Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:29

Armen Qriqoryan: Ermənistan və Azərbaycan arasında yeni eskalasiya Bakıdan çox Moskvadan asılıdır


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə eskalasiya Azərbaycandan daha çox Rusiyadan asılıdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu aprelin 5-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Bundan bir neçə gün əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Rusiya telekanalına müsahibəsində demişdi ki, Ermənistan və Azərbaycan arasında yeni eskalasiya Ermənistanın Avropa İttifaqı və ABŞ-ın regiondakı vəziyyətə müdaxilə etməsinə nə dərəcədə imkan verməsindən asılı olacaq.

"...bu, olduqca narahatedicidir"

Armen Qriqoryan Zaxarovanın bu bəyanatını şərh edərkən deyib:

"Bu o deməkdir ki, eskalasiya Azərbaycandan daha çox Rusiyadan asılıdır. Bu bəyanatdan yalnız bu nəticəni çıxarmaq olar və bu, olduqca narahatedicidir”.

Bununla belə Moskva Ermənistan hakimiyyətini sərt tənqid və ittiham etməsinə baxmayaraq Yerevana “yığılıb qalmış” məsələlərin həlli üçün dialoq təklif edib.

Lakin Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib ki, Rusiya XİN-in bəzi nümayəndələrinin bəyanatları dialoq atmosferinin yaranmasına xidmət etmir.

Kostanyan əlavə edib ki, rəsmən Ermənistanın müttəfiqi sayılan Rusiya Yerevanın həyati maraqlarına ziyan vuran addım və bəyanatlardan çəkinməlidir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG