Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:59

‘100-ə nə qaldı?’: Cümhuriyyət nazirləri: son baş nazir Məhəmməd Həsən Hacınski [12-ci yazı]


Məhəmməd Həsən Hacınski
Məhəmməd Həsən Hacınski

“Müsavat”dan bolşeviklər partiyasına keçid cümhuriyyətin ilk xarici işlər nazirini niyə edam kəndirindən xilas etmədi?

BİOQRAFİYASI

Məhəmməd Həsən Rzaqulu oğlu Hacınski 1875-ci ildə Bakıda doğulub. Bakı Real Məktəbini, Peterburq Texnoloji İnstitutunu (1902) bitirib. Bakı milyonçusu Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunun tikintisində çalışıb. 1908-ci ildə Bakıya qayıdaraq, şəhər idarəsində tikinti şöbəsinin rəisi işləyib. Bakının Baş planın (memar Fon Der Nonnenin baş planı) təkmilləşdirilməsinə qatılıb. 1909-10-cu illərdə dənizkənarı parkın salınmasına və dəniz hamamının tikintisinə rəhbərlik edib. Bakı şəhər Dumasının üzvü olub. “Hümmət” partiyasının və “Nəşri-maarif” cəmiyyətinin yaradıcılarından sayılır. “Nicat” Maarif Cəmiyyətinin, Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin mərkəzi komitəsində çalışıb. Müsavat Partiyasının ilk üzvlərindən olub.

Buna da bax: '100-ə nə qaldı?..': 'İstiqlal Bəyannaməsi' kimin əsəridir? [1-ci yazı]

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

1917-ci ilin aprelində Qafqaz müsəlmanlarının Bakıda, mayda isə Rusiya müsəlmanlarının Moskvada keçirilən qurultaylarının iştirakçısı olub. Hətta Bakı qurultayının açılışını edib. 1917-ci ildə yaradılan Zaqafqaziya Seyminin, Osmanlı ilə danışıqlar aparan nümayəndə heyətinin, Batum konfransının, Cümhuriyyətin milli şurasının üzvü olub. Hacınski cümhuriyyətin ilk xarici işlər naziri, 1918-ci ilin oktyabrından maliyyə naziri, 1919-cu il dekabrın 24-də yeni kabinetdə daxili işlər naziri, 1920-ci il fevralın 18-də ticarət naziri təyin edilib. Paris Sülh Konfransına qatılan nümayəndə heyətinin tərkibində olub. 1920-ci ilin martın 30-da - kabinetin istefasından sonra parlament ona yeni hökumət təşkil etməyi tapşırıb. Ancaq hökumət qurmaq üçün müxtəlif partiya və fraksiyalarla, hətta bolşevik partiyasıyla danışıqlar aparan Hacınski rədd cavabı alıb. Aprelin 22-də Hacınski yeni hökumətin təşkilinin mümkünsüzlüyünü parlamentin müvəqqəti spikeri Məmmədyusif Cəfərova çatdırıb və elə həmin gün “Müsavat”ı tərk edib bolşeviklər partiyasına üzv yazılıb. Bolşevik işğalından sonra Ali Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində rəhbər vəzifələrdə çalışıb. 1930-cu ildə Beriyanın əmri ilə Tiflisdə Zaqafqaziya Dövlət Siyasi İdarəsi onu həbs edib. Həbsxanada ürək ağrılarından əziyyət çəkib, vərəmə tutulub. İstintaq sənədlərinə görə, 1931-ci il fevralın 9-da intihar edib. Bəzi ehtimallara görə, 1931-ci il martın 8-də qəddarlıqla öldürülüb. Məmmədhəsən Hacınski Tiflisin Botanika Bağında dəfn olunub.

