Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:04

'Total Energies' Azərbaycanda fəaliyyətini genişləndirir


"Abşeron" qaz-kondensat yatağı
"Abşeron" qaz-kondensat yatağı

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağının illik hasilatı 4 dəfəyə qədər artırılacaq.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "X" (keçmiş Twitter) hesabında yazıb.

Nazir bildirib ki, avqustun 31-də "Abşeron" yatağından ilk qazın verilməsi mərasimi olub.

“Abşeron”un tələbatımızı və ixracı nəzərə alan mərhələli inkişafı, illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetrədək çatdırılması ilə bağlı planlar ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir", nazir qeyd edib.

Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib. Yataqda ilkin qaz ehtiyatları 350-360 milyard kubmetr, kondensat 45 milyon ton qiymətləndirilir.

Əvvəlcə “Abşeron” layihəsində iştirak payı aşağıdakı kimi bölüşdürülüb: Total (operator, 50 faiz) və SOCAR (50 faiz). 4 avqust 2023-cü ildə Abu Dhabi National Oil Company yataqda 30 faiz, Total və SOCAR isə 35 faiz pay alıblar.

İlham Əliyevlə görüş

Avqustun 31-də Azərbaycanda səfərdə olan Fransanın “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyannen Prezident İlham Əliyev və energetika naziri Pərviz Şahbazovla danışıqlar aparıb.

Patrik Puyannen “Total Energies”in operatoru olduğu “Abşeron” yatağında hasilatın başlanması barədə dövlət başçısına məlumat verib.

Puyannen qeyd edib ki, hasilat quyusu ən məhsuldar və ən aşağı karbon tullantılarına malik quyudur. Bu da yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir.

Söhbət zamanı “Total Energies” şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən “Abşeron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycanda bərpa olunan enerji layihələrinin həyata keçirilməsi perspektivi müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazovla görüş zamanı isə “Total Energies” şirkətinin Azərbaycanda karbohidrogen sektorunda fəaliyyəti ilə bağlı məsələlərlə yanaşı, ümümi gücü 500 MVt olan külək-günəş enerjisi, enerji saxlanc sistemləri layihələrinin həyata keçirilməsi müzakirə edilib. Həmçinin ölkədə bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı, şəbəkəyə inteqrasiyası və ixracı ilə bağlı layihələrin cari vəziyyəti nəzərdən keçirilib, əməkdaşlıq imkanları diqqətə çatdırılıb, növbəti addımlar razılaşdırılıb.

Azərbaycan və Fransa arasında münasibətlər

"Total Energies" şirkəti rəhbərinin Bakıya gəlişi Azərbaycanla Fransa arasındakı münsaibətlərəd gərginliyin artıdğı vaxta təsaüdüf edir. Belə ki, avqustun 31-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki,görüş zamanı Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı Xarici İşlər Nazirliyinin etiraz notası Fransa səfirinə təqdim edilib.

Nazirliyin bəyanatında qeyd edilir ki, Fransa tərəfinin bu addımlarının Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, "ölkənin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir". (VOA)

XS
SM
MD
LG