Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:11

Azərbaycanla Türkmənistanın ticarət dövriyyəsi kəskin artıb


Türkmənistan qazı Azərbaycana niyə lazım olub?
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Türkmənistan qazı Azərbaycana niyə lazım olub?

İdxal 7 dəfə çoxalıb

Son dövrlər Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi sürətlə artmaqdadır. Dövlət Gömrük Komitəsinin bilgilərinə görə, 2021-ci ildə bu iki ölkə arasında ticarət dövriyyəsi 105 milyon dollar idi. Ötən il bu rəqəm 535 milyon dollara yüksəlib və bir il içində beş dəfə artıb. Artım, əsasən, Azərbaycanın Türkmənistandan idxalının çoxalması hesabına baş verib. 2021-ci ildə Azərbaycan Türkmənistandan cəmi 71 milyon dollarlıq məhsul idxal etmişdisə, ötən il həmin rəqəm 510 milyon dollara yüksəlib. Nəticədə Türkmənistan 2022-ci ildə Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi beşinci ölkə olub. İlk dördlükdə Rusiya, Türkiyə, Çin və Almaniya qərarlaşıb. Azərbaycanın ötənilki toplam idxalının 3.5 faizi Türkmənistanın payına düşüb. Türkmənistana ixracsa 2021-2022-ci illərdə, əksinə, 9 milyon dollara yaxın azalıb.

Ötən il Türkmənistandan idxalın 99 faizi neft-qaz sənayesi ilə bağlı məhsullar olub. Azərbaycanın Türkmənistana ixracına gəlincə, toplam ixracın 52 faizi (13 milyon 327 min dollar) şəkərdir. İlboyu bir milyon dollar aşan dəyərdə ixrac edilən digər üç məhsul - elektrik naqilləri, mühərrik ötürücüsü olan dolamaçarxlar və topoqrafik, meteoroloji, geofiziki alət və cihazlardır.

İdxal niyə artır?

Sözügedən iki ölkə arasında ticarət dövriyyəsindəki kəskin artım Azərbaycanın Türkmənistandan təbii qaz almasından qaynaqlanıb. Məlumdur ki, 2021-ci ilin noyabrında Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (swap) haqqında üçtərəfli saziş imzalanmışdı. Həmin saziş Türkmənistanın İran vasitəsilə Azərbaycana ildə 1.5-2 milyard kubmetr qaz tədarük etməsini nəzərdə tuturdu. Ötən ilin yanvarında hər gün 5-6 milyon kubmetr qazın Azərbaycana nəqlinə başlanıb. Daha sonra gündəlik qaz nəqlinin həcmi 7 milyon kubmetrə çatdırılıb. Bu sazişə görə, Türkmənistan qazı Türkmənistan-İran sərhədində alqı-satqıya çıxarılır və İran-Azərbaycan sərhədində İran qazının ekvivalenti ilə dəyişdirilir. Müqavilənin bitmə tarixi yoxdur.

Ötən ilin ilk rübünə dair açıqlanan rəqəmlərdən bəlli olur ki, bu il Türkmənistandan idxal daha da artıb. 2023-cü ilin ilk üç ayında Azərbaycan Türkmənistandan 190 milyon dollar dəyərində idxal gerçəkləşdirib. Bu, Azərbaycanın toplam idxalının təxminən 5 faizidir. Bir il öncə ilk rübün sonunda Türkmənistandan idxal cəmi 30 milyon dollarlıq olmuşdu.

Tərəflər bu sazişdən nə qazanır?

Qeyd edilən üçtərəfli saziş hər üç ölkəyə üstünlük verir. Azərbaycan baxımından sözügedən saziş ixrac edilən qazın həcmini artırmağa kömək edir. Unutmaq olmaz ki, Türkmənistan qazı daha ucuzdur. Bunun səbəbi həm türkmən qazının maya dəyərinin daha az olması, həm də dünya bazarına məhdud çıxış imkanları ilə bağlıdır. Beləcə, Azərbaycan Türkmənistandan ucuz qiymətə əldə etdiyi təbii qazı daxili bazara yönəldir və onun yerinə, öz qazını daha baha qiymətə Avropa ölkələrinə satır. Azərbaycan Türkmənistandan təbii qazın hər min kubmetrini ötən ilin aprelində 80 dollara alsa da, sonrakı aylardan qiymət 140 dollara qalxıb. Bu ilin yanvarında Azərbaycanın özü xaricə hər min kubmetr qazı ortalama 548 dollara satıb.

Ötən il Azərbaycanın təbii qaz ixracından qazandığı gəlir rekord həddə - 15 milyard dollara çatmışdı. Bu, toplam ixracın 40 faizə yaxını deməkdir. Rusiya qazından imtinadan sonra Avropanın digər ölkələrindən qaz idxalına tələbat çoxalıb. Bu baxımdan, Azərbaycan türkmən qazını idxal etdiyindən nisbətən daha çox qazı ixrac etmək şansı qazanır. Türkmənistanın özünə isə bu müqavilə ixrac kanallarını genişləndirmək baxımından çox önəmlidir. Eyni zamanda, ölkə qaz satışından gəlir əldə etmək imkanı da qazanır.

İrana gəlincə, bu ölkə müqavilədən həm gəlir əldə edir, həm də ölkənin qaz qıtlığından əziyyət çəkən, Türkmənistana yaxın yerləşən şimal əyalətlərini qazla təmin edə bilir. İran tərəfi öz ərazisindən keçən qazın bir hissəsini tranzit haqqı kimi ölkə daxilində qıtlıq yaşanan ərazilərə sərf edir.

Energetika Nazirliyinin məlumatına görə, bu ilin ilk üç ayında Azərbaycanda 12.2 milyard kubmetr təbii qaz hasil edilib. Bu, ötən illə müqayisədə 3 faiz artım deməkdir. Çıxarılan təbii qazın yarısından bir qədər çoxu – 6.5 milyard kubmetri ixrac edilib. İxracın əsas istiqaməti Avropa olub. İlk üç ayda Azərbaycan Avropa Birliyi ölkələrinə 2.9 milyard kubmetr təbii qaz satıb. Bu, ölkənin toplam ixracının təxminən 45 faizi deməkdir. İxrac edilən təbii qazın 42 faizi – 2.7 milyard kubmetrlik hissəsi isə Türkiyəyə satılıb. Azərbaycanın təbii qaz ixracında Gürcüstanın payı 0.9 milyard kubmetr, başqa deyimlə 13 faizdir.

XS
SM
MD
LG