Buna da bax: '100-ə nə qaldı?': 'Azərbaycanda onların heç birinin qəbri yoxdur' [2-ci yazı]

HACINSKİNİN TARİXDƏ QALAN ƏMƏLLƏRİ

Məhəmməd Həsən Hacınski Moskvadan Bakıya qayıdandan sonra şəhər idarəsində memar və idarənin tikinti şöbəsinin rəisi təyin olunub. Şəhərin abadlaşdırılması və yenidən qurulması sahəsində mühüm işlər görüb. Şəhərin içməli su ilə təmin olunması məsələsini gündəmə gətirib. Hələ 1891-ci ildə Kürdən şəhərə su çəkilməsi məsələsi qoyulsa da, həm təmizləyici qurğuların bəsitliyi üzündən, həm də çayın mənsəbinə digər şəhərlərin kanalizasiya sistemi qoşulduğundan, bu çaydan istifadə əhalidə qəti etiraz doğurub. Sonrakı dövrdə bu məsələylə bağlı Bakıya çağırılmış ingilis mütəxəssisi V.V. Lindley Böyük Qafqaz dağları ərazisindən şəhərə su çəkilişinin daha münasib olduğunu rəsmi sənədlərlə şəhər Dumasına təqdim edib. Uzun aralıqdan sonra 1911-ci ildə Şollar suyu Bakıya gətirilib.

Yeri gəlmişkən, o zamanlar bərbad vəziyyətdə olan Şirvanşahlar sarayının qorunması və bərpası da M. H. Hacınskinin adı ilə bağlıdır.

BAKI BULVARININ YARADICISI

1909-cu ildə Bakı şəhər Dumasının iclaslarının birində şəhər idarəsinin rəisi Məhəmməd Həsən Hacınski çıxış edərək deyib: “Əhalinin boş vaxtının keçirilməsi üçün şəhərdə yeganə Mixaylovski bağı (Filarmoniya bağı - red.) azlıq edir və günün tələblərinə cavab vermir”. Bu təklif çox razılıqla qarşılanıb. Şəhər Duması həmişəyaşıl ağaclarla əhatələnən “Olimpiya” kinoteatrı, “Eldorado” restoranı və nəhayət, dəniz hamamı ilə kompleks təşkil edən dənizkənarı bulvarın tikintisinə 60 min rubl ayırıb. 2004-cü ildə Hacınskidən kitab nəşr etdirən mərhum Aydın Dadaşov yazır: “H. Z. Tağıyevin maliyyə yardımı ilə həyata keçirilən dənizkənarı bulvarın kompleks tikintisinə rəhbərlik etməsi M. H. Hacınskinin əməkhaqqını ayda altı min rubla qədər yüksəldir və həmin layihələr iki il ərzində yerinə yetirilərək başa çatır”. İki il ərzində bu sahəyə kənardan münbit torpaq daşınıb, Azərbaycanın başqa bölgələrindən və hətta Avropadan müxtəlif nadir bitki növləri gətirilib. Və təbii ki, bütün bu işlərə şəhər idarəsinin rəisi Hacınski nəzarət edib.

Buna da bax: ‘100-ə nə qaldı?’: Nə üçün Gəncə? [3-cü yazı]

3 MƏŞHUR HACİNSKİDƏN BİRİ - MƏHƏMMƏD HƏSƏN BƏY

Aydın Dadaşov araşdırmasında Məhəmməd Həsən bəyi Bakıda yaşayan 3 məşhur Hacınski nəslinin biri sayır və belə tanıdır: “...nədənsə M. H. Hacınskiyə qarşı müxtəlif dövrlərdə bir çox mütəxəssislər tərəfindən ziddiyyətli münasibətlər meydana çıxmışdı. Sovet hakimiyyəti illərində onu müsavatçı, xalq düşməni kimi damğalamışdılar. Keçid və müstəqillik dövrlərində isə Cümhuriyyət yaradıcıları haqqında əsərlər yazılsa da, M. H. Hacınski sovet illərində yüksək vəzifə tutmuş şəxs kimi diqqətdən kənarda qalmışdı. Fakt və sənədlərlə tanışlıqdan sonra bu şəxsin vətəni, xalqı yolunda gördüyü işlərin həqiqi mənzərəsi gözümüz önündə canlanır. M. F. Axundovun yaratdığı maarifçi-demokratiya məktəbinin ideyalarını öz işi və əməllərilə həyata keçirən Məhəmməd Həsən Hacınski bir an belə bu yoldan sapınmamışdır”.

