Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:12

Aİ səfirliyinin mühasibi haqqında qiyabi hökm: 10 il 6 ay həbs və evinin müsadirəsi


Azərbaycan/Aİ
Azərbaycan/Aİ

Avropa İttifaqının (Aİ-nin) Azərbaycandakı nümayəndəliyində 15 il mühasib işləmiş Zərifə Abbasovaya 10 il 6 ay həbs cəzası kəsilib. Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi belə hökm çıxarıb. Z.Abbasova 7 aydır axtarışda olduğundan və hələ tutulmadığından hökm qiyabi şəkildə verilib.

Z.Abbasova Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkonun və nümayəndəliyin başqa diplomatlarının imzalarını saxtalaşdırmaqla qurumun 983 min manat pulunu mənimsəməkdə suçlanır. Ona özəlliklə külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı kimi ittihamlar verilib. Haqqındakı cinayət işi ilyarım öncə həmin ittihamlarla məhkəməyə göndərilib.

Z.Abbasova istintaq və məhkəmə gedən dövrdə həbs edilməyib və o, təxminən bir il məhkəmə iclaslarına qatılıb.

Məhkəməyə ifadəsində özünü qismən təqsirli bildiyini söyləyib

Onun sözlərinə görə, çalışdığı təşkilata məxsus vəsaitdən cəmi 50 min manat mənimsəyib və buna görə özünü günahkar sayır. O, ittihamda göstərilən qalan məbləğin yeyintisi bölümündə özünü təqsirli bilmədiyini vurğulayıb.

Məhkəmə iclaslarına gəlmədiyinə görə bu il martın 14-dən Z.Abbasova haqqında həbsli axtarış qərarı açıqlanıb. Ötən dövrdə onunla bağlı axtarışlar nəticə vermədiyindən Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan hakim Əhməd Quliyev prosesi onun iştirakı olmadan davam etdirməyə qərara alıb.

Oktyabrın 10-da çıxarılan hökmdə Z.Abbasovaya 10 il 6 ay cəza verilməklə yanaşı, həm də üzərində həbs olan evinin də müsadirəsinə qərar verilib. Müsadirədən əldə edilən vəsait ziyanın ödənilməsinə yönəldiləcək.

Xatırlatma

Z.Abbasova 2008-2023-cü illərdə Avropa İttifaqının Bakıdakı nümayəndəliyində çalışıb.

Cinayət işinin materiallarında iddia olunur ki, Z.Abbasova aylıq hesabatları saxtalaşdırıb, orada rəqəmləri fərqli göstərib, səfir və daha bir diplomatın imzasını saxtalaşdırmaqla təşkilatın hesabından pullar çıxarıb. O, həmin vəsaitləri öz maaş kartına köçürüb.

XS
SM
MD
LG