Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:18

Rusiyada AzadlıqRadiosu jurnalistinə 6 il 6 ay iş kəsildi


Alsu Kurmaşeva Kazan məhkəməsində
Alsu Kurmaşeva Kazan məhkəməsində

Rusiyada məhkəmə AzadlıqRadiosunun jurnalisti, ikili ABŞ-Rusiya vətəndaşlığı olan Alsu Kurmaşevanı 6 il 6 ay müddətinə azadlıqdan məhrum edən hökm verib.

ABŞ hökuməti, habelə jurnalistin tərəfdarları ona qarşı ittihamların siyasi motivli olduğunu bildirirlər.

Kurmaşeva Rusiya hərbiyyəsi barədə saxta məlumatlar yaymaqda ittiham olunur.

Bu xəbəri ilk verən Associated Press agentliyi məhkəmə sənədlərinə və rəsmilərə istinadla hökmün iyulun 19-da, Kazan şəhərində keçirilən məxfi dinləmədə verildiyini bildirib.

AzadlıqRadiosunun prezidenti və baş icraçı direktoru Stiven Kapus məhkəməni və hökmü “ədalətin ələ salınması” adlandırıb və əlavə edib ki, Alsu üçün yeganə ədalətli qərar onun həbsxanadan dərhal azad edilməsi olardı.

Kapusun bəyanatında deyilir ki, “Amerika vətəndaşının, bizim əziz həmkarımızın sevimli ailəsinə qovuşmasının vaxtı çoxdan keçib”.

ABŞ hökuməti ittihamları qisas hesab edir

47 yaşlı Kurmaşeva ötən ilin oktyabrında Kazanda həbs edilib və ona qarşı Rusiya qanununa uyğun olaraq “xarici agent” kimi qeydiyyatdan keçmədiyinə görə ittiham irəli sürülüb.

Rusiyanın sözü gedən qanunu jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və başqalarının cəzalandırılmasını hədəfləyir.

AzadlıqRadiosu və ABŞ hökuməti bildirirlər ki, jurnalistə qarşı ittihamlar ondan peşə fəaliyyətinə görə qisas alınması məqsədi güdür.

İyulun 19-da Yekaterinburqda habelə Wall Street Journal qəzetinin müxbiri Evan Gerşkoviç casusluqda təqsirli bilinib.

Qəzet və ABŞ hökuməti bu ittihamı “siyasi motivli” kimi rədd edir.

Ağ Evin 19 iyul tarixli bəyanatında deyilir ki, Gerşkoviç Rusiya hökuməti tərəfindən “jurnalist və amerikalı” olduğuna görə hədəflənib.

“Qanunsuz saxlanmış şəxs” statusu Kurmaşevaya niyə verilmir?

Gerşkoviçdən və hazırda casusluq ittihamıyla 16 illik həbsxana cəzası çəkən Pol Uilandan fərqli olaraq Kurmaşevaya ABŞ hökuməti tərəfindən “qanunsuz saxlanmış şəxs” statusu verilməyib.

Belə bir status ABŞ Dövlət Departamentində girov məsələlərinə baxan səfirin belə hallarla daha sıx işləməsinə və həbs edilənin azad olunmasının təmin edilməsi üçün ABŞ administrasiyasından daha çox resurslar ayrılmasına imkan verir.

Amerika jurnalistlərinin peşəkar təşkilatı olan ABŞ Milli Mətbuat Klubu və 18 başqa media azadlığı qrupu mayın 31-də ABŞ prezidenti Co Baydenə yazdıqları açıq məktubda Kurmaşevanın “qanunsuz saxlanmış şəxs” qismində tanınmasına çağırmışdılar.

Müraciətdə deyilirdi ki, Kurmaşeva belə bir statusun tələblərinə tam cavab verir və bu status ona aylarla bundan əvvəl verilməli idi.

Qeyd olunur ki, Dövlət Departamenti Kurmaşeva işində kriteriyadan başqa faktorların da nəzərə alınmalı olduğuna işarə edib, lakin jurnalistin niyə “qanunsuz saxlanmış şəxs” kimi tanınmamasının aydın səbəbi göstərilməyib.

XS
SM
MD
LG