“PƏNCƏRƏDƏN DAŞ GƏLİR”

Aydın Dadaşovun yazdığına görə, Məhəmməd Həsən bəy bu qədim xalq mahnısını çox sevərmiş. Kefinin yaxşı vaxtında o şövqlə bu mahnını oxuyar, hər zaman “Səadətim” çağırdığı ömür yoldaşı Səadət xanımsa onu cehizlik gətirdiyi oyma naxışlı, şamdanlı fortepianoda müşayiət edərmiş. Bu, Məhəmməd Həsən bəyin həyatının ən gözəl günlərində, hələ təzəcə evləndiyi vaxtlarda olarmış. Pəncərədən gələn daşların ünvana yetişməsinə hələ çox, lap çox qalıbmış...

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Baş nazir Fətəli xan Xoyski [4-cü yazı]

ZAQAFQAZİYA SEYMİ. HACINSKİNİN “YETKİN SİYASİ LİDERLİYİ”

Tadeuş Svyatoxovski “Rusiya Azərbaycanı. 1905-20-ci illər” əsərində yazıb ki, seymdə sərt qalmaqallar baş verdiyi bir şəraitdə Zaqafqaziya nümayəndə heyəti arasındakı təfriqə get-gedə güclənirdi: “Türkiyəyə güzəştə gediləcək ərazi məsələsində Xasməmmədov istisna təşkil edirdi. Görünür, onun Azərbaycan neft sənayesi ilə bağlı mənafeləri osmanlıpərəst duyğusundan daha güclü idi. Xasməmmədov Zaqafqaziyanın Bakıdan gələn neft kəmərinin son məntəqəsi olan Batumu özündə saxlaması təklifi ilə çıxış etdi”. Seymin 1918-ci il 13 aprel tarixli iclasında bu məsələ müsavatçı Şəfi bəy Rüstəmbəyov tərəfindən də müdafiə olunub və daha ciddi şəkil alıb. İclası aparan Seretelinin silahlı müqavimət təklifi müzakirə olunub. Bu məqamda Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov da daxil, bütün müsavatçıların məsələni yalnız sülh yolu ilə həlli üzərində dayanmaları seymdə qarşıdurmanı gücləndirib və ertəsi gün Trabzondakı sülh danışıqları aparan nümayəndələrin geriyə çağırılmasına səbəb olub. Tadeuş Svyatoxovski yazır: “Bu da azərbaycanlı nümayəndələrdə hiddət doğurub. M. H. Hacınski həmin qərarı yenidən müharibə başlamaq məqsədilə sülhü pozmaq cəhdi kimi qiymətləndirir və bunu “beynəlxalq əlaqələr tarixində ölçüyəgəlməz bir təxribat adlandırırdı”. O, qəzəblə nümayəndə heyətindən ayrılaraq bildirdi ki, “zəruri sülhə nail olmaq üçün İstanbula gedib qəti tədbirlərə əl atmaq barəsində” öz partiyasından mandatı vardır. Aydın Dadaşovun fikrincə, bu olay M. H. Hacınskinin ən ekstremal şəraitdə belə daim xalqının mənafeyinə uyğun qərar çıxara bilən, “Müsavat”ın iradəsini yerinə yetirən yetkin bir siyasi lider olmasından xəbər verir.

AXC-nin 4-cü nazirlər kabineti üzvləri
AXC-nin 4-cü nazirlər kabineti üzvləri

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Nəsib bəy Yusifbəyli [5-ci yazı]

HACİNSKİ PARİS SÜLH KONFRANSINDA

1919-cu il oktyabrın 27-də Parisi tərk edən M. H. Hacınski oradakı diplomatik çətinlikləri illər sonra həbsxanada verdiyi izahatda dilə gətirib: “Paris konfransının gedişinə fəal müdaxilə edən ABŞ siyasəti aparıcı mövqedə dururdu. Amerika prezidenti Vilsonun göndərdiyi 14 maddədən ibarət tələbnamədən göründüyü kimi, o, yer kürəsinin xırda parçalara bölünməsini istəmirdi. Görünür ki, beynəlxalq iqtisadiyyatı ələ almaq istəyən Amerikanın xarici ticarət siyasətinə belə özünün gömrükləri olan çoxsaylı xırda dövlətlər sərf eləmirdi. Xüsusən Avropa ilə Asiya arasındakı Zaqafqaziya ölkələri Amerikanın bu siyasəti qarşısında əsas maneəyə çevrilmişdi”.

