Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:58

Bir avtoqəzanın müəmması…


İllüstrasiya
İllüstrasiya

►“Bacımı maşınla vurub, ağır yaralayıb, indi də deyir, “veteranam, mənə heç kəs bata bilməz””

Şəmkir rayon sakini Sənan Ələkbərov AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, ötən il dekabrın 11-də Gəncə-Şəmkir magistralının Muxtariyyə kəndindən keçən ərazisində bacısı Ayişə Nağıyevanı “NAZ-Lifan” markalı, 57BZ059 dövlət nömrə nişanlı avtomobil vurub.

Piyada qadın ciddi xəsarətlər alıb. 1 aya yaxın kəllə-beyin travması ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasında yatıb.

“SÜRÜCÜ ƏLİ CİBİNDƏ GƏZİR”

İndi ailəni narahat edən odur ki, qəzanı törədən sürücüyə “gözün üstə qaşın var” deyən yoxdur:

“Qəza vaxtı maşını cərimə meydançasına apardılar. Məlum oldu ki, sürücünün heç sürücülük vəsiqəsi də yoxdur. Maşın da cərimə meydançasında az qaldı, tezliklə sahibi Səhrət İsmayılova qaytarıldı. O vaxtdan da bacımı şikəst edən sürücü əli cibində gəzir. Deyir, “mən veteranam, bu maşını da mənə dövlət bağışlayıb”. Məlum məsələdir ki, cinayət törədənə elə-belə əli cibində gəzməyə imkan vermirlər. Əlbəttə ki, rüşvət alınıb, ortada mənim bacımın canı əldən gedib. Məni narahat edən odur ki, xəstə ölüm ayağındadır. Müalicəyə kömək edən yoxdur. Xəstəxanada olan vaxtlar dərmanların bir qismini almaqla kifayətləndilər. Bacım hələ də ayılmayıb. Gözləyirlər ki, özünə gəlsin, ondan barışıq ərizəsi alsınlar. Çünki qarşı tərəf çoxdan hamını razı salıb. Polis də məsələni bir barışıq ərizəsi ilə həll etmək istəyir”.

Buna da bax: "Qaz sızması haqda ARDNŞ-ə 1 gün əvvəl xəbər verilibmiş"

Ayişə Nağıyeva
Ayişə Nağıyeva

“BACIMI MAŞINA TƏRƏF İTƏLƏYİB”

Sənan Ələkbərovun deməsinə görə, bacısının hələ də xəstə yatağında qalmasına səbəb olan avtomobili tez-tez Şəmkirin küçələrində o baş- bu başa şütüyən görür. Maşın sahibinin cəzasız qalması isə zərərçəkmiş tərəf kimi onları qıcıqlandırır.

Sənan Ələkbərov deyir, əslində bu avtoqəzada bir qədər müəmma var:

“Bacımı həmin maşının qarşısına atan xanım da var. Deməli, həmin xanım maşın sahibi ilə tanışdır. Adı Sənakətdir. Maşın sahibi ilə aralarında mübahisə olub, qadın maşından düşüb gəlib bacımın dayandığı yerdə dayanıb. Sürücü də maşını həmin qadının üstünə sürüb, o qadın öz canını xilas etmək üçün bacımı maşına tərəf itələyib. O qadın da heç nə olmayıbmış kimi ortalıqda gəzib dolaşır”.

Buna da bax: Sürüşmə zonasında tikinti qadağan edildi

CİNAYƏT İŞİ BAŞLANIB

Sənan Ələkbərov DİN 102 xidmətinə dəfələrlə zəng vuraraq şikayətini bildirdiyini desə də, cavab almayıb. Bundan başqa o, Baş Prokurorluğa, Şəmkir rayon Prokurorluğuna, Baş Dövlət Yol Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə müraciət edib. Ancaq heç bir cavab almayıb.

Gəncə-Şəmkir magistralında Zazalı Dövlət Yol Polisindən bildirilib ki, faktla bağlı DİN BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitanı Nemət Cəfərov tərəfindən təhqiqat aparılıb. Təhqiqat nəticəsində Ayişə Nağıyevanı Muxtariyyə kəndi ərazisində sürücü Səhrət İsmayılov tərəfindən vurulması təsdiqini tapıb. Ötən il dekabrın 21-də fakt üzrə Cinayət Məcəlləsinin 263-1.2 maddəsi ilə cinayət işi başlanıb. Sürücü dindirilib. İstintaqın nəticəsi Bakıdan ekspertiza rəyi daxil olduqdan sonra bilinəcək.

Sənan Ələkbərov isə razılaşmır. Deyir, hadisədən 2 aya yaxın vaxt ötür. Bu müddət ərzində rəy çoxdan alınmalıydı. Elə rəyin ləngiməsi, yaxud da onun ləngidiyinin bildirilməsi işin ört-basdır olunmasına dəlalət edir.

XS
SM
MD
LG