Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:06

Azərbaycanın 'qərbli siyasətçiləri necə satın alması' araşdırılıb


Bakıdan əcnəbiləri susdurma əməliyyatı. Karikatura
Bakıdan əcnəbiləri susdurma əməliyyatı. Karikatura

«Avropa dəyərləri alınır və satılır: Azərbaycanın beynəlxalq ictimaiyyətə mürəkkəb təsir sisteminin, qərbli siyasətçilərin satın alınmasının və hökumətlərarası qurumların zəbtinin tədqiqi». Bu yeni hesabat aprelin 23-də yayılıb. Hesabatı «Freedom Files» (Azadlıq Faylları) analitik mərkəzi Vətəndaş Həmrəyliyi Platformasının işçi qrupunun dəstəyilə hazırlayıb.

112 səhifəlik hesabat müxtəlif sənədlər, onlarla müsahibə sayəsində ərsəyə gəlib. Sənəddə «Azərbaycanın təmsilçilərinin qanunsuz lobbiçilik fəaliyyəti və korrupsiya əməllərinə işıq salır, onların qərbli deputatlara, dövlət rəsmilərinə, ekspertlərinə necə təsir göstərdiyi araşdırılır». Hesabat müəllifləri bildirirlər ki, bu dərin korrupsiya sistemi hökumətlərarası qurumların, hökumətlərin siyasətinə və qərarlarına nüfuz edir, onların etibarını sarsıdır, Bakıdakı rejimi insan haqlarının və demokratik institutların tənqidindən qoruyur.

HESABAT NİYƏ HAZIRLANIB

Hesabatın hazırlanması ideyası 2015-ci ilin yayında, ölkədə vətəndaş cəmiyyəti, müstəqil media, müxalifətə təzyiqlərin tüğyan etdiyi dönəmdə peyda olub. Həmin il xeyli sayda insan haqları fəalı, gənc fəallar, müxalifətçilər, AzadlıqRadiosunun araşdırmaçı-jurnalisti Xədicə İsmayılova məhkum edilib və «siyasi məhbuslar» sırasına qoşulub.

***Buna da bax-'Kürü diplomatiyası' AŞPA prezidentinə də çatdı [video]

«Azərbaycan rəhbərliyi sanki 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyindən cəsarətlənmiş, insan haqları və demokratiya sahəsində örnək olmaq əvəzinə, ölkəiçi repressiyanı görünməmiş səviyyəyə qaldırmışdı», – yazan müəlliflər beynəlxalq fiqurların da bu böhrana yetərincə reaksiya vermədiyini qeyd edir. Qərbin iqtisadi maraqları fonunda Azərbaycana iqtisadi və səyahət sanksiyalarının qoyulmasına dair beynəlxalq çağırışlara da qulaq verən yox idi.

Hesabatda qeyd olunur ki, həmin dönəmdə araşdırmaçı-jurnalist Xədicə İsmayılova Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi – OCCRP-dəki həmkarları ilə birlikdə hakim ailənin qanunsuz biznes sövdələşmələrini üzə çıxarmışdı. 2013-cü ildə AŞPA-da alman deputat Christof Strässer-in Azərbaycanda siyasi məhbuslara dair hesabatının qəbul olunmaması isə hakimiyyətin əməliyyatının uğurla keçdiyini, AŞPA-ya nəzarəti ələ aldığını göstərib. Beləliklə, bu təsir mexanizminin gizlinlərini açmaqdan ötrü bəzi beynəlxalq QHT-lər tədqiqat aparmağı təklif ediblər. Qeyd edək ki, hesabat müəlliflərinin adları təhlükəsizlik məqsədiylə açıqlanmır.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin qələbə sevinci
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

AYSBERQİN UCU

«İndi biz bu mexanizmin necə işlədiyini daha yaxşı anlayırıq, amma bu hesabat da aysberqin yalnız ucunu göstərir. Daha çox araşdırma, sənədləşdirmə, təhlil gərəkdir», – hesabatda vurğulanır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu araşdırmaların daha çox diqqət mərkəzində olduğu qeyd edilir. Çünki həmin qurumda əsas vəzifələrin çoxunu tutan şəxslər sistematik olaraq Azərbaycan hökumətini dəstəkləyib. Ötən ilin noyabrdan isə italyan deputat Luca Volonte ilə bağlı qalmaqal yaranıb. Onun lobbiçilik məqsədiylə Azərbaycandan 2.4 milyon avro alması iddiaları araşdırılır.