HACINSKİ YENİ HÖKUMƏT TƏŞKİL EDƏ BİLMƏDİ, YA İSTƏMƏDİ?

Həmişə aktual olan bu sualı Aydın Dadaşov belə cavablandırır: “Qızıl Ordu Dağıstanı işğal etdikdən sonra iflic vəziyyətinə düşən Yusifbəyov kabinetinin fəaliyyətsizliyi, partiyalararası konfransda rus oriyentasiyasına keçmək tələbini irəli sürən, bununla da yeni hakimiyyət təşkil etmək hüququ qazanan Hacınskinin yarımməxfi danışıqlarda silahlı müdaxiləyə və daxili qiyama hazır olan bolşevikləri koalisiyalı hökumətdə iştirak etməyə çağırması müsavatçıların dövlət strategiyasının tərkib hissəsi idi. Parlamentdə Hacınskiyə Xoyskinin və digərlərinin müqaviməti isə bəlkə də bu prosesə gerçəklik çalarları vermək məqsədi daşıyırdı. Şübhəsiz ki, növbəti məqamlarda kabinet yaratmağı ləngitməklə dövləti hökumətsiz qoyaraq əhalini ümidsizliyə düçar edən baş nazir Hacınskinin 22 aprel 1920-ci ildə parlamentdə hakimiyyət təşkil edə bilmədiyini elan etməsi hadisələri yeni məcraya yönəldir”. Bu da şübhəsizdir ki, araşdırıcı adına kitab bağladığı şəxsi daha mülayim tonlarla tanıtdırır.

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Doktor Həsən bəy Ağayev [6-ci yazı]

27 APREL - CÜMHURİYYƏT PARLAMENTİNİN SON İCLASI

Səs çoxluğu ilə iclasın açıq keçirilməsi qərara alınıb və digər partiyalarla müzakirə aparan komissiyanın sədri kimi parlamentə izahat verən Məhəmməd Həsən Hacınski “Azərbaycan kommunist”lərindən gələn rusca məktubu oxuyub və tərcümə edib: “Mərkəzi Azərbaycan kommunist firqəsi bizə təklif edir ki, axşam saat 7-dək hökuməti onlara təslim edək. Bununla belə, əmin edirlər ki, onların şərtlərini qəbul etsək, Qızıl Ordu əsla Bakıya gəlməyəcək və Qızıl Ordunun Bakıya gəlməməsi üçün onlar əllərindən gələni edəcəklər. Onlar deyirlər ki, hökumət Azərbaycan kommunistlərinin əlində olarsa, Qızıl Ordu heç bir vədə buraya gəlməyəcək. Hökumət mexaniki surətdə təslim edilməlidir. Nə kimi məmurlar varsa, hamı öz yerlərində qalacaqlar. Yalnız hökumət başında olanlar kənar edilib yerlərinə Azərbaycan kommunistləri keçir və müsəlmanlardan başqa orada kimsə yoxdur...”.

HACINSKİ BOLŞEVİK PARTİYASINDA...”ALÇAQ?”

Elə həmin gün-aprelin 27-də ərizə yazaraq bolşeviklər partiyasına üzv yazılan “ilk müsavatçı” Hacınskinin bu addımını silahdaşları hiddətlə qınayıblar. Cümhuriyyətin əks-kəşfiyyat idarəsinin rəisi Nağı bəy Şeyxzamanlı illər sonra onun bu hərəkətini yazdığı “Xatiratım” kitabında belə qiymətləndirib: “Hökumətimizin daxilində çox məşum rol oynamış Məhəmməd Həsən Hacınski gizli olaraq Moskva agentləriylə sözləşmiş, hökumətimizin və xalqımızın əleyhinə çalışmışdır. Moskvanın göstərişi ilə hərəkət etmişdir. Əsl xəyanətkar olan bu bədbəxt xainin hərəkəti pula tamahı olmayıb alçaqlığından irəli gəlmişdir”.

BOLŞEVİK HACINSKİ NƏLƏR ETDİ?

