Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:14

Qarabağ müharibəsi veteranı: '20 ildir əlillik qrupu ala bilmirəm'


Aslan Babayevin hərbi sənədi
Aslan Babayevin hərbi sənədi

Astara rayonun Marzasəy kənd sakini, Qarabağ müharibəsinin veteranı Aslan Babayev problemləri ilə bağlı müraciət etdikləri qurumların onu ələ saldıqlarını düşünür.

Veteran deyir ki, öz hökumətindən elə də çox şey istəmir. Sadəcə, hüquqlarının bərpa olunmasına çalışır:

Buna da bax:​ 'Mən vəkil kimi məmur qapısında 3-4 saat gözləyirəmsə...'

“Bədənimdə 9 qəlpə var”

“1994-cü ildə Qarabağ döyüşündə ağır yaralanmışam. Bədənimdə 9 qəlpə var. Əlimdə tutarlı tibbi sənədlər var. 20 ildən çoxdur ki, şikayət yazıram, müxtəlif nazirliklərdə olmuşam. Əyani şəkildə xəstə olduğumu deyirlər, lakin əlillik qrupu vermək istəmirlər. Ombudsmana yazmışam...”

Astara rayonun Marzasəy kənd sakini, Qarabağ müharibəsinin veteranı Aslan Babayev
Astara rayonun Marzasəy kənd sakini, Qarabağ müharibəsinin veteranı Aslan Babayev

O, sənədlər arasında “İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Aparatı” sözləri yazılmış məktubu bizə göstərir. Məktubda yazılıb ki, şikayətlə bağlı uyğun tədbir görülməsindən ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu verilib: “Sonra yazırlar ki, nazirlikdən cavab gəlib, cavabda qanunlardan bəhs edilir... Ay ombudsman, mən özüm bir neçə dəfə bu nazirliyə müraciət etmişəm. Məni qane etməyən cavab almışam. Təzədən ora nə üçün mənim məktubumu göndərirsən? Mənim şikayətim elə bu qurumlardandır da”.

Buna da bax: Müharibə veteranının dərmanpulu sərgüzəştləri

Veteranın sözlərinə görə, şikayət etdiyi qurumların cavab məktublarında uzun-uzadı qanunlar sadalanır:

“Heç birimiz sığorta haqqı ala bilməmişik”

«Sübut etmək istəyirlər ki, mənim tələbim qanunsuzdur. Halbuki, dörd il bundan əvvəl Müdafiə Nazirliyin mərkəzi arxivindən sənədlər almışam. Həmin sənədlərdə bütün faktlar var. Özüm və 21 yaşlı oğlum hərbi xidmətdə olarkən yaralanmışıq. Oğlumun ayağının baş barmağı sıradan çıxıb, faktiki yeriyə bilmir. Heç birimiz sığorta haqqı ala bilməmişik. Oğlumla bağlı ölkə prezidentinə şikayət məktubu yazmışam. Prezident Administrasiyası məktubu öz növbəsində Müdafiə Nazirliyinə göndərib. Müdafiə Nazirliyi isə bildirir ki, “gələcəkdə səhhətində ağırlaşma əmələ gələrsə, Yusif Babazadə (Oğlu) yaşayış yeri üzrə müayinə olunmalı və göndəriş verildiyi halda əlillik vəziyyətinə yenidən baxılıb qərar qəbul edilməsi üçün müraciət etməlidir”»

Buna da bax: Qalan ömrünü qarısıyla rahat yaşamaq istəyən veteran

Şikayətçi deyir ki, 7-8 il bundan əvvəl əlillik qrupunun alınmasına ümidləri olub. Ancaq manat dəyərdən düşəndən sonra ümidlərini də itiriblər:

“Hara gedirsən, deyirlər dövlətin pulu yoxdur...”

