarici siyasi mövqelərindən biri …Rusiya ilə yola getməkdir. Məncə, bu üzdən də o, müharibənin tez, özü də Rusiyanın şərtləri ilə bitməsini istərdi", - Deyermond belə deyir.

Tramp bildirib ki, Putinin sülh danışıqları üçün qoyduğu şərtlər "qəbuledilməzdir". O, Rusiyaya qarşı özündən əvvəlki prezidentlərdən daha sərt mövqe tutduğunu iddia edir. Buna da iddia edir ki, o, Ağ evdə qalsaydı, Putin Ukraynaya hücum etməzdi. Tramp 2017-ci ildə ABŞ-nin Ukraynaya öldürücü silahlar verməsinə yaşıl işıq yandırıb. Onun sələfi demokrat Barak Obama bunun Moskvanı təhrik edəcəyini əsas gətirərək həmin addımı atmaqdan imtina etmişdi.

Tramp aprel ayında ABŞ-nin İkinci Dünya savaşı zamanı müttəfiqlərinə yardım məqsədilə gerçəkləşdirdiyi lend-liz proqramına bənzər bir proqrama açıq olduğunu deyib. Onun fikrincə, belə proqram yardım qrantlarına alternativ olmalıdır.

Tramp Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə necə son qoyacağı haqda çox az şey söyləyib.

Volodimir Zelenski və Donald Tramp
Volodimir Zelenski və Donald Tramp

"Daha yetər. Razılığa gəlməlisən"

Ötən ilin iyulunda "Fox News"a müsahibəsində deyib ki, Rusiya prezidenti Vladimir Putini Ukraynaya yardım kanalları açacağı barədə hədələməklə danışıqlara getməyə məcbur etməyə çalışacaq. O, Ukrayna prezidenti Volodimir Zelenskini yardımı dayandırmaqla təhdid etmək yolu ilə də danışıqlara cəlb edəcəyini söyləyib: "Mən Zelenskiyə deyərdim ki, "Daha yetər. Razılığa gəlməlisən". Putinə də deyərdim ki, "Əgər razılığa getməsən, Zelenskiyə çox şey verəcəyik. Gərəkərsə, Ukraynaya bu vaxtadək aldığından daha çox yardım göstərəcəyik. …Razılaşmanı bir günə çözəcəyəm. Bir günə".

Ukraynalılar qısa zamanda sülh razılaşmasına məcbur olmağın Rusiyanın işinə yarayacağından qorxurlar. Axı ölkələrinin 1/5-nədək ərazisini Moskvanın nəzarəti altında qoymaları Putinə bundan yararlanıb qoşunlarını növbəti hücuma hazırlamaq imkanı verə bilər.

Seçkidə qalib gələcək namizədin hakimiyyətə gəldikdən sonra nə edəcəyi bəlirsizdir. Bir sıra amil növbəti prezidentin davranışlarına təsir göstərə bilər.

Zelenskinin hökuməti ABŞ yardımının çox yavaş və xeyli məhdudiyyətlərlə gəldiyinə görə Bayden administrasiyasından narazıdır. Nə qədər yalvarsalar da, Bayden Ukraynanın uzunmənzilli ABŞ raketlərindən Rusiya ərazisini vurmaq üçün istifadəsinə icazə verməyib.

Ukrayna hələ də havadan müdafiə və silah-sursat baxımından qıtlıq çəkir. Bu da Rusiyanın onun şəhərlərini, önəmli infrastrukturunu havadan zərbələrlə məhv etməsinə və Donetsk bölgəsində irəliləməsinə yol açır. Bu ay Rusiya 2022-ci ilin martından bəri ən böyük ərazi üstünlüyü əldə edə bilib.

Volodimir Zelenski və Co Bayden
Volodimir Zelenski və Co Bayden

Harris yardımlar baxımından daha aqressiv siyasət yürüdəcəyini və məhdudiyyətləri yumşaldacağını aydın ifadə etməyib. O, Ukraynaya NATO-ya üzv olmaq üçün erkən dəvət məsələsinə də münasibət bildirməyib. Bunlar Zelenskinin Qərb liderlərinə təqdim etdiyi "qələbə planı"nda əksini tapan bəndlərdir.

