Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:13

Fermer: 'Qadınlarımız dizə qədər soyuq suya girib işləməli olurlar'


Çəltik sahələri
Çəltik sahələri

Fermer Mehman Quliyev deyir ki, 30 ildir Astara rayonunda çəltik əkir. Onun rayonun Artupa kəndində çəltik dəyirmanı da var. O, əlavə edir ki, ötən ilə nisbətən bu il məhsuldarlıq yüksəkdir: "Kəndin əkin sahəsi çəltik əkininə yararlıdır. Torpaqlar çökək yerdə yerləşir. Suyu Astaraçaydan alırıq. Çay İranla sərhəddə yerləşir. Suyun yarısını biz istifadə edirik, yarısını iranlılar. Bu il bir neçə dəfə güclü yağışlar yağdı. Quraqlıq olmadı. Quraqlıq olanda çayda su azalırdı. Əziyyət çəkirdik".

"150 ailə çəltiklə dolanır"

Onun deməsinə görə, kənd sakinlərinin əsas məşğuliyyəti çəltikçilik və heyvandarlıqdır: "Kənd sakinləri bu il 100 hektarda çəltik əkiblər. 150 ailə çəltiklə dolanır. Özüm də bir hektarda çəltik əkmişəm, altı ton çəltik götürmüşəm. İndi məhsul tədarükü gedir. Dəyirman gündə 10 ton çəltik qəbul edir. Məhsulun müəyyən faizini götürürük. İndi çəltik əkini çox xərc istəyir. Toxum da, dərmanlar da bahadır".

Dəyirmanda iş gedir. Fasiləsiz məhsul gətirilir. Quliyev söyləyir ki, satışda problem yoxdur: "Növlərindən asılı olaraq hər qiymətə düyü var. Azərbaycanın hər yerindən düyü almağa gəlirlər. Biz düyünü təbii yollarla, ata-baba qaydası ilə yetişdiririk. Demək olar ki, gübrədən istifadə olunmur. Əvvəllər xarici ölkələrdən də buraya düyü almağa gələrdilər".

M.Quliyev
M.Quliyev

"Elə kənd sakini var ki, torpağı əkməyə vəsaiti yoxdur"

M.Quliyevin deməsinə görə, problemlər aradan qalxsa daha çox çəltik əkmək olar. O hesab edir ki, nəticədə kənddə işsizlərin sayı azalar, Bakıya, xarici ölkələrə köç etməzlər: "Torpağın hər sotunu 4 manata sürürlər. Bu işi hökumət üzərinə götürsə, çəltik əkənlərin sayı artar. Elə kənd sakini var ki, torpağı əkməyə vəsaiti yoxdur. Əkilməmiş torpaqlar var. Biz təklif vermişik ki, əkilməmiş yerləri hökumət icarəyə götürsün. Bu torpaqları çəltik əkmək istəyənlərə pulsuz versinlər. Çəltikçilikdə güclü iş getsə, ölkəmiz düyü idxalından azad olar".

Çəltik əkini, əsasən, əl əməyi ilə həyata keçirilir

Onun deməsinə görə, çəltik əkini, əsasən, əl əməyi ilə həyata keçirilir: "100 il bundan əvvəl necə çəltik əkirdilərsə, indi də elə əkirik. Qadınlarımız, qızlarımız may ayında dizə qədər soyuq suyun içinə girib işləməli olurlar. Əvvəlki illərdən fərq bundadır ki, traktor yeri şumlayır, kombayn məhsulu yığır. Qalan işlər əl ilə görülür".

Dəyirmanda iş gedir
Dəyirmanda iş gedir

"Bizə minitraktorlar lazımdır"

Fermerin sözlərinə görə, problemlərin həlli ilə bağlı dəfələrlə təkliflər veriblər: "Bizə minitraktorlar lazımdır. Pulunu tədricən verərik. Dərman bahadır. Toxum məsələsi həmişə bizi narahat edir. Bunun üçün laboratoriya olmalıdır. Əvvəllər İranın qapısı açıq idi, toxumu oradan gətirirdik. İndi yoxdur. Məhsuldarlıq toxumun keyfiyyətindən asılıdır". (Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin yazından Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb)

"Hər kəsdə çıxarış yoxdur"

Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltik becərilən sahənin hər hektarına görə fermerlərə əmsaldan asılı olaraq 360 manat əkin subsidiyası verilir. M.Quliyev isə deyir ki, subsidiya şəkilində çəltikçilərə edilən yardımı heç də hər kəs ala bilmir: "Kəndçi üçün 1 manat da puldur. Subsidiya almaq üçün torpağa çıxarış tələb edirlər. Hər kəsdə çıxarış yoxdur. Çıxarışı əldə etmək üçün rüsum ödənməlidir. Kənd təsərrüfatı idarəsinə hərtərəfli demişik".

Hazır düyü qablaşdırılır
Hazır düyü qablaşdırılır

Bütün bu deyilənlərə Astara rayon Kənd Təsərrüfatı İdarəsindən münasibət ala bilmədik. Amma bundan əvvəl idarədən bildirmişdilər ki, subsidiya ala bilməyənlər, əsasən, torpaqları icarəyə götürənlərdir. İdarədən həmçinin bildirildiyinə görə, sənədləşmə düzgün aparılmayanda subsidiya almaq olmur.

Qurumdan o da əlavə edilmişdi ki, ölkədə texnika kifayət qədər var.

Bu il Astara rayonunda 200 hektardan çox sahədə çəltik əkini aparılıb.

Çəltikçiliyin inkişafı ilə bağlı Azərbaycanda 2018-2025-ci illər üçün Dövlət proqramı qəbul edilib. Statistik məlumata görə, son bir ildə ölkədə çəltik istehsalı artıb. 2022-ci ildə Azərbaycanda 11.6 min ton çəltik tədarük edildiyi bildirilib. Bir il əvvəl ilə müqayisədə bunun 848 ton daha çox olduğu deyilir.

Astarada çəltik hələ də əl əməyidir - texnika yoxdur
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

XS
SM
MD
LG