Bolşevik işğalından sonra xalq təsərrüfatı sahəsində çalışan M. H. Hacınski 1922-ci ildə Mirzə Ələkbər Sabirin abidəsinin inşasına da rəhbərlik edib. 1923-cü ildə Zaqafqaziya Dövlət Plan komitəsi sədrinin birinci müavini təyin olunub. Azərbaycanda sənaye şəhərlərinin salınması barədə layihələrin müəllifi olub, Daşkəsənin iqtisadi inkişafını önə çəkib.

Buna da bax: '100-ə nə qaldı?': Rəsulzadə - müstəqil dövlət yaradan adam [7-ci yazı]

OYMA NAXIŞLI, GÜMÜŞ ŞAMDANLI FORTEPİANO TİFLİSDƏ

1922-ci il mayın 8-də ailəsiylə birlikdə Bakıdakı mənzilindən təkcə “oyma naxışlı, gümüş şamdanlı fortepianonu götürüb Tiflisə köçən M. Hacınski 1924-cü il noyabrın 1-dək Zaqafqaziya Xalq Komissarlığının xarici ticarət komissarının, 1927-ci il oktyabrın 10-dan dövlət plan komissarının, həbs olunduğu tarixə -1930-cu il noyabrın 12-dək təchizat və ticarət komissarlarının müavini vəzifəsində çalışıb. Zaqafqaziyada iri sənaye şəhərlərinin salınması barədə layihələrin müəllifi olub. Məqalə və çıxışlarında, Rustavi Metal kombinatını filizlə təchiz edəcək Daşkəsənin iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayıb.

Məhəmməd Həsən Hacınski
Məhəmməd Həsən Hacınski

BERİYA İLƏ BİR BİNADA YAŞAMAQ...

Hacınskilər ailəsi Tiflisdə Piroqov küçəsindəki 8 saylı binada yaşayıblar. Binanın 2-ci mərtəbəsində Hacınskilər ailəsi,3-cüdə Zaqafqaziya Diyar Partiya Komitəsinin birinci katibi Lavrenti Beriya və 1902-05-ci illərdə Bakıda “Nina” bolşevik mətbəəsində çalışmış “Vano” ləqəbli İvan Sturua yaşayırmış. Məhəmməd Həsən Hacınski ona üz tutaraq “necə tale məni bu yaramazla bir evə salmışdır” deyə dəfələrlə qonşusu Lavrenti Beriyaya gizli nifrətini bildirirmiş. Həmin “yaramaz” bir müddət sonra qonşusunu həbs etdirir.

Buna da bax: ‘100-ə nə qaldı?:’ ‘Azərbaycan davasının yorulmaq bilməyən vəkili’ – Topçubaşı [8-ci yazı]

SON SƏFƏR

Aydın Dadaşov yazır: “3 dekabr 1930-cu ildə gecə yaşadığı mənzilində axtarış olunduqdan sonra həbs edilən M. H. Hacınski diş tozu, şotka, sabun, dəsmal və Səadət xanımın qızların cehizindən çıxardığı qatı açılmamış mələfəni kiçik çemodanına qoyub həmişəlik gedir. Dövlət Təhlükəsizlik Nazirliyinin arxivindəki P.S.75525 saylı qovluqdakı 233 nömrəli orderi EKO rəisi Tatyan imzalamış, AKQPU-nun sədr müavini L. Beriya isə təsdiq etmişdir”.

ÖLÜMÜ: “PİANONU SATIN, AC QALMAYIN”

Həbsdə yatan Hacınski yazdığı məktubların birində vaxtilə gözəl günlərə şahidlik edən “oyma naxışlı, gümüş şamdanlı” fortepianonun taleyini də həll edir: “Mənim yazıq yetimlərim, ananızı incitməyin, ona qulluq edin. Mənə heç nə göndərməyin, burada hamısı var. Pianonu satın, ac qalmayın”. O, 1931-ci il fevralın 8-də mələfədən doğrayıb hazırladığı kəndirlə həbsxanada özünü asır.

SON MƏKTUB:

Hacınski son məktubu ölümündən 1 gün öncə yazır və ailəsi ilə vidalaşır. Onlardan onu qınamamağı xahiş edir və özünün təmiz adam olduğunu bildirir: “Mən sizə heç bir dövlət qoymuram, çünki yoxumdur. Mənim dövlətim elə sizsiniz. Qardaşınız bacınız, bacınız qardaşınız üçün dövlətdir” .