***Buna da bax-İtalyan deputata ödənən pulun prezident ailəsi ilə əlaqəsi üzə çıxır

«Əldə etdiyimiz məlumata görə, bu lobbiçilik şəbəkəsinin müxtəlif elementləri Azərbaycanda dövlət idarələri və böyük özəl şirkətlərin rəhbərləri tərəfindən idarə olunur. Dəlillər bütöv maşının strateji səviyyədə hakim rejimin başından koordinasiya olunduğunu göstərir. Bəzi ekspertlər cavabdeh şəxslərin Prezident Administrasiyasında oturduğunu söyləyir», –hesabatda qeyd olunur.

LOBBİÇİLİK NECƏ İDARƏ OLUNUR

Avropada lobbiçilik fəaliyyətinin ən vacib hədəfləri kimi Brüssel, Berlin, Paris, London və Strasburq seçilib. İstanbulun tarixi və iqtisadi səbəblərdən bu işdə mühüm rol oynadığı vurğulanır. Hesabatda qeyd olunur ki, həmin şəhərlərdəki səfirliklər lobbiçilik işində aparıcı roldadır. Onların büdcələri də digər şəhərlərə baxanda böyükdür. Parisdəki səfirlik ən fəal və ən zəngini sayılır. Səfirliklərdən başqa, özəl qurumlar da lobbiçilik işinə cəlb olunub. Azərbaycanlı oliqarx nazir Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun başçılıq etdiyi Avropa Azərbaycanlıları Cəmiyyəti (TEAS) onlardan biridir.

Hesabatda Azərbaycanın bir sıra ölkələri iqtisadi və siyasi əlaqələri incələnir, hakimiyyətin həmin ölkələrdəki dostlarının, havadarlarının adları çəkilir, barələrində informasiya verilir.

İ.Əliyev, Roma Papası Françis və M.Əliyeva
İ.Əliyev, Roma Papası Françis və M.Əliyeva

SOCAR-ın, Heydər Əliyev Fondunun əsas lobbiçilik mənbələri olduğu, Avropada bu işi şəxsən Kəmaləddin Heydərovun kurasiya etdiyi vurğulanır. «ABŞ-da lobbiçiliyə keçmiş nəqliyyat naziri Ziya Məmmədov və oğlu baxırdı. Amma o, vəzifədən uzaqlaşdırılandan nüfuzunu itirib, amma bu, heç də «Azərbaycanın ABŞ-da lobbiçiliyi dayandırması anlamına gəlmir», – hesabatda qeyd olunur.

TÖVSİYƏLƏR

Hesabat müəllifləri bir sıra tövsiyələr də hazırlayıblar. AŞPA Bürosuna, Avropa Şurası baş katibinə, AŞ Nazirlər Komitəsinə tövsiyə olunur ki, AŞPA-da korrupsiya iddialarını yubanmadan araşdırsınlar.

AŞPA-ya tövsiyə olunur ki, adı rüşvət verməkdə hallanan azərbaycanlı deputatlar Elxan Süleymanov və Müslüm Məmmədovun mandatları alınsın, hərtərəfli araşdırma aparılsın. AŞPA Azərbaycan nümayəndə heyətinin səs hüququnu alsın, Azərbaycanda siyasi məhbuslar üzrə etibarlı məruzəçi təyin etsin və s. Avropa Parlamentinə, ATƏT-in Parlament Assambleyasına üzvlərinin Davranış Kodeksinə yenidən baxmaq tövsiyə olunur.

Hakimiyyət təmsilçiləri bu hesabata, hələlik, mövqe bildirməyiblər. Ancaq beynəlxalq beyin mərkəzlərinin, qeyri-hökumət təşkilatlarının oxşar tənqidləri, adətən, rədd olunur. AŞPA-da lobbiçilik fəaliyyəti, korrupsiya iddialarına gəlincə, Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu iddiaları dəfələrlə «yalan» adlandırıb.

XS
SM
MD
LG