Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:17

Aqil Hümbətov: 'Mənə sakitləşdirici dərman verirlər'


A.Hümbətov
A.Hümbətov

Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasına salınan AXCP fəalı Aqil Hümbətov aprelin 8-də ailəsiylə telefonla əlaqə saxlayıb. Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Aygün Hümbətova məlumat verib.

A.Hümbətova deyir ki, həyat yoldaşı aprelin 2-də xəstəxanaya aparılandan bu yana ondan heç bir məlumat ala bilmirdi. Ona görə də aprelin 8-də "Facebook"da canlı yayım vasitəsilə bundan şikayətlənib: "Zəng eləyirəm xəstəxanaya, heç bir məlumat ala bilmirəm. Bilmək istəyirəm ki, orada hansı vəziyyətdədir. Heç olmasa, həkimlə də olsa, danışa bilmirəm".

Onun sözlərinə görə, sosial şəbəkələrdəki müraciətindən az sonra A.Hümbətov zəng edib: "Həkimin telefonuyla zəng eləmişdi. Halbuki, həmin həkimlə neçə dəfə danışmaq istəmişdim, danışmamışdı. Dedi ki, "narahat olmayın, yaxşıyam, amma mənə sakitləşdirici dərman verirlər". Dərmanın adını bilmirdi. Dedi, gələn dəfə öyrənib deyəcək. Ona deyiblər ki, bəlkə bir ay sonra buraxarlar".

"Bələdiyyədən gəlib o resepti apardılar, dedilər, alıb gətirərik"

Ailə vəziyyətinin ağır olduğunu, üç uşağından birinin xəstəliyə görə təcili müalicəyə ehtiyacı olduğunu vurğulayan A.Hümbətovanın sözlərinə görə, həyat yoldaşı xəstəxanaya salınandan sonra evində dözülməz durum yaranıb: "Üç körpə uşaqdır, qoyub çıxa da bilmirəm. Bizdə içməli su da yoxdur, Aqil gedib daşıyıb gətirirdi. Uşaq xəstədir, dünən həkim resept yazıb dedi ki, müalicəni saxlamaq olmaz. Bugün bələdiyyədən gəlib o resepti apardılar, dedilər, alıb gətirərik. Aqil problemin içində boğulurdu, yazıq kartonları kəsib verirdi, evinə bir parça çörək gətirirdi. Nə istəyirdi, uşaqpulu tələb edirdi, buna görə adamı dəlixanaya salarlar?!".

A.Hümbətov aprelin 2-də AzadlıqRadiosuna bildirmişdi ki, onun psixi durumunda problem yoxdur. Sosial şəbəkələrdə ailəsinin maddi durumunun ağırlığı barədə paylaşımları, prezident İlham Əliyevin ünvanına tənqidi fikirləri və ondan uşaqpulu tələblərinə görə xəstəxanaya salıblar.

Səhiyyə Nazirliyindən AzadlıqRadiosuna bildirilmişdi ki, A.Hümbətovun psixi xəstəliyi olmadığı halda, zorla ora salınması haqda söylədikləri həqiqətəuyğun deyil.

"Aqil Hümbətov xəstəxanaya məhkəmə qərarına əsasən, polis müşayiəti ilə Təcili Tibbi Yardım avtomobilində gətirilib", - xəstəxananın baş həkimi Ağahəsən Rəsulov belə deyib.

Vəkil Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, A.Hümbətovun məcburi müalicəyə göndərilməsi barədə məhkəmə qərarından şikayət veriləcək: "Hələ qətnaməni ala bilməmişəm. Alan kimi apellyasiya şikayəti verəcəyik".

Xatırlatma

A.Hümbətov bundan öncə martın 29-da 1 saylı Psixiatriya Xəstəxanasına salınsa da, üç gün sonra buraxılmışdı. Həmin gün Sabunçu rayon Məhkəməsi onun iradəsinə zidd müalicəyə cəlb olunması barədə xəstəxananın baş həkiminin ərizəsinə baxaraq, təmin olunmaması haqda qərar çıxarmışdı.

Küçələrdən plastik qablar, karton və s. tullantılar toplayıb təhvil verməklə məşğul olan A.Hümbətova ötən ilin martında da 30-günlük inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır, həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

A.Hümbətov bu il martın 29-da canlı yayımda da uşaqlarının aclıqdan əziyyət çəkdiyini, övladı xəstə olduğu halda, onun müalicəsinə pul tapa bilmədiyini vurğulayaraq bütün bunlara görə prezident və komandasını tənqid etmişdi.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin tənqidi fikirlərinə görə təqib olunmadığını iddia edir.

XS
SM
MD
LG