Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:49

Akif Çovdarov: 'Agenturayla bağlı ad çəksəm...'


Akif Çovdarovun məhkəməsi. Foto illüstrasiya
Akif Çovdarovun məhkəməsi. Foto illüstrasiya

MTN generalı, keçmiş nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarov son günlərin əsas müzakirə mövzularından biri olan agentlər məsələsinə münasibət bildirib. Çovdarov mayın 15-də öz məhkəməsində deyib ki, o, agentura ilə bağlı adlar çəksə, vətəndaş müharibəsi ola bilər. MTN generalı agentlərin adlarının ittiham aktında açıq şəkildə yazılmasına etiraz edib, hətta bunun dövlətçiliyə zidd addım olduğunu söyləyib.

A.Çovdarov, eləcə də MTN-də onun rəhbərlik etdiyi idarədə tabeliyində işləmiş daha üç nəfərin – Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun işinə Bakı Hərbi Məhkəməsinin hakimlər kollegiyası baxır. Amma proses Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.

***Buna da bax-MTN-nin agenturaya ayırdığı pullar

Çovdarovgilin məhkəməsinə yenə də jurnalistləri buraxmırlar. Ona görə də, AzadlıqRadiosu mayın 15-də MTN-çilərin məhkəməsində baş verənlərdən onların vəkilləri vasitəsilə xəbər tutub.

VƏKİLSİZ DƏ BAXILA BİLƏR

Həbsdə olan polkovnik Səlim Məmmədovun vəkili Cavid Rzazadənin üzərində cərrahiyyə əməliyyatı aparıldığına görə o, xeyli vaxtdır ki, məhkəməyə gələ bilmir. Mayın 15-də də vəkil gəlməyib. Dövlət ittihamçısı təklif edib ki, vəkil 10 gündən artıq prosesdə iştirak etmirsə, ona yeni müdafiəçi təyin edilməlidir. Prokuror hesab edir ki, cinayət işindəki bəzi epizodların S.Məmmədova aidiyyəti olmadığından, həmin məsələlərə hətta onun vəkilinin iştirakı olmadan da baxıla bilər.

MTN işi
MTN işi

Amma vəkillər buna etiraz ediblər. Çovdarovun vəkili Kamandar Nəsibovun sözlərinə görə, müdafiəçilər məhkəmədə deyiblər ki, bu epizodların S.Məmmədova aidiyyəti yoxdursa belə, «mütəşəkkil dəstə» ittihamı verilib.

K.Nəsibov özü isə deyib ki, prokuror həmin epizodlar üzrə S.Məmmədova ittihamlardan imtina edərsə, bu halda işə onun təklif etdiyi şəkildə baxıla bilər.

***Buna da bax-MTN polkovniki: 'Şeytan maşını işə düşüb, daha dözə bilmirəm...'

Vəkillər onu da bildiriblər ki, əgər yeni müdafiəçi təyin olunsa, o da iş materialları ilə tanış olmaq üçün məhkəmədən, azı, iki həftə vaxt istəyəcək, nəticədə proses yenə uzanacaq.

S.Məmmədov özü də prokurorun yeni vəkil təklifinə etiraz edib, onun hüquqlarını C.Rzazadənin müdafiə etməsini istəyib.

«MƏN DANIŞSAM, VƏTƏNDAŞ MÜHARİBƏSİ OLAR»

K.Nəsibovun sözlərinə görə, daha sonra Akif Çovdarov da çıxış edib və bunları deyib: «Mən, əslində, bu məsələ ilə bağlı nəsə demək istəmirəm. Sonra mətbuatda yazacaqlar ki, Cavidi mənim adamlarım döyüb bu hala salıb. Axır vaxtlar agentlər haqda çox yazırlar. Deyim ki, mərhum Elçin Behbudov haqda yazılanlar yalandır. Prokurorluq və digər orqanlar birlikdə yığışsalar, Elçin Behbudovun Azərbaycan dövləti üçün etdiklərinin 10 faizini etməyiblər. Məhkəmə proseslərindən kim nə gəldi yazır. Mən agentura ilə bağlı adlar çəksəm, nə olacaq? Mən danışsam, ad çəksəm, vətəndaş müharibəsi olar. Hazırda yüksək vəzifə tutan məmurlarla bağlı açıqlamalar verilsə, nə olacaq? İstintaqı aparan orqanın agentlərlə bağlı məlumatları ittihamda qeyd etməsi, ad çəkməsi dövlətçiliyə ziddir. Bundan sonra hansı şəxs dövlət orqanları ilə əməkdaşlıq edər?».

Məhkəmə prokurorun təklifini qəbul etməyib və vəkil C.Rzazadə sağalana qədər məhkəmə təxirə salınıb.

Çovdarov və daha üç nəfərin məhkəməsi mayın 24-də davam edəcək.

XATIRLATMA

Akif Çovdarov 2015-ci il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib. Hazırda 19 nəfər həbsdədir.

A.Çovdarova və onunla birgə hakim önünə çıxarılanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG