Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 17:57

Avropaya köçün görünməyən üzü: Anonim X hesabları ictimai rəyi gəlmələrə qarşı yönəldir


"Europe Invasion".
"Europe Invasion".

Avropada immiqrantlar haqda dezinformasiya yayan, izləyici sayı ən çox olan X hesablarından biri öz əməliyyatlarını pərdələmək üçün çox sayda saxta kimliyin qarışığından yararlanır. AzadlıqRadiosunun araşdırması üzə çıxarıb ki, bu əməliyyatların motivlərinin, ən azı, bir bölümü maddi mənfəətdən qaynaqlanıb.

"Europe Invasion" adlı anonim hesab ilk növbədə gəncləri hədəfləyən alqoritmi istismar edərək milyardlarla reaksiya qazana bilib. Bu və buna bənzər X hesablarının məşhurlaşması Avropada aşırı sağçı nativist partiyaların seçkilərdə uğur qazanması ilə eyni vaxta düşüb ("nativist" deyərkən, bu kontekstdə yerli xalqlara gəlmələrdən daha xoş və üstün baxış nəzərdə tutulur -red.).

AzadlıqRadiosunun araşdırması belə onlayn dezinformasiyanın çox zaman bulanıq qaynaq və motivlərini üzə çıxarıb və "Europe Invasion" hesabı ilə birbaşa bağlı fərdlərin adlarını ilk dəfə çəkib. Ekspertlər bu cür dezinformasiyanın ictimai rəyi yönləndirmək, sosial parçalanmanı alovlandırmaq və demokratik prosesləri pozmaq məqsədi daşıdığını deyirlər.

İzləyici sayı belə artırılır

"Europe Invasion" immiqrantlar tərəfindən törədildiyini iddia etdiyi zorakılıq və vandalizm videoları yayır. 600 min izləyicisi olan hesab müsəlman və afrikalıları həmişə cəmiyyətə təhlükə kimi qələmə verir.

Sözügedən hesab oktyabrda öncəki üç ay ərzində 1.1 milyard reaksiya topladığını və izləyici sayına daha 40 min nəfərin əlavə olunduğunu bildirib.

"Europe Invasion" oktyabrda öyünürdü ki, üç ayda 1.1 milyard "impressions" toplayıb.
"Europe Invasion" oktyabrda öyünürdü ki, üç ayda 1.1 milyard "impressions" toplayıb.

AzadlıqRadiosunun müxtəlif xidmətlərini təmsil edən bir qrup əməkdaşının araşdırması üzə çıxarıb ki, Dubayda yaşayan türkiyəli cütlük – Mert və Belgin Kök "Europe Invasion" hesabı ilə birbaşa bağlıdır. Düzdür, onların özü bu bağlantını danır.

Sentyabrda İsveçin SVT kanalı "Europe Invasion" hesabının həmin cütlüklə bağlı olduğunu bildirsə də, ad çəkməyib.

Az sonra hesabın özü sahibinin "Stefan adlı serbəsilli monteneqrolu" olduğunu iddia edib, oktyabrda isə həmin Stefana aid olduğu iddia edilən foto dərc edib. Həmin post artıq silinib.

AzadlıqRadiosu ictimaiyyətə açıq üztanıma proqramlarından yararlanaraq fotodakı şəxsin M.Kökü tanıyan bir türk vətəndaşı olduğunu öyrənə bilib. Həmin şəxs fotoşəklindən istifadə edildiyini bilmədiyini və "Europe Invasion"la əlaqəsinin olmadığını deyib.

Çox sayda dəlil Mert və Belgin Kökün "Europe Invasion"la bağlı olduğunu göstərir. Bu dəlillər arasında süni zəka vasitəsilə hazırlanmış bir video da var. Əfqan miqrantları Avropa üçün təhlükə kimi qələmə verən bu videonu B.Kök səsləndirib. "Europe Invasion" həmin videonu martda reklam edib.

Mert Kök və Belgin Kökün Dubaydakı həyat haqqında videolar yerləşdirdikləri YouTube- kanalından görüntü.
Mert Kök və Belgin Kökün Dubaydakı həyat haqqında videolar yerləşdirdikləri YouTube- kanalından görüntü.

AzadlıqRadiosunun suallarını cavablayan M.Kök özünün və xanımının sözügedən hesabın sahibi olmadıqlarını, bu hesabı Monteneqroda yaşayan bir qrupa satdıqlarını, həmin qrupun içərisində Türkiyə vətəndaşlarının da olduğunu iddia edib. O, varlığını iddia etdiyi qrup üzvlərinin ad və bağlantılarının paylaşılması xahişinə cavab verməyib.

Maddi qazanc, yoxsa ideologiya?

"Europe Invasion"ın X-in monetizasiya imkanlarından yararlanaraq yaradılmasının yalnız maddi qazanc, yoxsa ideologiya ilə bağlı olduğu çox da aydın deyil.

Hesabda həm pullu abonement, həm "pul göndər" seçimi, həm də pultoplama linki var. "Europe Invasion" bu pulların planlaşdırılan YouTube kanalı və brendin genişləndirilməsinə xərcləndiyini iddia edir. Hesab X-in verdiyi monetizasiya imkanlarından əldə etdiyi gəlir haqda bilgi də paylaşıb.

"Dezinformasiya yayan mütəşəkkil şəbəkələr var. Bu təşkilatların bəziləri maddi motivlidir və yanlış narrativləri yaymaqdan pul qazanır", - Vaşinqtonda yerləşən Brukinqs İnstitutunun idarəetmə araşdırmaları üzrə aparıcı tədqiqatçısı Darrell Uest AzadlıqRadiosuna belə deyib.

"Europe Invasion" dəfələrlə immiqrantların zorakı cinayətlərə qatılmasına dair yanlış iddialar paylaşıb.

Oktyabrda "Europe Invasion" iyulda Britaniyada bir qadının iki somalili mühacirin ölümcül hücumuna məruz qaldığını iddia edib. Əslində, bu iddia artıq iki ay öncə - başqa antiimmiqrant hesabların paylaşmasından sonra polis tərəfindən ifşa edilmişdi. Polis həmin səhifələrin təhlükəli dezinformasiya yaydığını da bildirmişdi. Bu işlə bağlı İngiltərənin İpsuiç şəhərindən olan 55 yaşlı kişi ittiham edilib.

Sautportda ölümlə nəticələnən bıçaqlanmalara etiraz olaraq Liverpulda keçirilən nümayişdə polislə etirazçıların toqquşması.
Sautportda ölümlə nəticələnən bıçaqlanmalara etiraz olaraq Liverpulda keçirilən nümayişdə polislə etirazçıların toqquşması.

İyulun sonlarında isə "Europe Invasion" İngiltərənin Sautport şəhərində üç uşağın bıçaqlanaraq öldürülməsi ilə nəticələnən hücumu törədənin bir müsəlman mühacir olduğu deyildiyini iddia edib.

Dezinformasiya qaynaqlı zorakılıq

İki gün içində bu post aşırı sağçı sosial şəbəkələrdə yayılıb və 6 milyon izləyici sayı toplayıb. Britaniyada immiqrantlara qarşı zorakı iğtişaşlar baş qaldırıb. Londonun polis rəisi iğtişaşların dezinformasiyadan qaynaqlandığını bildirib.

Hücumda suçlanan şəxs isə, əslində, Uelsdə doğulmuş Britaniya vətəndaşı imiş. Polis bu şəxsi risin adlı toksin istehsal etmək cəhdində, "əl-Qaidə"nin təlim materiallarını saxlamaqda ittiham edib.

