Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:10

Kəndlilərə bildiriş gəlib: ' Torpağı ək, yoxsa…'


Astarada əkin sahəsi
Astarada əkin sahəsi

“Əhaliyə bildiriş paylanılıb, mənə də gəlib. Tələb olunur ki, payıbəlli torpaq sahələrini əkək. Əks halda torpaq sahibi cərimə olunacaq və vergi alınacaq.”

Astara rayon Ərçivan qəsəbə sakini Vaqif Əhmədoğlu belə deyir. Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Vaqif Əhmədoğluya göndərdiyi bildirişdə yazılır:

““Vergi Məcəlləsi ”nə əsasənkənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrəistifadə olunmayan torpaqlar üzrə vergihər 100 kv metrə görə 2(iki) manat müəyyən olunmaqla hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.”

Astaranın Ərçivan kəndi, 12 mart 2017
Astaranın Ərçivan kəndi, 12 mart 2017

Cərimələr...

Həmin bildirişdə cərimələrin də tətbiq olunacağı barədə məlumat verilir:

“ Əkin yerlərinin başqa məqsədlərdə istifadə edilməsi inzibati və cinayət məsuliyyəti yaradır. Özündə böyük cərimə məbləğini nəzərdə tutur. Bütün bunlarla yanaşı torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını pozma, hətta cinayət məsuliyyətinə səbəb olur.”

İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinin 2-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslərə 500 manat, vəzifəli şəxslərə isə 1000 manat cərimə nəzərdə tutulur.

Kəndlidən nə tələb olunur?

Bildirişin sonunda isə belə yazılır:

” Qeyd olunanları nəzərə alaraq mülkiyyətinizdə olan torpaq sahələrindən düzgün, səmərəli istifadə olunması, müxtəlif növ əkin aparılması və ərzaq bolluğuna töhfə verməyiniztələb olunur. Əks təqdirdə qanunvericiliyə uyğun olaraq barənizdə tədbirlər görüləcəkdir ” deyir ki, onun 50 sotdan çox payıbəlli torpağı var, lakin yerini bilmir:

Astara, çəltik sahəsində çalışan kişi əllərini göstərir iyul , 2015
Astara, çəltik sahəsində çalışan kişi əllərini göstərir iyul , 2015

“ Dəfələrlə demişəm ki, mənə məxsus torpağın yerini göstərin, göstərmirlər. Torpaq mənə verilməyibsə mən onu necə əkə bilərəm?”

Onun deməsinə görə, bu bildirişlərdən sonra icarəyə verilən torpaqların qiyməti də ucuzlaşıb. İcarə torpaqların hər sotuna 5 manat verilirdisə, indi bu məbləğ 2 manata düşüb.

Rayonun digər sakini Akif Məmmədov isə deyir ki, payıbəlli torpağı var, lakin əlində ilkin vəsaiti olmadığına görə, əkib-becərə bilmir:

“Bizə qorxu gəlirlər, ya da torpaqlarımıza gözləri düşüb.”

“İmkansız torpaq sahibləri müvafiq orqanlara müraciət ediblər ki, əkin yerlərinin şumlanmasından ötrü onlara köməklik edilsin. Onlara bildiriblər ki, borc edin ,yeri şumlayın, əkin, mayda sizə pul verəcəyik. Bu da inandırıcı deyil. Bu qədər tərəvəz əkdik, harada satacağıq? Əhali hər hansı tərəvəz növündən çox əkəndə, qiymət maya dəyərindən aşağı düşür, qalıb sahələrdə çürüyür. Sığorta da etmirlər. Tədarük məntəqələri olsa, tələbatımızı ödəyən bazar olsa, heç kimin göstərişi lazım olmayacaq. Bilərik ki, qazanc var, əkərik. Torpağım ot altındadır. Deyirlər ot olmaz. Mənə ot sərf edir, çünki bahadır. Bizə qorxu gəlirlər, ya da torpaqlarımıza gözləri düşüb.”

