Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:02

Azərbaycan Ermənistana qarşı arbitraj prosesinə başladığını deyir


Azerbaijan – The Ministry of Foreign Affairs, undated
Azerbaijan – The Ministry of Foreign Affairs, undated

Bu gün, fevralın 27-də Azərbaycanın Ermənistana qarşı dövlətlərarası arbitraj prosesini başlatdığı bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda Ermənistana təqdim edilən bildirişin Enerji Xartiyası Müqaviləsinə uyğun olduğu vurğulanır:

“Arbitraj Bildirişində 1991-ci ildən 2020-ci ilə qədər… qanunsuz işğalı dövründə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə, Ermənistandan təzminat və maliyyə kompensasiyası tələb edib.”

Amma məlumatda bununla bağlı hər hansı məbləğ açıqlanmayıb.

XİN-in məlumatında qeyd edilir ki, Qarabağ bölgəsində Azərbaycanın daxili su ehtiyatlarının 25 faizinin cəmləşməsi, oranı su elektrik enerjisi istehsalı üçün optimal məkana çevirib:

“Ermənistanın qeyri-qanuni şəkildə istismar etdiyi hidroenergetika obyektlərinin ən böyüyü Tərtərçayın üzərində inşa edilmiş Sərsəng su anbarında yerləşən Tərtər su elektrik stansiyasıdır (Tərtər SES).”

Açıqlamada bildirildiyinə görə, “Ermənistan işğal zamanı Azərbaycanın suveren ərazisində ən azı 37 əlavə icazəsiz su-elektrik qurğuları tikib.”

Habelə əlavə edilib ki, Ermənistan Azərbaycanda Yevlaxı Naxçıvan ilə birləşdirən təbii qaz kəməri kimi mövcud enerji tranzit qurğularını sıradan çıxarıb: “ Beləliklə, işğal nəticəsində Naxçıvana qaz təchizatı kəsilib”

Bu açıqlamaya,hələlik, Ermənistanın münasibəti bəlli deyil.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma, hələlik, iki ölkə arasında sülh müqaviləsi bağlanmayıb.

XS
SM
MD
LG