Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:30

Almaniyada çəkildiyi deyilən videoda rusiyalı aktyorlar oynayır


Almaniyada Ukraynaya dəstək nümayişi
Almaniyada Ukraynaya dəstək nümayişi

İyulun 26-da kremlyönlü sosial mediada provokativ bir video dolaşırdı. Videoda ata, ana və balaca oğlan uşağından ibarət alman ailəsinin evinə zabitlər gəlir və onların bütün əşyalarını, o cümlədən ananın sırğaları və uşağın daxılını Ukraynaya yardım adı ilə müsadirə edir.

Məmurlar ailənin divarından Ukrayna Prezidenti Volodımır Zelenskinin portretini asaraq onlara “Hayl, Zelenski!” dedirdirlər.

Bir dəqiqəlik videonun sonunda Almaniyanın 2022-ci ildən bəri Ukraynaya 22 milyard dollar yardım etdiyi bildirilir. Lap sonda isə məmurlar Almaniyanın Ukraynaya göndərdiyi müasir “Leopard” tanklarına işarə olaraq uşağın oyuncaq leopardını da müsadirə edirlər. "Əgər NATO-da özünü evində hiss edirsənsə, NATO-nu evində gözlə”, – deyə klipdə xəbərdarlıq edilir.

Video AfD-nin səhifələrində yoxdur

Videoda onu kimin hazırladığı haqda məlumat verilməsə də, Rusiyanın bəzi sosial media kanalları onun Almaniyanın ifrat sağçı “Almaniya üçün alternativ” (Alternative for Deutschland) (AfD) partiyasına aid olduğunu yazıb. Ancaq bu klip partiyanın öz saytında, yaxud sosial media səhifələrində yoxdur.

AfD AzadlıqRadiosunun məsələyə şərh verməklə bağlı xahişini dərhal cavablandırmayıb.

AzadlıqRadiosunun rus xidməti üztanıma proqramının köməyilə klipdəkilərin peşəkar rusiyalı aktyorları olduğunu müəyyən edib. Proqram klipin Rusiyada çəkildiyinə şübhə yeri qoymayıb.

Alman təhlükəsizlik əməkdaşlarından birini rusiyalı aktyor İqor Alekseyev, atanı isə rusiyalı kino aktyoru Valentin Vorobyov oynayır.

2022-ci ilin dekabrında Vorobyov Kremlin daha bir təbliğat videosunda oynamışdı. Həmin videoda Rusiya enerji daşıyıcıları olmadan Avropanın donacağı iddia edilirdi. Videonu kimin çəkdiyi qeyd olunmasa da, onu da sosial mediada xeyli paylaşmışdılar.

Ana və oğul

Videoda ana rolunu aktrisa Yulia Konyuxova canlandırır.

Konyuxovanın “Instagram” səhifəsində indi artıq silinmiş postda klipin Rusiyanın dövlət kanalı olan RT tərəfindən çəkildiyi deyilirdi. Eyni postda Konyuxova klipdəki uşağı onun oğlu Svyatoslavın oynadığını da yazmışdı.

AzadlıqRadiosu Konyuxovaya post haqda sual verəndə o əvvəlcə həmin hesabın ona aid olduğunu inkar edib, sonra isə ümumiyyətlə mesajlara cavab verməyib.

Almaniya təhlükəsizlik məmurlarının başçısını rusiyalı aktrisa Yuliya Mandriko oynayır.

Video bir alman evinin görüntüləndiyi foto ilə başlayır. 2017-ci ildə çəkilmiş bu foto kommersiya məqsədləri ilə istifadəyə açıqdır.

Videonu paylaşanlar arasında Prezident Vladimir Putinin İctimai Şurasının üzvü Armen Qasparyan, RT-nin rusdilli xidməti və “RuTube” rus video platformasındakı “RuNews24” kanalı da olub. Sonuncu videonun AfD tərəfindən hazırlandığını da iddia edib.

Kremlin təbliğat materialları

Kremlyönlü “Komsomolskaya Pravda” qəzetinin hərbi müxbiri Aleksandr Kots videonu “Telegram”da paylaşaraq onu “informasiya müharibəsində əla çəkiliş” adlandırıb.

Videonun tərzi və tonu Kremlin son illərdə hazırladığı digər təbliğat materiallarına çox bənzəyir. 2018-ci ilin mart prezident seçkiləri ərəfəsində mənbəyi göstərilməyən açıq-aşkar homofob video paylaşılmışdı. Videoda səsverməyə getməyən kişi yuxusunda görür ki, yeni qanun qəbul olunub və bundan sonra bütün ailələr geyləri öz öhdələrinə götürməlidirlər.

2020-ci ildə Putin konstitusiya dəyişikliyini qəbul etdirmək üçün referendum keçirəndə də eynicinsli cütlüklərin övladığa uşaq götürməsi ideyasına qarşı homofob video hazırlanmışdı. Həmin videonu iyunda hökumət əleyhinə üsyana başçılıq etməsi ilə gündəmə gələn Vaqner qrupunun rəhbəri Yevgeni Priqojinin nəzarətində olan Federal Xəbər Agentliyi (FAN) çəkmişdi.

XS
SM
MD
LG