Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:54

Məhkəmədə Aydın Abbasovun adını çəkən sabiq müstəntiqə 8 il 3 ay həbs tələbi


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə keçmiş müstəntiqi Samir Kərimova prokuror 8 il 3 ay həbs cəzası verilməsini istəyib. Dövlət ittihamçısı fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu təkliflə çıxış edib.

63-yaşlı Kərimov Bakı Şəhər Prokurorluğunun müstəntiqi vəzifəsində çalışdığı dövrdə burada işləyən Hindistan vətəndaşlarından rüşvət almaqda ittiham olunur. İddia olunur ki, əcnəbiləri keyfiyyətsiz məhsulları - yuyucu vasitələri əhaliyə satmağa görə həbslə hədələyib, onlardan cinayət məsuliyyətinə cəlb olunmamaq üçün 20 min dollar pul alıb.

Prokuror çıxışında vurğulayıb ki, Samir Kərimov illərlə axtarışda olub, istintaqdan yayınıb.

"Səfirliyin qonaq evində qalıb"

Amma Kərimov axtarışda olması haqda iddiaları qəbul etmir. Fevralın 27-də məhkəməyə də Rusiyada yaşadığı dövrdə nəşr etdirdiyi jurnalı təqdim edib. Vəkili vurğulayıb ki, axtarışda olan şəxs belə açıq şəkildə iş görə bilməzdi.

"Samir Kərimov Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən tədbirlərdə daim iştirak edib, səfirlə görüşüb. Səfirliyin qonaq evində qalıb", – vəkili Kamandar Nəsibov belə deyib.

Keçmiş müstəntiq Yasamal rayonu, 28-ci polis bölməsinin sahə inspektoru işləmiş Ramin Talıbovla birlikdə mühakimə olunur. Kərimovdan fərqli olaraq Talıbov həbsdə deyil.

Prokuror çıxışında bildirib ki, Talıbova qarşı da rüşvət ittihamı sübuta yetirilib. Lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə prokuror təklif edib ki, Talıbov təqsirli bilinib barəsində ittiham hökmü çıxarılsa da, ona cəza təyin olunmasın.

Keçmiş deputata ittiham

Samir Kərimov məhkəmədə ifadə verərkən həbsinə görə keçmiş deputat Aydın Abbasovu (uzun illər Baş nazirin birinci müavini olmuş Abbas Abbasovun oğlu-red.) günahlandırıb. O iddia edir ki, barəsindəki cinayət işi Abbasovun yalan şikayəti əsasında başlanıb. Onun sözlərinə görə, hindistanlılar da Abbasova məxsus şirkətin işçiləri idi. Kimsədən rüşvət istəmədiyini və almadığını deyən Kərimovun sözlərinə görə, Abbasov keyfiyyətsiz məhsul satışı ilə bağlı məsələnin üstü açıldığına görə ona böhtan atıb. O, bir neçə dəfə keçmiş deputatın məhkəmədə dindirilməsi barədə vəsatət də qaldırıb, lakin təmin olunmayıb.

Sabiq müstəntiq prokurorluqdan çıxandan sonra Rusiyaya gedib, xeyli müddət orada yaşayıb. 2022-ci ilin yayında Azərbaycana qayıdıb. O, şəxsiyyət vəsiqəsini yeniləməkdən ötrü "ASAN Xidmət"ə gedib, ertəsi gün isə saxlanılıb.

Talıbov da özünü təqsirli bilmir. Deyir ki, Yasamalda hindistanlılara qarşı əməliyyata o, işlədiyi bölmənin rəhbərliyinin tapşırığı əsasında gedib.

Lakin prokuror onların dediklərini özünümüdafiə kimi qiymətləndirib.

Martın 6-da bu cinayət işi üzrə məhkəmədə vəkillər çıxış edəcək, ardınca təqsirləndirilən sabiq müstəntiq və polis son sözünü deyəcək və hökm elan olunacaq.

XS
SM
MD
LG