“Hara gedirsən, deyirlər dövlətin pulu yoxdur, ona görə də imtina edirlər. Bu imtinaya qanunu don geyindirirlər. Dövlətin pulu yoxdur, mən günahkaram? Sığorta haqqımı da ala bilmirəm. 1996-ci ildən sonrakılara düşür, bizə isə yox. Məhkəməyə müraciət etdim, icraata götürmədilər. Dedilər, ‘bu məsələ ilə bağlı bir də məhkəməyə gəlmə’. Bizə münasibət yaxşı deyil. Uzun mübarizədən sonra 2014-cü ildə “veteran vəsiqəsi”ni ala bildim”.

Buna da bax:​ 'Qarabağ əlili' adlı status varmı?

Aslan Babayevin sənədləri
Aslan Babayevin sənədləri

Aslan Babayevin yaşadığı kənd rayon mərkəzindən 25-30 kilometr uzaqda yerləşir. Əsas qaz xətti yaxınlıqdan keçsə də bu kəndə təbii qaz yoxdur. İşıq da ara-sıra sönür:

“Bir aydan çoxdur ki, qaranlıqdayıq”

“Bir aydan çoxdur ki, qaranlıqdayıq. Borc yaranıb, buna görə də kəsiblər. Dedim, əlimə pul keçsə, borcu ödəyərəm. Kəsdilər. 4 baş ailənin gəliri aldığım 50 manat veteran puludur. Yaşamaq üçün 20 min borc etmişəm. Ödəyə bilmirəm. Daha heç kim borc vermir. Mağazalar da nisyə ərzaq verməkdən imtina edirlər”.

Astara Rayon İcra Hakimiyyəti aparatından isə bildirirlər ki, Qarabağ veteranlarına bütün qayğılar göstərilir.

Buna da bax:​ Çörəyi nisyə alan müharibə veteranı

Adının çəkilməsini istəməyən bir vəkilin deməsinə görə, Aslan Babayevin hərbi xidmətdə olarkən xəsarət almış oğlu Yusif Babazadəyə sığorta haqqı düşür. Vətəndaş bu barədə məhkəməyə müraciət edə bilər.

Ancaq 1996-cı ilə qədər Qarabağ döyüşlərində iştirak edərkən ölən və yaralanan şəxslərin sığorta problemi isə bir ayrı məsələdir. Belə keçmiş döyüşçülər və ya həmin vaxt həlak olanların ailə üzvləri dəfələrlə bu məsələni gündəliyə gətiriblər. Ancaq bu məsələ həllini tapmayıb.

Xatırlatma

Bundan əvvəl də bu məslə ilə bağlı həm Astara rayonunda, həm də ölkənin müxtəlif bölgələrində çoxsaylı şikayətlər eşidilib. Məsələ ilə bağlı Astara rayon İcra Hakimiyyətindən bildirdilər ki, bu işlə Dövlət Sığorta Kommersiya şirkətin rayon şöbəsi məşğul olur. Şöbədən isə deyiblər ki, sığorta haqqı 1997 ildən sonrakı dövrə şamil edilir.

Buna da bax:​ 92 yaşlı veteran Qarabağın azadlığını görmək istəyir

1997-ci ilin mayında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qəbul edilib. Bu qanunda ərazi bütövlüyü uğrunda döyüşlərdə ölən və yaralanan insanlara sığorta pulun verilməsi barədə maddə var. 2006-cı ildə həlak olanların ailələrinə verilən sığorta haqqı 11 min manata qaldırılıb. Birinci qrup Qarabağ əlilinə 8800 manat, ikinci qrupa 6600 manat, üçüncü qrupa isə 4400 manat sığorta pulu müəyyənləşdirilib.

Şikayətlərə münasibət bildirən Qarabağ Qazilər birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu isə bildirib ki, bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin qərarı olsa da pullar ödənmir. Onun söylədiyinə görə, pul ödənilərkən devalvasiya da nəzərə alınmalıdır.

Buna da bax:​ Qarabağ veteranının 3 kredit borcu var

Dövlət Sığorta Kommersiya şirkətinin rayon şöbəsindən verilən məlumata görə, Astara rayonunda bu problemlərlə üzləşən 10 nəfərdən yuxarı valideyn və Qarabağ əlili var. Ölkə üzrə isə söhbət bir neçə mindən gedir.

XS
SM
MD
LG