Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:43

ABŞ bəzi keçmiş İran rəsmilərinin və şirkətlərinin sanksiyalarını ləğv edir


ABŞ Maliyyə Nazirliyi
ABŞ Maliyyə Nazirliyi

Dövlət Departamentinin sözçüsü Ned Prays bu iki məsələnin bağlı olmadığını deyib və addımı “cari sanksiya gigiyenası” adlandırıb

ABŞ hökuməti İranın üç keçmiş rəsmisi və əvvəllər ölkənin neft məhsullarının satışı ilə məşğul olmuş iki şirkətiin üzərindən sanksiyaları qaldırıb.

İyunun 10-da elan edilmiş bu qərar bir sıra dairələrdə təəccüb doğurub. Bəziləri bu qərarın 2015-ci il nüvə sazişinin dirçəldilməsi cəhdi ilə bağlı olub-olmadığını sual edirlər.

Dövlət Departamentinin sözçüsü Ned Prays bu iki məsələnin bağlı olmadığını deyib və addımı “cari sanksiya gigiyenası” adlandırıb.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət idarəsi sözü gedən adların sanksiya siyahısından çıxarıldığını bildirib:

"Sanksiya siyahısından çıxarılmalar sanksiyalanmış tərəflərin davranışında və ya statusundakı dəyişikliyin nəticəsidir və Birləşmiş Ştatların sanksiyalanmış şəxsin davranışının dəyişdiyi təqdirdə sanksiyaları qaldırmağa hazır olduğunu nümayiş etdirir”.

Söhbət kimdən gedir

Məlumatda bildirilir ki, İran Milli Neft şirkətinin keçmiş direktoru Əhməd Qalebani, Honq Konq ticarət mübadiləsi şirkətinin sabiq başçısı Fərzad Bazarqan, Naftiran ticarət şirkətinin keçmiş meneceri Məhəmməd Moininin adları ABŞ sanksiya siyahılarının birindən çıxarılıb.

Nazirlik əlavə edib ki, İrana aid Sea Charming Shipping Company Limited və Aoxing Ship Management Shanghai Limited şirkətləri üzərindən də sanksiyalar qaldırılıb.

Prays deyib ki, bu, sanksiyalar sahəsində “yaxşı bir təmizlik işidir” və qarşıdan gələn aylar və illərdə çox belə tədbirlər ola bilər.

Amerikalılar Vyana danışıqlarına qayıdırlar

Dövlət Departamentinin sözçüsü bunu da bildirib ki, ABŞ nümayəndə heyəti Vyanada davam edən danışıqların 6-cı raunduna qatılmaq üçün həftəsonu Avstriyaya səfər edəcək.

Bu danışıqlar ABŞ-ı və İranı 2015-ci il nüvə sazişinin şərtlərinə qaytarmalıdır.

Sözçü əlavə edib ki, danışıqların bundan əvvəl keçirilmiş 5 raundunda “tərəqqi” əldə olunub, lakin tərəflər arasında “bəzi məsələlərdə” fikir ayrılıqları qalır.

Vyanada keçirilən danışıqlarda 2015-ci il sazişinin tərəfləri olan ölkələr – Britaniya, Almaniya, Fransa, Rusiya və Çin iştirak edirlər.

ABŞ və İran nümayəndə heyətləri üzbəüz görüşməsə də, onların müzakirəsinə Avropa İttifaqı vasitəçilik edir.

Prays deyib ki, danışıqlar İran tərəfində bu sazişin şərtlərinə qayıtmaq üçün hansı addımları atmalı olduğuna dair təsəvvür yaradıb.

Sözçü bunu da bildirib ki, ABŞ tərəfi Tehran üzərindəki sanksiyalardan hansının 2015-ci il sazişinə zidd olduğunu nəzərdən keçirir.

Praysın sözlərinə görə Vaşinqtonun fikrincə, “İranın nüvə proqramının məhdudlaşdırılması üçün ən effektiv və yeganə dayanıqlı vasitə müttəfiqlərin bu məsələdə prinsipial diplomatiyasıdır”.

Sözçü bildirib ki, son məqsəd İranın nüvə silahı əldə etmək imkanından birdəfəlik məhrum edilməsidir.

XS
SM
MD
LG