Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 21:23

Həftəlik Pensər bazarında: 'Yağ da, pendir də, şor da bahalaşıb'


Həftəlik Pensər bazarı.
Həftəlik Pensər bazarı.

Azərbaycandakı rayonların mərkəzi bazarları ilə müqayisədə Astara rayonunun həftəlik Pensər bazarında qiymətlərin əlçatan olduğu bildirilir. El arasında hətta bu bazara "kasıblar bazarı" da deyilir. Başqa bazarlarla müqayisədə orada daha çox alıcı da gözə dəyir. Satıcıların çoxu da başqa rayonlardan gəlir.

Cəlilabad rayonundan kələm gətirən İbrahim deyir ki, məhsul onundur: "Kələmi özüm əkmişəm. Yaxşı məhsul var. Məhsulu yetişdirmək bir dərd, onu satmaq ayrı dərddir. Yerə qar düşsə, zəhmətimiz hədər gedər. Ona görə bazarları gəzib məhsulu tez satmaq istəyirik. Alıcı olsa, nə var ki! Bir kiloqram kələmin mayə dəyəri 15-20 qəpiyə başa gəlir. Yola da pul gedir. Ailəmiz bununla dolanır".

"Bizi kimdir Bakı bazarlarına buraxan!"

Onun sözlərinə görə, alveri bir elə də bacarmır: "Mən məhsul yetişdirənəm, bazar adamı deyiləm. Bu gün axşama kimi burdayıq. Sabah Lənkəran bazarında olacağıq. Siz deyirsiniz ki, nə üçün Bakı bazarlarına getmirsiniz? Bizi kimdir, Bakı bazarlarına buraxan!".

Yaxınlıqda kartof satan da deyir ki, o da Cəlilabaddan gəlib. Onun sözlərinə görə, rayonda payız kartofunun tədarükünə başlayıblar: "Bir kiloqramını 70 qəpiyə verirəm. Mən kənd adamıyam. Görürəm ki, adamlar bir-iki kiloqram alırlar. O tərəfdə Lerik kartofunu satırlar, kiloqramını 90 qəpiyə. Ən ucuz yemək yenə kartofdur. Bir yumurtanı 40 qəpiyə satırlar. İki ədəd yumurtanın qiyməti bir kiloqram kartofdan çoxdur. Bazardır da... Kiminsə qazancı olur, kimsə itirir".

Bazarda qırmızı soğanın üç kiloqramı 1 manat, ağ soğanın kiloqramı 60 qəpiyə satılır. Salyan rayonundan gətirilmiş heyva isə 70-80 qəpiyədir. Pomidor 2 manata, xiyar 1 manat 80 qəpiyə təklif edilir.

"Bazar adamla doludur, amma alan azdır"

Pomidor satan deyir ki, məhsulu Salyan rayonundan gətirib: "Polietilen altında yetişdirilib. Elə də satılmır. Marketlərdə pomidorun kilosu 3 manatdan yuxarıdır. Bazar adamla doludur, amma alan azdır. Pul yoxdur. Pensiyaları veriblər, onun hesabına alış-veriş var. Ayın ortalarında alver tamam zəifləyir".

Alıcıları daha çox sitrus meyvələri, balıq, ev quşları satılan yerlərdə gördük. Bir satıcı deyir ki, hindtoyuğunu və ördəyi Cəlilabaddan gətirib: "Diri hinduşkanı 70 manata satıram. Yaxın duran yoxdur. Ördəkdən satmışam, cütünü 24 manata verirəm. Bununla dolanıram. Əslinə baxsan, hinduşka əti mal ətindən ucuz düşür. Əvvəllər baha idi. Qış ərəfəsidir. Həyətlərdə saxlanılan hinduşkaları satışa çıxardıblar ki, qışa ərzaq alsınlar".

Naringi tingləri.
Naringi tingləri.

