Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:09

Dünya Ticarət Təşkilatına üzvlüyün 27 ildir yubanmasının səbəbləri...


Azərbaycan bu təşkilata üzv olsaydı....
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Azərbaycan bu təşkilata üzv olsaydı.... (Arxiv. 2021)

Prezident İlham Əliyev iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonyo-İvealanı qəbul edib.

Rəsmi açıqlamaya görə, söhbət zamanı Azərbaycanla təşkilat arasında əməkdaşlıq imkanları müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov da həmin gün ÜTT-nin rəhbəri ilə görüşüb. O, X sosial şəbəkə hesabında bildirib ki, görüşdə Azərbaycanın təşkilata üzvlük prosesi müzakirə edilib: "Azərbaycan və ÜTT arasında əlaqələrin inkişaf perspektivləri, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan işlər, regional, qlobal tərəfdaşlarla qurulmuş sıx ticarət əlaqələri və investisiyaların aktiv təşviqi barədə danışdıq".

Azərbaycanın 1997-ci ildə bu təşkilata üzv olmaq üçün danışıqlara başladığı açıqlanmışdı. Amma danışıqların 27 ildir müsbət nəticəsi yoxdur.

Prezident: "Hələ vaxt gəlib çatmayıb"

Hələ 2019-cu il dekabrın 23-də prezident İ.Əliyev jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində bu məsələyə də yer ayırmışdı. O, Avropa İttifaqı (Aİ) ilə 2017-ci ildən başlanan danışıqlarda sazişin imzalanmamasının səbəbkarının Azərbaycan olduğunu ifadə etmişdi. Prezident vurğulayırdı ki, onlar təklif olunan məsələlərə öz razılıqlarını verməyiblər, onlardan biri də ticarətlə bağlıdır: "Bildiyiniz kimi, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil".

Prezidentin vurğulamasına görə, onların əsas vəzifəsi qeyri-neft sektorunun inkişafı, yerli istehsalın artımıdır və belə olan halda daxili bazarı da qorumalıdırlar: "Əgər biz indi Ümumdünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və, beləliklə, yerli istehsala böyük ziyan vurulacaq".

Rüfət Quliyev
Rüfət Quliyev

"Proteksionizm siyasəti yürütməliyik"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a deyib ki, Azərbaycanın ÜTT-yə üzv olmaq üçün artıq uzun müddətdir siyasi iradəsi var: "Amma bu təşkilata üzv olmaq üçün 40-a yaxın sənədlər imzalanmalıdır. O cümlədən də o sənədlər ki, onları imzalayandan sonra bazar digər ölkələrdən gətirilən ucuz malların təzyiqi altında qala bilər".

Deputatın fikrincə, ÜTT-yə üzvlük məsələsi prinsip etibarilə iqtisadidən daha çox siyasi qərardır: "İş burasındadır ki, ÜTT-yə üzv olan bir neçə postsovet ölkəsi var, amma bunun nəticəsində həmin ölkələrin iqtisadiyyatının əhəmiyyətli dərəcədə yüksəldiyini demək olmaz. Əksinə, bunun nəticəsində onların xarici borcları bir neçə ilə iki-üç dəfə artıb".

R.Quliyev hesab edir ki, Azərbaycan ilk növbədə xarici malların yerli istehsal ilə əvəz olunması prosesini sürətləndirməlidir: "İkincisi, biz proteksionizm siyasəti yürütməliyik. Hər ikisini də edirik. Üçüncüsü isə, bütün ssenarilərə hazır olmalıyıq. Məsələn, ÜTT-yə üzv olarkən fermerlərimiz, ərzaq mallarının istehsalçıları və digər istehsalçılar çox əlverişsiz vəziyyətə düşəcəklər. Xaricdən gələn ucuz mallarla rəqabət aparmaq çox çətin olacaq".

Deputat vurğulayıb ki, ÜTT-yə üzvlüyün çoxlu üstünlükləri var - ölkənin ixrac imkanları artır, istehsal, ticarət səviyyəsi düzəlir: "Amma risklər var, bu risklər ölkə rəhbərliyini düşünməyə və həmin üzvlüyə ölkə iqtisadiyyatını hazırlamağa vadar edir. İqtisadiyyatımız güclü olmalıdır. Ölkə rəhbərliyinin qərarı doğrudur, çünki hər şeyi ehmalca etmək lazımdır və biz də öz iqtisadiyyatımızı həmin üzvlüyə tələsmədən hazırlayırıq. Biz iqtisadiyyatımızı buna adaptasiya etməliyik. Bununla da bizim qazancımız itkilərdən dəfələrlə çox olacaq".

Toğrul Vəliyev
Toğrul Vəliyev

"Üzv olmaq istəmir"

İqtisadçı Toğrul Vəliyev isə bir qədər fərqli düşünür. O, Azadlıq Radiosuna deyib ki, həmin təşkilata üzvlük ölkənin məqsədlərindən, hökumətin strateji prioritetlərindən asılıdır: "Biz üzv olmaq istəmirik, ona görə də 20 ildən çoxdur müzakirələr aparılır. Üzv olmaq üçün bu qədər müzakirə aparmağın heç bir mənası yoxdur. Sadəcə, hökumət üzv olmaq istəmir və bunu onunla tez-tez əsaslandırır ki, üzv olsaq, itirə bilərik. Bu təşkilata üzv olursansa, gömrük rüsumlarını aşağı salmalısan, bazarı hamı üçün açmalısan. Belə olan halda, Azərbaycana idxal olunan malların qiyməti kəskin aşağı düşəcək və bu da onsuz da çətinlik ilə mövcud olan yerli bazarı, demək olar ki, öldürəcək".

Ekspertin sözlərinə görə, burada ən böyük problem ondan ibarətdir ki, bu 20 il ərzində yerli bazar çox da inkişaf etməyib: "Yerli mallar nisbətdə çox bahadır. Üzvlük reallaşarsa, idxal olunan mallar çox ucuzlaşacaq və ölkədə faktiki olaraq bir-iki sahədən başqa heç nə qalmayacaq. Ona görə də bu üzvlüyə niyyət yoxdur".

T.Vəliyev xatırladır ki, Azərbaycanın əsas gəlir mənbəyi neft və qaz satışıdır: "Bunun üçün isə ÜTT-yə üzv olmaq vacib deyil. Azərbaycan iqtisadiyyatında neft və qaz olmasaydı, biz, əlbəttə ki, ora çoxdan üzv olacaqdıq".

XS
SM
MD
LG