Həm "Europe Invasion", həm də onunla bağlı "Daily Reports" adlı hesab keçmişdə Twitter kimi tanınan X sosial şəbəkəsində 10 ildən çox mövcud olub və bu müddət boyunca adını dəfələrlə dəyişib. "Europe Invasion"ın öncəki adlarının siyahısını proqramçı Trevis Braunun memory.lol səhifəsi sənədləşdirib.

Hər iki hesab daha öncə çox vaxt türkcə postlar paylaşıb, bu ilin əvvəllərində isə bütün post tarixçələrini silərək ingilis dilində, əsasən, antiimmiqrant postları paylaşmağa başlayıb.

Martda, indi "Europe Invasion" kimi tanınan X hesabı əfqan mühacirlərin Avropaya buraxılmasına icazə verilməsinin təhlükələri kimi qələmə verdiyi, süni zəkanın hazırladığı görüntülər paylaşıb.

Əfqan mühacirləri haqqında xəbərdarlıq videosunu Belgin Kök səsləndirib. "Europe Invasion" müəllifin "Alissa" olduğunu iddia edir.
Əfqan mühacirləri haqqında xəbərdarlıq videosunu Belgin Kök səsləndirib. "Europe Invasion" müəllifin "Alissa" olduğunu iddia edir.

"Universitet tələbəsi" Alissa

"Biz gələcəyimizi, mədəniyyətimizi, uşaqlarımızı qorumaq istəyiriksə, bu hücuma "dur" deməliyik", - videonu səsləndirən, ingiliscə ağır aksentlə danışan şəxs deyir. Hesab videonun müəllifinin Alissa adlı xəyali persona olduğunu iddia edib.

Səhifə növbəti postlarının birində hazırda fəaliyyət göstərməyən "The West To Dubai" adlı YouTube kanalının linkini paylaşıb. Bu kanal İran körfəzində yaşama təcrübəsindən bəhs edirmiş. "Europe Invasion" oxucularına kanaldakı videoları Alissa adlı "universitet tələbəsi"nin hazırladığını deyib.

Di gəl, "The West To Dubai" kanalı SVT-nin araşdırmasından sonra yoxa çıxıb. Ancaq silinməsindən öncə Dubaydakı həyat haqda bir video paylaşıb. Videonu səsləndirən, özünü Alissa kimi qələmə verən şəxsdir və eyni zamanda ekranda da görünür.

Martda "Europe Invasion" "West To Dubai" YouTube kanalını və "Alissa" adlı uydurma personajın yer aldığı videoları təbliğ edib.
Martda "Europe Invasion" "West To Dubai" YouTube kanalını və "Alissa" adlı uydurma personajın yer aldığı videoları təbliğ edib.

Süni zəka videosundakı səs

AzadlıqRadiosunun sosial media profillərini təhlil etməsi nəticəsində bu videodakı qadının Alissa deyil, B.Kök olduğu təsdiqlənib. B.Kökün LinkedIn profili onu Dubayda yerləşən və ənənəvi türk lokumu satan şirkətin sahibi kimi göstərir.

AzadlıqRadiosu iki fərqli səstanıma alqoritminin köməyi ilə "Europe Invasion"ın paylaşdığı videodakı səsləndiricinin səsi ilə B.Kökün ekranda göründüyü və danışdığı çoxsaylı videolar, o cümlədən "Alissa" ləqəbi ilə Dubaydakı həyatdan danışdığı videodakı səsləri müqayisə edib. Hər iki proqram B.Kökün səsinin əfqan miqrantlar haqda dezinformasiya yayan süni zəka videosundakı Alissanın səsi ilə üst-üstə düşdüyünü təsdiqləyib.

Alissanın YouTube kanalı da @alissatells adlı artıq silinmiş hesabın adını çəkir. Bu hesab "Europe Invasion"ın postlarını paylaşıb və onunla daim əlaqədə olub.

İnternet arxivləri "Europe Invasion", Kök cütlüyü və "Alissa" arasında birbaşa əlaqəni ortaya qoyur.
İnternet arxivləri "Europe Invasion", Kök cütlüyü və "Alissa" arasında birbaşa əlaqəni ortaya qoyur.

