Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:12

Müsahibə: ‘Putin müasir Rusiyanı dağıdır’


​​​​​​​Ənn Əpplbaum, 2017-ci il
​​​​​​​Ənn Əpplbaum, 2017-ci il

Ənn Əpplbaum (Anne Applebaum) amerikalı yazıçı, Pulitzer mükafatı laureatıdır. O, Rusiya və Sovet İttifaqı haqda bir neçə kitabın, o cümlədən “Red Famine: Stalin's War on Ukraine” (“Qırmızı aclıq: Stalinin Ukraynaya qarşı müharibəsi”) kitabının müəllifidir.

Bu yaxınlarda AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində Əpplbaum Qərbin Ukraynaya yardım məsələsində qətiyyətinin güclü olduğunu, Co Bayden (Joe Biden) administrasiyasının "bunun uzunmüddətli müharibə olacağı fikrini” qəbul etdiyini deyib. Əpplebaum eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin “müasir Rusiyanı dağıtması” ilə xatırlanacağını proqnozlaşdırır.

“Hər hansı ciddi bir çat yoxdur”

“…Ən mühüm Avropa ölkələrinin hamısı və Şimali Amerikanın NATO üzvü olan hər iki ölkəsi müharibənin qələbə ilə başa çatdırılması ilə bağlı qətiyyətini qoruyub saxlamaqdadır. Bu 18 ay öncə kiminsə öngördüyü bir şey deyil. Bu ölkələrdən hər birinin içərisində müharibəyə qarşı olanlar var və bəzən onların səsi çox ucadan gəlir. Ancaq Almaniya, Fransa, İtaliya, ABŞ, Kanada, Niderland, Britaniya, Polşa, Rumıniya, İspaniyaya baxsanız, onların hamısının liderlərinin hələ də müharibəni dəstəklədiyini görərsiniz. …[Burada] hər hansı ciddi bir çat yoxdur. …Dediyim kimi, Fransa, Almaniya, ABŞ siyasətinin içində opponentlər var və onlardan hər hansı birinin seçkidə qalib gəlməsi ilə vəziyyət dəyişə bilər. Ancaq hazırda, ABŞ-dakı növbəti son dərəcə mühüm seçki ərəfəsində bunun baş verəcəyi görünmür.

…Polşada növbəti seçkidə uduzacağından çox narahat olan bir hökumət var. Polşada isə seçkilər oktyabrdadır. Qalib partiya Ukraynaya yardımı dəstəkləyəcək, – çünki Polşada bütün siyasi partiyalar bunu dəstəkləyir – amma hakim partiya millətçidir və onun Ukraynaya skeptik yanaşan bəzi seçiciləri var. Köhnə Polşa-Ukrayna münaqişələri ilə bağlı xeyli təbliğat gedir. Ukrayna qaçqınları ilə bağlı müəyyən yorğunluq da var. Bunların bəziləri sosial mediada şişirdilir və mən şübhələnirəm ki, bunu ruslar və ya bəlkə Polşa siyasətinin özünün daxilindəki digər [qüvvələr] edir. Ona görə də Polşa-Ukrayna münasibətlərində müəyyən ziddiyyət var. Ancaq bunun ümumi mənzərəni dəyişdiyini düşünmürəm. Bunun Polşanın Ukraynaya dəstəyini dəyişdiyini də düşünmürəm. [Ukraynaya dəstək] Polşada çoxluğun baxış bucağıdır”, – o deyir.

“Putinə təzyiq etmək nə zaman mümkün olacaq?”

“Əgər F-16-lar bir il sonra deyil, …indi ukraynalıların əlində olsaydı, bu yay əkshücum zamanı böyük fərq yaradardı. Ancaq Bayden administrasiyasının [dəstəyi] davam etdirəcəyinə heç bir şübhə etmirəm. …ABŞ-da seçki kampaniyasının işləri mürəkkəbləşdirəcəyi təhlükəsi var. ABŞ-da Respublikaçılar partiyasının bir hissəsi müharibəni dəstəkləmir və müharibəyə qarşı kampaniya apara bilər. Bunun kampaniyada mühüm məqamlardan biri olub-olmayacağını bilmirəm, amma ola bilər. Ancaq …o vaxta qədər hələ altı ay-bir il vaxtımız var və bu …çox uzun vaxtdır.

…Priqojinin başçılıq etdiyi üsyan maraqlı bir məqamı göstərdi ki, Rusiyanın təhlükəsizlik aparatının bir hissəsi artıq müharibənin döyüşməyə dəymədiyini düşünür. Priqojinin Rostovdan Moskvaya doğru yola düşməzdən əvvəl nə dediyini xatırlayırsınızmı? O dedi ki, bu müharibə yanlış iddialar uğrunda aparılır. Bu, korrupsiya uğrunda müharibədir. Rusiyalı oliqarxlar bunu öz tamahları üçün istəmişdilər. Onlar Ukrayna şirkətlərini ələ keçirmək, bundan qazanc əldə etmək istəyirdilər. Bu isə müharibə deyil. Belə bir şeyə görə insanların həyatını qurban verməyə dəyməz. Əgər o bunu deyibsə, deməli sözsüz ki, belə düşünənlər var.

