Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:20

Bakıda etiraz aksiyası başa çatıb, saxlananlar buraxılıb


Bakıda etiraz aksiyası. 30 sentyabr 2022
Bakıda etiraz aksiyası. 30 sentyabr 2022

Saxlananların hamsının buraxıldığı deyilir

Sentyabrın 30-da Bakıda AXCP fəallarının etiraz aksiyası sona çatıb.

Etiraz aksiyasından öncə və aksiyanın gedişində saxlananların hamısının sərbəst buraxıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna müxalif partiyalardan məlumat verilib.

Üst-üstə 80-dən çox fəalın saxlanıb sonra da buraxıldığını deyən təşkilatçıların sözlərinə görə, onların hamısı AXCP-dən olmayıb:

“Çoxu AXCP-dəndir. Amma aralarında başqa siyasi qüvvələrin, o cümlədən Müsavat Partiyasının da üzvləri var”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də “Turan” Agentliyinə bildirib ki, aksiyaya cəhdlə bağlı saxlanılan yoxdur, hamı sərbəst buraxılıb.

***

AXCP-dən verilən məlumata görə, axşam saatlarına kimi saxlananlardan bir çoxu buraxılıb, hazırda bu proses davam edir.

Aksiyanı izləyən hüquq müdafiəçilərinin sözlərinə görə, üst-üstə şəhərin müxtəlif yerlərində 50-dən çox etirazçı şəxsi polis saxlayıb.

Amma bildirildiyinə görə, saxlananlardan bəziləri elə az sonra sərbəst buraxılıblar.

Bu məlumatları, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb. Nazirliyin mətbuat xidmətindən deyiblər ki, məsələ ilə bağlı ətraflı məlumat veriləcək.

+++

Bu gün, sentyabrın 30-da saat 15:40 radələrindən başlayaraq Bakının müxtəlif yerlərində qrup şəkilində etiraz aksiyaları başlayıb.

Aksiya iştirakçıları "azadlıq", "istefa", "siyasi məhbuslara azadlıq", "ailə hakimiyyətinə son" və başqa şüarlar səsləndiriblər. Onlar deyiblər ki, koronavirus pandemiyası ilə bağlı iki il əvvəl ölkənin bağlanan quru sərhədləri açılmalıdır. "Rusiya prezidenti Vladimir Putinin Azərbaycandan bu ölkəyə işləməyə gedənləri Ukrayna ilə müharibədə qırdırmasına imkan verilməməlidir", - aksiya iştirakçılarından biri vurğulayıb.

Polis aksiyada şüarlar səsləndirənlərdən, çıxış edənlərdən bir çoxunu saxlayıb.

Yeni saxlananların olduğu bildirilir

AXCP sədr müavini Seymur Həzi və partiyanın Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanovun da saxlandığı deyilir.

Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib.

AXCP-dən söyləyiblər ki, onları mülki geyimli şəxslər saxlayıb: "Etiraz aksiyamızın qarşısını almaq üçün atılmış addımdır".

Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən (DİN) isə "Turan"a bildirilib ki, bu barədə heç bir məlumat yoxdur: "Məsələ araşdırılandan sonra əlavə məlumat veriləcək".

Hansı ölkənin siyasi partiyalar haqqında qanunu daha demokratikdir?
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

DİN Tofiq Yaqublunun saxlanmasını təsdiq edir

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Turan"a müxalifətçi Tofiq Yaqublunun saxlanmasını tsədiqləyib. Bildirib ki, razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə T.Yaqublu saxlanılıb: "Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaq".

+++

Sentyabrın 30-da Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun saxlanıldığı bildirilir. Onun qızı Nigar Həzinin verdiyi məlumata görə, T.Yaqublunu evdən çıxarkən mülki geyimli şəxslər saxlayıb: "Evimizin hər tərəfində maşınlarda polislər post qurub, atamın çıxmasını gözləyirmişlər. Evdən çıxanda saxlayıblar".

N.Həzi qeyd edib ki, T.Yaqublu naməlum istiqamətə aparılıb.

T.Yaqubludan başqa daha bir neçə müxalif fəallın da saxlanması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Həmin məlumatlarda bu, müxalif düşərgədə aksiya keçirmək niyyəti ilə bağlı izah edilir.

Əli Kərimli: 'Məqsəd çoxpartiyalı sistemi məhv etməkdir'
Gözlə

No media source currently available

0:00 0:07:49 0:00

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) piket keçirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Təşkilatçılar, əsasən, siyasi partiyalar haqqında yeni qanun layihəsinə etiraz edirlər. Müxalif qüvvələr hesab edirlər ki, Milli Məclisin saytında dərc olunan bu layihə gerçək müxalifəti Azərbaycan siyasətindən kənarlaşdırmaq məqsədi güdür.

Layihəyə görə, iki dəfə seçkilərdə iştirak etməyən partiyanın qeydiyyatı ləğv oluna bilər. Habelə, layihədə qeydiyyat üçün tələb edilən üzv sayı artırılır, eyni zamanda, son 10 ili ölkədə daimi yaşamayan şəxslərin partiya təsis etmək imkanı aradan qaldırılır.

Aksiya müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatından müsbət cavab verilməyib. Aparatdan təşkilatçıların müraciətinə gələn cavabda aksiyanın keçirilməsi məqsədəuyğun sayılmayıb. Aparat iddia edib ki, müraciət "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna uyğun hazırlanmayıb.

Bu arada Daxili İşlər Nazirliyindən (DİN) də aksiyaya icazə verilməyəcəyi bildirilib. Nazirliyin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov APA-ya deyib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq: "Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu, qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək".

XS
SM
MD
LG