Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:55

Azərbaycan Avroatlantik məkandan imtina edibmi?


Hələ, 2007-ci ildə təsdiqlənən Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında hədəf Avratlantik məkana inteqrasiya idi. “Azərbaycan Respublikası Avro-Atlantik strukturlarla tərəfdaşlığı bütövlükdə Avro-Atlantik məkanda ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür...” - sənəddə yazılırdı.

Lakin sənədin qəbulundan 16 il keçib, amma Azərbaycanın Avratlantik məkana inteqrasiyası mübahisə mövzusuna çevrilib.

2017-ci ildən Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi üzrə danışıqlar aparır. Amma Ermənistan, Gürcüstan, Ukrayna və Moldovadan fərqli olaraq Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair hər hansı bir sənəd imzalanmayıb.

Ümumdünya Ticarət Təşkilatı ilə da danışıqlar 25 ildən çoxdur müsbət nəticə verməyib.

Azərbaycan Avratlantik məkanı inteqrasiyadan imtina edibmi?

“Balanslaşdırılmış xarici siyasət strategiyası var”

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından olan deputat Hikmət Babaoğlu “Turan”a bildirib ki, ölkənin milli maraqlarına söykənən balanslaşdırılmış xarici siyasət strategiyası var:

“Azərbaycan heç vaxt milli maraqlarını nəzərə almadan hər hansı bir məkana inteqrasiyanı kor-koranə şəkildə qarşısına məqsəd qoymur”.

Deputat qeyd edib ki, 2007-ci ildən bu günə qədər dünyada və regionda çox dinamik hadisələr baş verib:

“Gəldiyimiz hazırkı mərhələdə Azərbaycan 2007-ci ildə müəyyənləşdirilmiş bir çox məqsədlərinə çatıb”.

H.Babaoğlunun sözlərinə görə, Azərbaycan şübhəsiz ki, Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında sənədi imzalamağa hazırdır:

“Amma məsələ ondadır ki, kardinal dəyişən geostrateji münasibətlər yeni məsələləri aktuallaşdırıb. Azərbaycan Aİ ilə tərəfdaşlıq haqqında sənədi imzalamasa da, Avropa İttifaqına üzv olan ölkələrin 3/1 ilə strateji əməkdaşlığa malik ölkədir”.

“ Münasibətlər yenidən nəzərdən keçiriləcək”

O, bildirib ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olub:

“Bu da 2007-ci ildə müəyyənləşdirilən həmin o məqsədlər kontekstində ayrıca bir yenilik idi. 2019-2021-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməyə başladı və əgər biz diplomatiyada bir ardıcıllıq axtarırıqsa Azərbaycanın xarici siyasət məntiqinə diqqət etməliyik. Bu, milli maraqlarına söykənən xarici siyasətdir”.

Deputatın sözlərinə görə, bu gün Azərbaycanın Avroatlantik məkanına daxil olan ölkələrlə, ABŞ başda olmaqla çox yaxşı münasibətləri var:

“Amma hazırda beynəlxalq münasibətlərdə Azərbaycanın rolunun artması bu münasibətlərə yeni keyfiyyət çalarları gətirib. Hazırda formalaşan yeni geostrateji reallıqlar kontekstində bu münasibətlər yenidən nəzərdən keçiriləcək”.

“Azərbaycan Avroatlantik məkanına inteqrasiyadan imtina edib”

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan faktiki olaraq Avroatlantik məkanına inteqrasiyadan imtina edib:

“Azərbaycanın həmin o məkana inteqrasiyası məsələsi milli təhlükəsizlik konsepsiyası ilə yanaşı hərbi doktrinada da yer alıb. Bir var ki, çıxıb açıq desinlər ki, bizim yolumuz bu deyil, biz artıq bundan imtina edirik. Bir də var ki, bunu elan etməmək. Elan etməmələrin məqsədi isə bundan ibarətdir ki, hələ də balans siyasətini saxlaya biləcəklərinə ümid edirlər”.

Ekspertin sözlərinə görə, Azərbaycan höküməti Rusiya və Qərb arasında balanslaşdırılmış siyasət aparmaq və bununla öz hakimiyyətlərini uzatmaq istəyir:

“Buna görə də həmin sənədləri dəyişmirlər. Amma ölkədə gedən proseslər, Azərbaycan rəhbərliyinin apardığı daxili və xarici siyasəti, o cümlədən də Rusiya ilə müttəfiqlik sənədin imzalaması, Qarabağ məsələsinin ətrafında Rusiya ilə sinxron addımların atılması ondan xəbər verir ki, faktiki olaraq Avroatlantik inteqrasiyadan imtina olunub”.

Türkiyəli TIR sürücüləri: 'Dünyanın heç bir yerində Azərbaycan gömrüyündəki qaydalar yoxdur'
Gözlə

No media source currently available

0:00 0:11:04 0:00

“Azərbaycan höküməti ümid edir ki,...”

Politoloqun fikrincə, Azərbaycan hökuməti ümid edir ki, Rusiya Ukrayna müharibəsi heç-heçə nəticələnəcək:

“Yəni Rusiya bu bölgədə hələ də gücünü o formada saxlayacaq ki, Qərb bölgəyə tam istədiyi kimi təsir imkanları əldə edə bilməsin. Azərbaycan bir tərəfdən istəyir ki, Qərblə münasibətlər saxlasın, Avropa Şurasının üzvü olsun, digər tərəfdən isə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsin və Avroatlantik məkana inteqrasiya etməsin. Ona görə də Avropa İttifaqı ilə hər hansı sənəd imzalamağı düşünmürlər”.

Qasımlının fikrincə, bunun Azərbaycana ziyanı odur ki, ölkə inkişafdan kənar qalır və iqtisadi, siyasi açılım baş vermir:

“Sadəcə qaz, neft satmaqla və ölkəyə neft-qaz dollarları gətirməklə vəziyyətdən çıxılır. Ermənistan və Gürcüstan isə Avroalantik məkana inteqrasiya edərək neftsiz öz iqtisadiyyatlarını daha güclü ediblər”.

XS
SM
MD
LG