Buna da bax: ‘100-ə nə qaldı?’: Cümhuriyyət nazirləri: Ədliyyə naziri Xəlil bəy Xasməmmədli [9-cu yazı]

“TABUTDAN SİZƏ YALVARIRAM”

İstintaq işində M. H. Hacınskinin 1907-ci ildən tanıdığı Serqo Orconikidzeyə və Ş. Eliavaya ünvanladığı məktub da var: “Tabutdan da sizə yalvarıram ki, mənim əməllərimə işıq tutub, heç olmazsa, bu biabırçılıqların azalmasına yardım edəsiniz. Ölüm anında bildirmək istəyirəm ki, mən həqiqətən sizin quruluşa düşmən olsam da, bu hakimiyyət barədə ağzıma gələni danışsam da, əslində, açıq və qəti fəaliyyət üçün hər zaman tərəddüd etmişəm. Odur ki, mənim Sovet hökumətinə qarşı törətdiyim hər hansı bir ziyanlıqdan söhbət gedə bilməz”.

“PƏNCƏRƏDƏN DAŞ GƏLİR” AİLƏ HİMNİNƏ ÇEVRİLİR

Aydın Dadaşovun araşdırmasından: “Məhəmməd Həsən bəyin ölümü həmin gün oğlu Şamillə həbsxanaya baş çəkməyə gəlmiş Səadət xanıma bildirilir. Ərinin cəsədinin qaytarılmayacağını öyrənən Səadət xanım S. Orconikidzeyə teleqram vurub vida görüşü almağa yardımçı olmasını xahiş edir. Evə gəlib halva çalan Səadət xanım uşaqlarını başına yığıb mərhumun adına dualar oxuyur. Və sonra onun xahişi ilə Minurə (qızı - red.) Məhəmməd Həsən bəyin vaxtilə Moskvadan Səadət xanıma göndərmiş olduğu məktubu ilk dəfə hamı üçün oxuyur. Uşaqlarına ağlamağı qadağan edən ana zəif səslə “Pəncərədən daş gəlir”i zümzümə edir. Xorla ona qoşulan uşaqlar bu mahnını faciə ilə üzləşmiş ailənin himninə çevirirlər”.

Buna da bax: ‘100-ə nə qaldı?’: Cümhuriyyət nazirləri: Milli təhlükəsizlik təşkilatının rəhbəri Nağı bəy Şeyxzamanlı [10-cu yazı]

SON GÖRÜŞ... KƏNDİRİ MƏZARA DƏFN EDİRLƏR

Ailəyə vida görüşünə icazə verilir: ”Ertəsi gün Serqo Orconikidzenin göstərişi ilə Səadət xanımla Şamil onun cəsədi qarşısında yasin əvəzinə “Pəncərədən daş gəlir” oxuduqdan sonra mərhumun şəxsi əşyası kimi onlara təqdim olunan xırda çemodanı da götürüb evə qayıdırlar. Onun içərisindən çıxan mələfədən doğranıb hazırlanmış kəndir qızların vay-şivəninə səbəb olur. Həmin gecə oğlanları kəndiri aparıb xəlvətcə vaxtilə F. X. Xoyskinin və H. Ağayevin də dəfn edildikləri Mirzə Fətəli Axundovun məzarının ayaq tərəfində basdırırlar”.

TALEYİN 2 İSTEHZASI

Taleyin işinə bax. 1920-ci ilin aprelin 27-də cümhuriyyətin son nəfəsində “Müsavat”dan çıxıb bolşeviklərə qoşulan “ilk müsavatçı” Hacınski 1931-ci ildə təzədən köhnə partiyadaşlarının yanına “qayıdır”. 11 il öncə qətlə yetirilən Fətəli xan Xoyskinin və doktor Həsən bəy Ağayevin məzarı yaxınlığında dinclik tapır...

Taleyin daha bir istehzası. Məhəmməd Həsən Hacınskini gənclik dostu, vaxtilə “Hümmət”də birgə çalışdığı Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə yaratdığı “Azərbaycan Milli Mərkəzi”nin işi üzrə ittiham edirlər...

