Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:05

İranla sərhəddə yeni və köhnə keçid məntəqələrində gördüklərimiz


Yeni sərhəd-keçid məntəqəsi
Yeni sərhəd-keçid məntəqəsi

Ötən ilin dekabrın 30-da Azərbaycanla İran arasında yeni sərhəd-keçid məntəqəsi fəaliyyətə başlayıb. Məntəqə Astara rayonunun Məsçitməhəllə kəndinin ərazisində yerləşir. Orada, əsasən, İrana keçmək istəyən Rusiya yük maşınlarını gördük. "İpək yolu" birbaşa İrana gedir. Yolda növbəyə durmuş sürücülərdən biri deyir ki, İrandan, əsasən, kənd təsərrüfatı məhsulları və mal yemi daşıyırlar: "Problem ondadır ki, yük azdır. Mən sifarişlə gəlmişəm. Mənə zəng etməlidirlər, İrana çıxmalıyam. İki gündür buradayam. Keçid bir az asanlaşıb".

Astara (Azərbaycan) rayonunun Qapıçıməhəllə kənd sakininin dediyinə görə də, yolda gecə-gündüz hərəkət var: "Evim yaxındadır. Ölkəmiz üçün yaxşıdır. Sərhəd keçid məntəqəsində işləyənlər çoxdur. Kənddə işsizlik var. Yaxşı olardi ki, kəndimizdən də orda işləyən olsun".

"Biz İrana boş gedib dolu qayıdırıq"

Köhnə sərhəd-keçid məntəqəsi ilə yeni keçid məntəqəsi arasında dörd-beş kilometr məsafə var. Köhnə məntəqə Astara şəhərinin ərazisində yerləşir. Orada Azərbaycana məxsus yük maşınları növbə gözləyirlər. Sürücülərdən biri deyir ki, İrana gedib qayıtmaq 300-400 manat pul tutur: "Biz İrana boş gedib dolu qayıdırıq. Yaxınlarda Azərbaycana toxumluq kartof gətirdim. İndi Rusiyaya naringi, portağal vurub aparacağam. Rusiya-Ukrayna müharibəsi bizi qazancdan edib. Belarusa da gedirik. İran maşınlarımızı gömrükdən öz ərazisinə buraxmır. Amma Rusiyaya məxsus yük maşınları İranın ərazisində sərbəst hərəkət edirlər. Yük daşımaq çox çətinləşib, qazanc da azalıb. Sahibkarlar yük maşınlarını satırlar".

Sərhəd-keçid məntəqəsinin piyada yolunda sakitlikdir
Sərhəd-keçid məntəqəsinin piyada yolunda sakitlikdir

"Kreditlə maşın götürənlər borca düşdülər"

Piyada keçidində sakitlikdir. Az sayda taksilər dayanıb. Taksi sürücüsü deyir ki, quru sərhədlərin bağlanması onların ziyanınadır: "Astara- Bakı marşrutu ilə işləyirik. Piyada keçidi işlədiyi vaxt yüzədək rayon sakini kreditlə minik maşını götürmüşdü. Sərnişindaşıma ilə məşğul idilər. Keçiddə gecə-gündüz qələbəlik var idi, qazanc pis deyildi. Qapılar bağlandı, kreditlə maşın götürənlər borca düşdülər. Gördülər ki, qazanc yoxdur, əksəriyyəti maşınını satdı, kreditini bağlamaq üçün. Quru yollar açılsa, yaxşı olar. Allaha and olsun ki, bu ay əlimə pul gəlməyib".

2020-ci ilin əvvəllərindən koronovirus pandemiyası ilə bağlı Azərbaycan qonşu ölkələrlə quru sərhədlərində gediş-gəlişi məhdudlaşdırıb. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını desə də, hələlik, bu məhdudiyyət aradan götürülməyib. Ölkə rəsmiləri bunun səbəbini ictimaiyyətə açıqlamayıb.

"Qənd, şəkər, un, düyü buraxmırlar"

Sərhədyanı ticarətlə məşğul olan mağaza sahibi də alverdən gileylənir: "İrandan nə istəyirsən sifarişlə gətirirlər. İran tacirləri ilə birbaşa əlaqə yoxdur. Malları Azərbaycan manatı və ABŞ dollar ilə alırıq. İran rialı hər dəfə ucuzlaşır. Amma bu, İrandan gətirilən malların qiymətinə o qədər də təsir etmir... Yuyucu tozlar, konfetlər, müxtəlif çeşidli sabunlar və sair yeyinti məhsulları gəlir. Qənd, şəkər, un, düyü buraxmırlar. Soya yağları da gətirmək mümkün deyil. İran tərəfi buraxmır. Ölü nöqtədəyik. Yüzlərlə adam sərhəddən dolanırdı. Gedən yox, gələn yox. Quru sərhədlər açılsa yaxşıdır".

Həsən Həşimli
Həsən Həşimli

"Sərhəd-keçid məntəqəsinin sayını artırırlar, amma..."

Astara şəhər sakini, ictimai fəal Asən Həşimlinin sözlərinə görə, quru sərhədlərin bağlanması təkcə onlara yox, İran tacirlərinə də böyük ziyan vurur: "Bizə gələn məlumatlara görə, İran Astarasında onlarla dükan sahıbi fəaliyyətini dayandırıb. Biz gedirdik ora, onlar gəlirdilər, mağazalara baş çəkirdilər. Bizimkilər İrana, əsasən, dolanışıq məqsədilə gedirdilər. Sərhədyanı ərazilərdə altı-yeddi mağaza işləyir. Amma orada 50-dən çox satış yerləri var. Yeməkxanalar bağlıdır. Qapının bağlanması əhalinin xeyrinə deyil. Sərhəd-keçid məntəqəsinin sayını artırırlar, amma quru sərhədləri açmırlar".

Astara rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Xanverdi Şirinov isə yeni açılmış Qapıçıməhəllə sərhəd-keçid məntəqəsində yerli sakinlərin də çalışdığını deyir: "Qapıçıməhəllə kəndindən yeni sərhəd-keçid məntəqəsində xadimə işləyənlər var. Məntəqədə, əsasən, alitəhsilli gömrük ixtisası olanlar işləyir".

Yazıda səslənən fikirlərlə bağlı Dövlət Gömrük Komitəsi ilə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG