Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:07

Şəmkirin keçmiş icra başçısına 11 il 6 ay həbs


Alimpaşa Məmmədov
Alimpaşa Məmmədov

Şəmkir rayonunun keçmiş icra başçısı, 3 ildən çoxdur həbsdə olan Alimpaşa Məmmədova 11 il 6 ay həbs cəzası kəsilib.

İyunun 24-də Gəncə Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Bu hökmlə həmçinin, keçmiş icra başçısının yaxınlarına məxsus bir sıra daşınmaz əmlaklar, o cümlədən Bakıda - "Sipark" yaşayış kompleksində yerləşən mənzillər müsadirə olunub. Məhkəmə belə nəticəyə gəlib ki, sözügedən mənzillər 2018-ci ilin avqustunda rüşvət kimi alınıb. İstintaq dövründə evlərin ümumi dəyəri 677 min manat qiymətləndirilib.

A.Məmmədovun tutulandan sonra üzərinə həbs qoyulmuş bir sıra müəssisələr isə məhkəmə prosesi davam edən ilyarım ərzində onun ailəsindən alınıb. Onların arasında "Abad Şəmkir" MMC qida məhsulları istehsal zavodu, "AzFarel" MMC balıq yetişdirmə və emalı müəssisəsi də var. Bu müəssisələrin ümumi dəyəri 10 milyon manata yaxın qiymətləndirilib.

A.Məmmədova külli miqdarda mənimsəmə, cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma və rüşvətalma kimi ittihamlar verilib. Cinayət işində ümumilikdə 7 milyon manata yaxın mənimsəmə və rüşvətdən söhbət gedir.

İddia olunur ki, keçmiş icra başçısı yeyinti və rüşvətdən əldə etdiyi milyonlarla vəsaitin bir hissəsini 2017-ci ilin avqustunda oğlu Adil Adilzadənin adına "AzFarel" MMC-nin yaradılmasına xərcləyib. Bu üzdən A.Məmmədova həm də cinayət yoluyla əldə olunan vəsaitlərin leqallaşdırılması ittihamı verilib.

Müsadirə olunan pullar dövlət büdcəsinə qayıdırmı?
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

Bələdiyyədən başçının oğluna 180 manatlıq satış...

Cinayət işinin materiallarında həmçinin, Şəmkirdə bələdiyyələrin tabeliyində olan bir neçə müəssisənin A.Məmmədovun oğlu A.Adilzadənin adına keçirilməsindən bəhs edilir. İttihama görə, milyonlarla dəyəri olan müəssisələr çox kiçik məbləğlərə icra başçısının oğluna satılıb. Məsələn, "Abad Şəmkir" MMC 2016-cı ildə Şəmkir şəhər bələdiyyəsinin təsisçiliyi ilə yaradılıb. Rəsmi sənədlərə görə, sonradan bələdiyyə bu müəssisənin bütün payını icra başçısının oğluna satıb. Satış qiyməti isə cəmi 180 manat olub.

"Çinarlı qəsəbə" MMC-nin Çinarlı bələdiyyəsinə məxsus 3.3 milyonluq paylarının isə icra başçısının göstərişi ilə "Şəmkir səbəti" MMC-yə cəmi 40 manata satıldığı iddia olunur. "Şəmkir səbəti"nin də rəsmi təsisçilərinin icra başçısının oğlu A.Adilzadə, köməkçisi Mahir Əliyev və Orxan Məmmədli olduğu bildirilir.

Keçmiş icra başçısı özünü təqsirli bilir, amma...

Alimpaşa Məmmədov özünü ümumən təqsirli bilib. Məhkəmədə də deyib ki, qanunsuz əməllərə yol verib. Lakin vurğulayıb ki, əldə etdiyi vəsaitlərlə Şəmkirdə əhali üçün yeni iş yerləri açıb, Qarabağ müharibəsində həlak olan, sağlamlığını itirənlərin özlərinə, ailələrinə yardım göstərilib: "İttihamlarla tamamilə razıyam, problem yoxdur. Ancaq o vəsaitləri mən şəxsi mənafeyimə xərcləməmişəm. İttihamda cinayət yoluyla əldə edildiyi göstərilən vəsaitlər rayonun idarəçiliyində istifadə olunub".

Keçmiş icra başçısı son sözündə 3 ildən çoxdur həbsdə saxlandığını vurğulayaraq azadlığa buraxılmasını xahiş edib. Deyib ki, Qarabağda quruculuq işlərində iştirak etmək istəyir.

Xatırlatma

2014-2021-ci illərdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olmuş A.Məmmədov ondan öncə 3 il Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb. O, 2021-ci il aprelin 29-da Şəmkirdə icra hakimiyyətinin binasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Azərbaycanda belə həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib.

Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev 2021-ci ilin sentyabrında həbsdə koronavirusa yoluxaraq ölüb. Yevlaxın sabiq icra başçısı Qoca Səmədov 2023-cü ilin yayında vaxtından əvvəl azadlığa buraxılandan az sonra vəfat edib.

XS
SM
MD
LG