Buna da bax: ‘100-ə nə qaldı’: Cümhuriyyət nazirləri: daxili işlər naziri Behbud xan Cavanşir [11-ci yazı]

AİLƏSİ

M. Hacınskinin böyük oğlu Şamil 1927-ci ildə Almaniya Darmştat Universitetinin inşaat fakültəsinə daxil olub və oranı bitirərək Tiflisə qayıdıb. Nuşirəvan Almaniyanın Kotsput Universitetinin tekstil mühəndisliyi fakültəsini 1932-ci ildə bitirib və ömürlük Almaniyada qalıb. Ölümündən sonra Hacınskinin Bakıdakı mülkü ailənin əlindən alınıb. Ailə pərən-pərən düşüb. 4 oğlu, 3 qızı olan Hacınskinin ailəsinin bundan sonra başına gələnlər qorxulu nağıllara bənzəyir. Sibir sürgünü, aclıq, səfalət və sadəcə, yaşam savaşı. Atasının ölümündən sonra Vətənə dönmək istəməyən Nuşirəvan 1945-ci ildə Berlinin müdafiəsində həlak olub. Həbs düşərgələrindən, sürgünlərdən keçən Şamil Hacınski, gec də olsa, ailə qura bilib. Oğluna atasının adını qoyub. Uşaq 10 yaşına çatanda müəmmalı şəkildə ölüb. Bu hadisədən sarsılan Şamil yataq xəstəsi olub və 1969-cu ildə vəfat edib. Murad 7 il cəbhədə savaşandan sonra sürgün edilib və 50-ci illərdən sonra Moskvada yaşayıb, 2000-ci ildə orada vəfat edib. Dördüncü oğul Tofiq 1940-cı ildə Moskvada Avtomobil Yolları İnstitutunu bitirib. Leninqradın müdafiəsində vuruşub, dəstə komandiri olub, Berlinədək gedib çıxıb. Qardaşı Nuşirəvanın yaşadığı küçəyə gəlib, bombardmandan uçub xarabaya dönmüş evi görüb sarsılıb. Qonşudan Nuşirəvanın yaralı xanımının iki oğluyla Hamburqa üz tutduğunu öyrənib. Müharibədən sonra Moskvada qulluq edən Tofiq Hacınski daim anasının, bacı və qardaşlarının axtarışı ilə məşğul olub. Nəhayət, Qazaxıstanda sürgün taleyi yaşayan doğmalarını tapıb və yenidən sarsıntı keçirib. Tofiqin bu gəlişindən sonra ailəyə bir kənddən digərinə getməyə, daha sonra Alma-Ataya köçməyə icazə verilib. 1949-cu ildə atasının kimliyini gizlətdiyinə görə rütbəsi əlindən alınıb, təhlükəsizlik orqanlarından və partiya sıralarından xaric edilib. O, 40-cı illərin sonlarından Moskva şəhər təsərrüfatı idarəsində çalışıb. Yetmişinci illərin sonlarında Moskvanın ən böyük rayonlarının birində abadlaşdırma və yol idarəsinin rəisi olub. Tofiq 1981-ci ildə dünyadan köçüb.

Hacınskinin 3 qızı - Fatma, Minurə və Leyla anaları Səadət xanımın qadağası üzündən sürgündə başqa millətlə ailə həyatı qura bilməyib. 1953-cü ildə Səadət xanım Bakıya gəlib və ərinə bəraət ala bilib. O, 2 qızıyla yalnız 1960-cı ildə Bakıya qayıda bilib və 1972-ci ildə vəfat edib. Alma-Atıda müəllim işləyən Fatma 2000-ci ildə, Bakıda Neft və Kimya İnstitutunda müəllim işləyən Minurə 2004-cü ildə dünyayla vidalaşıb. Ailənin son beşiyi Leyla 2004-cü ildə xəstə və tənha həyat sürürmüş. Sonrakı taleyi bilinmir...

Səadət xanım cəmi bir dəfə - 1959-cu il fevralın 9-da, ərinin ölüm günündə Tiflisə, onun məzarına baş çəkməyə gedib və Mirzə Fətəlinin ayaq ucuna gül dəstəsi qoyaraq Alma-Atıya qayıdıb.

Cümhuriyyət-100 davam edəcək

XS
SM
MD
LG