SVT jurnalistlərinin əlaqə saxladığı Dubayda yaşayan türk cütlük "Europe Invasion" hesabı ilə bağlı olduğunu inkar edib. Onlar hesabın arxasında Monteneqroda yerləşən bir reklam agentliyinin olduğunu iddia ediblər.

Ancaq AzadlıqRadiosu onların adının "INV MediaX", sahibininsə Stefan adlı şəxs olduğunu iddia etdikləri bu şirkətlə bağlı hər hansı qeyd tapa bilməyib.

SVT-nin araşdırmasından sonra "Europe Invasion" Stefanın "Europe Invasion" səhifəsinin sahibi, "Avropa mədəniyyəti və xristianlığı qorumağa çalışan" serbəsilli monteneqrolu olduğunu iddia edən post paylaşıb. Sonradan o, saqqallı, gözlük taxmış və kappuççino içən bir şəxsin şəklini paylaşaraq həmin şəxsin Stefan olduğunu iddia edib və @IamStefanK adlı X hesabının linkini yerləşdirib.

M.Kökü tanıyan və bu antiimmiqrasiya layihəsi ilə bağlantısı olmadığını söyləyən bu şəxs AzadlıqRadiosuna şəklindən istifadə edildiyini bilmədiyini deyib.

M.Köksə şəkildəki şəxs haqda suala cavab olaraq, onu tanımadığını, "Europe Invasion" və onunla bağlı "Algorithm Coach" hesabı ilə əlaqəsinin olmadığını iddia edib.

"Biz müsəlmanıq və müsəlman ölkəsində yaşayırıq. Biz antimüsəlman hesabın sahibi ola bilmərik", - o, belə yazıb.

M.Kök öz yazılı cavabında "Dubaideyiz" adlı X hesabını Monteneqrodakı bir qrupa satdıqlarını iddia edib.

"Europe Invasion"ın iddia edilən "sahibi"nin X hesabında bir türk kişinin fotosu yerləşdirilib. O, fotosundan ondan xəbərsiz istifadə olunduğunu bildirib.
"Europe Invasion"ın iddia edilən "sahibi"nin X hesabında bir türk kişinin fotosu yerləşdirilib. O, fotosundan ondan xəbərsiz istifadə olunduğunu bildirib.

AzadlıqRadiosunun @IamStefanK adlı "Stefan" hesabına müsahibə üçün xahiş göndərməsindən sonra hesab adını @ContactEI adına dəyişdirib və "Europe Invasion"ın sahiblərinin dəyişdiyini iddia edib.

AzadlıqRadiosunun əməkdaşları səhifənin Stefan adlı monteneqrolu sahibinin gerçəkdən mövcud olub-olmadığına dair hər hansı dəlil tapmayıb.

Dezinformasiya yayan X hesabları sürətlə aktivləşib

2022-ci ildə Twitter-i satın alaraq adını X-ə dəyişdirən və özünü söz azadlığının dəstəkçisi kimi tanıdan Elon Mask X-in kontent moderasiyası komandasını yox etdiyi üçün tənqidçilərin və Avropanın rəsmi dövlət qurumlarının qınaq hədəfi olub.

Nyu-Yorkda yerləşən və internetdə dezinformasiyanın monitorinqi ilə məşğul olan, "NewsGuard" adlı şirkətin araşdırması Maskın X-i satın almasından sonra dezinformasiya yayan X hesablarının sürətlə aktivləşdiyini üzə çıxarıb.

Rəqəmsal platformaların idarə olunması və dezinformasiyanın qarşısının alınması sahəsində ixtisaslaşan belçikalı ekspert Natali van Remdonk deyir ki, qızışdırıcı kontent həm də qəzəbi alovlandırdığı və qatılmağa həvəsləndirdiyi üçün geniş yayılır.

XS
SM
MD
LG