Torpaq sahibi Yazoğlan Əliyev isə bildirişləri doğru sayır. Onun fikrincə ələbaxımlıqdan əl çəkmək lazımdır:

“Öyrəşmişik ələbaxımlığa”

Azərbaycan, Astara, 2015
Azərbaycan, Astara, 2015

“4 ailəyik, 1 hektar torpağımız var. Həyətyanı sahədə hər növ kənd təsərrüfatı məhsulu əkirəm. Başqalarını deyə bilmərəm, mən qazancımı götürürəm. Deyirlər ki, əkmək üçün ilkin kapital lazımdır. Bu adam zavod, fabrik tikir? Mən 10 manatdan başlamışam. İndi əlimdə də kifayət qədər vəsaitim var, üstəlik başqalarına köməklik də edirəm. Mənə ağır gəlir ki, tərəvəzi də İrandan gətiririk. Özümüzə nə gəlib? Hamı qaçır sosial yardımın dalınca. Öyrəşmişik ələbaxımlığa. Demirəm, problemlər yoxdur. Problem var deyə torpaq boşuna qalmalıdır?”

Astara rayon İcra hakimiyyəti aparatından aldığımız məlumata görə, payıbəlli torpaq sahəsi olan, lakin əkin keçirtməyənlərin hamısına xəbərdarlıq edilib. Xəbərdarlıq effekt verir. Çəltik əkənlərin, sitrus bağı salanların sayı artıb. Verilən məlumata görə, rayonda hər il 3 min hektardan yuxarı əkinə yararlı torpaq sahəsi istifadəsiz qalır.

Astarada düyü əkini
Astarada düyü əkini

Adının çəkilməsini istəməyən bir kənd təsərrüfatı mütəxəssisi isə deyir ki,əkin yerlərini səmərəli istifadə etmək vacibdir .Lakin bunu inzibati qaydada etmək düzgün deyil:

“Düşüblər kasıb kəndlinin üstünə...”

“Sual edirəm, nə üçün 5-6 il bundan əvvəl kəndlilərdən torpaqların əkilməsini tələb etmirdilər? O vaxtları neftdən pul gəlirdi, veclərinə deyildi. Büdcədə problem yaranmırdı. İndi problemlər yaranıb, düşüblər kasıb kəndlinin üstünə. İstəyirlər ki, kəm-kəsirlərini onların hesabına doldursunlar. Hədə-qorxu ilə torpağı əkdirmək düzgün deyil. Elmi yanaşma lazımdır. Suvarma sistemi yarıtmaz haldadır. Toxumçuluq o səviyyədə deyil. Texnikaya tələbat ödənmir. Ölkədə enerji daşıyıcıları bahadır. Kəndlidə haradandır o vəsait ki, bu problemləri həll bilsin. Özümüzü aldatmayaq...”

Onun deməsinə görə, bazar olsa çətinliklərə baxmayaraq torpaqları əkərlər:

“Monopoliya imkan vermir...”

“Sovet dövründə cənub bölgəsinin rayonlarında əsasən tərəvəz əkilərdi. Tərəvəz məhsulları Rusiya bazarlarına çıxarılardı. Masallı, Lənkəran, Astara rayonlarında ümumilikdə 200 min tona yaxın tərəvəz məhsulu tədarük edilərdi. Təkcə Lənkəran rayonunda 30-dan çox kənd təsərrüfatı məhsulları emal edən sənaye müəssisəsi var idi. Bir sovxozda 300-400 ədəd kənd təsərrüfatı texnikası cəmləşirdi. Yük maşınları gecə-gündüz məhsul daşıyırdılar. Bütün bunları əldə etmək üçün bazar tapmaq lazımdır. Kəndli malını daxili bazara belə çıxarda bilmir. Monopoliya imkan vermir. Bu məsələləri həll etdikdən sonra kəndlidən nə isə tələb etmək olar...”

XS
SM
MD
LG