Trampın prezidentliyinin Ukraynaya və Rusiyanın hücumuna təsirini təyin edəcək amillərdən biri də onun kabinetinin tərkibidir.

Trampın seçki kampaniyası komandasının keçmiş dövlət katibi Mayk Pompeonu müdafiə naziri vəzifəsinə, sabiq milli güvənlik katibi Robert O'Brayeni isə dövlət katibi postuna nəzərdən keçirdiyi deyilir. Onların hər ikisi Bayden administrasiyasını ABŞ silahlarından istifadəyə məhdudiyyət qoyduğuna görə tənqid edib və Rusiyaya qarşı daha çox sanksiyaların tətbiqinə çağırıb.

Pompeo iyulda "The Wall Street Journal" qəzetində çap olunan məqaləsində Ukraynanın özünü qorumasına yardım etmək üçün 500 milyard dollarlıq lend-liz proqramının yaradılmasına çağırıb. O, Ukraynaya NATO üzvlüyü verilməsinin də tərəfdarıdır. O'Brayensə NATO üzvlüyü məsələsinin bu məqamda "çox provokativ" olduğunu deyib.

"İndi olduğumuz nöqtənin dayanıqlı olduğunu düşünmürəm"

Daha bir amil Konqresdir. Prezidentlər xarici siyasət məsələlərində daha böyük gücə sahib olsalar da, dövlətin pullarına nəzarət qanunverici orqanın əlindədir və bu məqam Ağ evi Ukraynaya hərbi və maliyyə dəstəyi məsələsində mövqeyini dəyişməyə məcbur edə bilər.

5 noyabr seçkilərində Konqresin aşağı və yuxarı palatalarına nəzarət də yerdəyişmə ilə bitə bilər. Bu dəfə demokratlar Nümayəndələr Palatasında, respublikaçılarsa Senatda yerlərin çoxunu qazana bilərlər.

Bu, Ukraynadan ötrü daha sərfəli durum olardı. 2017-2019-cu illərdə Trampın Ukrayna danışıqları üzrə xüsusi nümayəndəsi olmuş Kurt Volker ötən ay AzadlıqRadiosuna deyib ki, respublikaçıların nəzarət etdiyi Senatın Ukraynanı dəstəkləməsi ehtimalı yüksəkdir. Onun fikrincə, lend-liz proqramını Konqresdən keçirmək daha asan olacaq: "Mənim fikrimcə, ABŞ vergi ödəyicisinin gerçək pulunun Ukraynaya xərclənməsini qəbul etdirmək get-gedə çətinləşir. Ancaq ukraynalılara müharibə aparmaq üçün ABŞ silahlarını almaqdan ötrü ehtiyaclarını ödəyəcək qədər borc götürməyə imkan vermək qətiyyən ziddiyyətli olmamalıdır. Mən düşünürəm ki, bu, hər iki partiyanın böyük dəstəyini görə biləcək".

Ancaq Xarici Əlaqələr Şurasının təhlilçisi Çarlz Kupçan AzadlıqRadiosuna deyib ki, seçkidə kim qalib gəlsə də, ABŞ, böyük ehtimalla, Ukraynanı danışıqlara itələməyə çalışacaq. O bunu qismən də müharibənin Qərbin imkanlarını gərməsi ilə əlaqələndirib: "Mən 2025-ci ilin diplomatiya ili olacağını umuram. İndi olduğumuz nöqtənin dayanıqlı olduğunu düşünmürəm".

Kupçan bunu da deyib ki, Ukraynaya yardımı kəsmək Rusiya və Ukraynanı danışıqlar masasına oturtmaq üçün uyğun üsul deyil: "Bu, Putini hücumu sürdürməyə dəvət etməkdir".

XS
SM
MD
LG