"Gəlirlər, soruşurlar, baxırlar, gedirlər"

Bazarın yuxarı hissəsində sitrus və subtropik meyvə ağaclarının tingləri düzülüb. Tingləri yük maşınları ilə gətirənlər var. Astaranın Lovayin kəndindən olduğunu deyən satıcı da alıcıların az olmasından gileylənir: "Ting əkininin mövsümüdür. Bir də getdi gələn ilin may ayına. Baxmayın ki, burada adamlar çoxdur. Gəlirlər, soruşurlar, baxırlar, gedirlər. İkiillik naringi tingidir. Bir ədədini 1 manat 50 qəpiyə satıram. Burada bir ədədini 7-8 manata satan da var. Elə olur ki, evə gəlib 2-3 min naringi tingi aparırlar. Xərcim çıxır. Bütün ili tinglərə xidmət edirik".

O, sözlərinə fasilə verir, sonra problemlər dilə gətirir: "Evdə xəstə uşağım var, qazanc ona sərf olur. Deyirlər ki, Türkiyəyə apar. Necə aparım? Pul yoxdur. Rəsmi heç yerdə işləmirəm deyə, banklar da kredit vermirlər. Hələ pensiyaya çıxmamışam, 60-dan çox yaşım var". (Azərbaycanda kişilərdə pensiya yaşı 65-dir)

"Həyətdə meyvələr ağacda qalıb, alan yoxdur"

Sitrus meyvələri satılan yer də ayrıdır. Orada naringinin bir kiloqramı 70 qəpikdən başlayır. Limonun 10-15 ədədi 1 manatadır. Naringi satıcısı da müştərilərin qıtlığından şikayətlənir: "Həyətdə meyvələr ağacda qalıb, alan yoxdur. Əvvəl yaxşı qiymətə gedirdi. Satmaq üçün Rusiyaya aparırdıq. Müharibəyə görə dayandırmışıq, qorxuruq".

Balıq boldur, amma hər kəs ala bilmir.
Balıq boldur, amma hər kəs ala bilmir.

"Beş-altı aydır dilimizə balıq dəymir"

Balıq satılan yerdə də bolluq gözə çarpır. Bir alıcı deyir ki, bazarda balıq ucuzdur: "Yol kənarında balıq almışdım, ədədi 13 manata. Heç çəkisi bir kiloqram da deyildi. Görürəm, həmin balığı burada 6-7 manata satırlar. Beş-altı aydır dilimizə balıq dəymir".

Balıq satan isə deyir ki, son üç-dörd gündə balıq artıb.

Süd və süd məhsulları satan yerdə isə seyrəklikdir. Satıcı deyir ki, qiymətlərdə dəyişiklik var: "Bir litr süd 1 manata idi, indi olub 1 manat 50 qəpik. Kərə yağı 12 manata idi, indi olub 16 manat. Yağ da, pendir də, şor da bahalaşıb. Özüm də bunları dağ kəndlərindən alıram. Onlar baha verirlər, mən da bahalaşdırmaq məcburiyyətində qalıram. Problem bilirsiniz nədədir? Alıcı azdır".

Süd və süd məhsulları dağdan gətirilib.
Süd və süd məhsulları dağdan gətirilib.

"Adam var həyətyanı torpağını belə əkmir"

Bazarın giriş hissəsində bir çoxları kimi adının çəkilməsini istəməyən usta kənd təsərrüfatı alətlərinin satışı ilə məşğuldur. Nəvəsini də özü ilə gətirib: "Qoy öyrənsin. Oğlum ali təhsil aldı, iş tapa bilmədi, getdi Rusiyaya. Ukrayna-Rusiya müharibəsinə görə orada da çətinliklər yaranıb, qayıtmaq istəyir. Ev təsərrüfatında işlənən hər cür alət düzəldirəm. Evdə dəmirçixanam var. Pensionerəm, evə qazanc gətirirəm. Amma ildən-ilə alıcıların sayı azalır. Kənddə də görürəm ki, əkin-biçinlə məşğul olanların da sayı azalır. Elə adam var həyətyanı torpağını belə əkmir. Göyərti üçün bazara gəlir. Əl vermir, ona görə".

Bazarda gölməçə
Bazarda gölməçə

Bazarın aşağı hissəsində mağazalarda qalmış sənaye malları və geyilmiş, "ikinci əl" paltarları satılır. Yağışdan orada gölməçə yaranıb...

XS
SM
MD
LG