Elitanın, təhlükəsizlik aparatının …bir hissəsi müharibəni vaxt itkisi və diqqət yayındırması hesab edir. Sual budur ki, bu say nə zaman müharibəni tam dayandırmağa kifayət edəcək. Putinə təzyiq etmək nə zaman mümkün olacaq? Görmədiyimiz o qədər şey var ki, proqnoz verməyə tərəddüd edirəm. Bu elə bir şeydir ki, sabah da baş verə bilər, üç aydan sonra da, altı aydan sonra da. Ancaq bunun baş verəcəyinə çox inanıram. Çünki əlbəttə, bu müharibə Ukrayna və müttəfiqləri üçün nəhəng yükdür, ancaq Rusiya üçün də nəhəng yükdür. Rusiyanın resurslarının nəhəng hissəsi indi müharibəyə xərclənir. Yəni, az qala, sovet dövründəki kimi. İnanıram ki, ölkənin bir hissəsi bunu istəmir, onlara bu lazım deyil və bunu dayandırmaq istəyəcək”, – yazıçı deyir.

“Priqojinin karyerası bitməyib”

Əpplbaum hesab edir ki, Priqojin özünü Rusiyanın gələcək lideri kimi görür. “Onu da düşünürəm ki, Priqojinin karyerası bitməyib. Görünür, Vaqner qrupu, xüsusən də Afrikada,… Rusiyanın xarici siyasəti üçün böyük əhəmiyyət daşıyır. Priqojinin Moskvadakı dəstəyinin maliyyə səbəbləri də ola bilər. Xatırladım ki, onun Afrikadakı fəaliyyətlərinin bir hissəsi mədənlərin və təbii sərvətlərin istismarıdır. Afrikadan Moskvaya gedən və [müəyyən adamların] kəsilməsini istəmədiyi birbaşa maliyyə xətti olmuş ola bilər. Onun müəyyən loyallığa və müəyyən dəstəyə malik olduğu aydındır. Yoxsa o hələ də sağ olmazdı. Ona görə onun Rusiyanın gələcəyində rol oynayacağı versiyasının yanlış olduğunu düşünmürəm.

…Mən sülhü ancaq bir cür görə bilirəm: O, Rusiyada siyasi dəyişikliyi əks etdirməlidir. Başqa sözlə, rusiyalılar anlamalıdırlar ki, müharibə səhv addım idi. Anlamalıdırlar ki, Ukrayna ayrıca ölkədir. O, Rusiyanın tərkib hissəsi olmayacaq. Nə indi, nə də heç vaxt. Sonra onlar Ukraynanın işğal etdikləri bütün, yaxud əksər ərazilərindən çıxmalıdırlar. …Mən Ukraynanın sərhədlərinin sonucda necə olacağı haqda mübahisə etməyəcəyəm. Ancaq Ukraynanın mövqeyi budur ki, onun yalnız bir cür sərhədləri var, o da 1991-ci ildə razılaşdırılmış beynəlxalq sərhədləridir. Buna görə də rusiyalılar çıxmalı olacaqlar və biz onların törətdikləri dağıntının [əvəzini ödəməsinin] yollarını tapmalı olacağıq.

Hər hansı başqa ssenari daimi sülhün resepti deyil, müəyyən …müvəqqəti atəşkəs, vəziyyəti indiki kimi saxlayan bir şeydir. Bu, gələcək müharibənin resepti [olardı]. 2014-cü ildə də bu baş vermişdi. Başqa sözlə, xətt çəkilmişdi, danışıqlar var idi, ancaq rusiyalılar heç vaxt demədilər ki, “Yaxşı, daha bəsdir. Bu bizim istədiyimiz ərazilərin hamısıdır və biz evə gedirik”. …Belə bir şey olsaydı, …müharibə bitərdi. Ona görə də bu davam etdikcə müharibə bitməyib”, – Əpplbaum bildirir.

“Tarixi qaliblər yazır”

Yazıçı hesab edir ki, baş verənlərin tarix kitablarına necə düşəcəyi kimin qalib olmasından asılıdır: “Çünki bildiyiniz kimi tarixi qaliblər yazır. Ancaq məncə, Putinin öz ölkəsini dağıtmış adam kimi yadda qalacağı şübhəsizdir. Ukraynaya, Gürcüstana, Çeçenistana, Suriyaya etdiklərindən savayı, o, Rusiyanın özündə yaşayış standartlarını, azadlıqları və mədəniyyəti zəiflətmiş adamdır. O, adi rusiyalıların rifahı haqda düşünmür…

O, Rusiyanın infrastruktur, sənət, ədəbiyyat, yaxud başqa sahələrdəki nailiyyətləri ilə maraqlanmır. O, rusiyalıları yoxsullaşdırıb. O, məncə, əksər rusiyalıların geridə qaldığını düşündükləri diktatura formasını geri gətirib. …Putinin prezident olduğu ilk on ildə onun rejimində azadlıq elementləri var idi. Bu, totalitar dövlət deyildi. Sovet dövründən bilinən düşüncə polisi, düşüncəyə nəzarət yox idi. O …bunları geri gətirir. O təkcə fərqli düşüncəni deyil, bütün siyasəti, bütün yaradıcı düşüncəni, bütün mədəniyyəti, bütün fəaliyyəti, müstəqil olan hər şeyi məhv edir. Onun əslində elədiyi müasir Rusiyanı dağıtmaqdır. Məncə o ümumən elə bunlara görə xatırlanacaq”, – Əpplbaum deyir.

XS
SM
MD
LG