Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:08

Azərbaycan 'yaşıl artım'a çatmaq üçün nələr etməlidir?


'Monopoliyadır, imkan vermirlər!' - Azərbaycanda külək enerjisi niyə zəif inkişaf edib
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

'Monopoliyadır, imkan vermirlər!' - Azərbaycanda külək enerjisi niyə zəif inkişaf edib

Son dövrlər qlobal iqtisadiyyatda ən vacib istiqamətlərdən biri yaşıl iqtisadiyyatın genişləndirilməsi və "yaşıl artım"a nail olmaqdır. Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat bunu şərtləndirən əsas amillərdir. Ekoloji təmiz texnologiyaların tətbiqinə önəmli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası, ekoloji baxımdan əlverişli yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsi yaşıl iqtisadiyyat çərçivəsində hədəflənən əsas işlərdir.

Son illər Azərbaycan da bu istiqamətdə fəaliyyət gözə çarpır. Məsələn, hökumət ölkənin tezliklə yaşıl enerjinin ixracatçısına çevriləcəyini bildirir. "Yaşı artım" ölkənin strateji inkişaf sənədlərində də əsas hədəflər arasındadır. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlanan sənəddə 2030-cu ilədək Azərbaycanın müəyyənləşdirdiyi beş milli öncəlikdən biri "təmiz ətraf mühit və yaşıl artım" ölkəsi olmaqdır. BMT-nın 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyi ilə bağlı və Paris Sazişinə əsasən də yaşıl iqtisadiyyatla bağlı öhdəliklər var.

Dünya Bankının hazırladığı "Azərbaycan: yaşıl artıma doğru" adlanan tematik arayışda bildirilir ki, Azərbaycan iqtisadiyyatının əsas problemi sayılan resurs asılılığının aradan qaldırılması baxımından da "yaşıl" təşəbbüslər vacib rol oynaya bilər. Bəs Azərbaycanda "yaşıl artım"la bağlı durum nə yerdədir?

Əsas çətinliklər

Yaşıl iqtisadiyyata keçidlə bağlı Azərbaycandakı proses bunun düzgün və vaxtında gerçəkləşdirilməməsi üçün ciddi risklər yaradır. Nəzərə almaq lazımdır ki, ölkənin ixracında Avropa İttifaqının payı 60 faizi aşır. Unudulmamalıdır ki, həm Avropa İttifaqı, həm də Türkiyə, Gürcüstan, İsrail, Hindistan, Çin kimi Azərbaycanın önəmli ticarət tərəfdaşları karbonsuzlaşma ilə bağlı ciddi planlara və hədəflərə sahibdir. Bu hədəflər arasında ənənəvi enerji resurslarından istifadənin azaldılması ön sıralardadır. Azərbaycanın ixracının 92 faizi, büdcə gəlirlərinin tən yarısı enerji sektoru hesabına formalaşır. Bu üzdən, ölkə yaşıl transformasiyanı gecikdirsə, ciddi risklərlə üzləşəcək, axı ticarət tərəfdaşlarının enerji keçidi prosesinə uyğun dəyişikliklər olmalıdır. Simulyasiyalarda ortaya çıxan nəticəyə görə, təkcə Avropa ölkələrinin neft və qazdan asılılığı azaltmaq üçün həyata keçirdiyi layihələr 2035-ci ilədək Azərbaycanın ixracatına 2.5 milyard dollar civarında təsir göstərəcək.

Dünya Bankının hazırladığı sənəddə bildirilir ki, iqtisadiyyatda şaxələnmənin az olması ilə yanaşı, ümumi hazırlığın, o sıradan insan kapitalının zəifliyi ucbatından ölkənin bu cür dəyişikliklərə dözümlülüyü də yetərsiz səviyyədədir. Deməli, Azərbaycanda yaşıl iqtisadiyyata keçidlə bağlı strateji yanaşmaların, proqramların hazırlanmasına ehtiyac var.

Unutmaq olmaz ki, keçid riskləri bir yana, Azərbaycan iqtisadiyyatı iqlim dəyişikliklərinin fiziki təsirinə də məruz qalır. Üstəlik, yüksək və ortagəlirli ölkələrlə müqayisədə Azərbaycan ekoloji itkilərdən, aşağı torpaq məhsuldarlığından, su qıtlığından və yüksək emissiya intensivliyindən də əziyyət çəkir. Suyun azlığı bütün ölkədə ciddi ölçüdə gözə çarpır. Ölkə ərazisinin 42 faizi torpaq aşınmasına məruz qalır. Bu, məhsuldarlığı azaldır və iqtisadi itkilər doğurur. Di gəl, Azərbaycanda ətraf mühitə xərclər Avropa İttifaqı ölkələri ilə müqayisədə 20 dəfə azdır.

Müsbət dəyişikliklər üçün nələr edilə bilər?

Ümumi daxili məhsulda (ÜDM-də) payı təkrəqəmli həddə olsa da, ölkədə torpaqdan istifadənin 57.6 faizi kənd təsərrüfatının payına düşür. Bunun da yarısı daimi örüş sahələridir. Ancaq Azərbaycan ərazisinin 42 faizində eroziya torpağı aşındırır. Bu aşınma qismən bol yağış və sel üzündən, eləcə də sahələrdə mal-qaranın ifrat otarılması səbəbindən baş verir. Dünya Bankı torpaqdan istifadənin mövcud durumunu qiymətləndirib. Azərbaycan karbon emissiyasını daha 116 milyon ton azalda bilər. Bundan ötrü örüş sahələrinin təxminən 85 faizinin təyinatı dəyişdirilməlidir. Burada həmin sahələrin böyük hissəsinin təbiətə geri qaytarılmasından, qalan hissəsininsə irriqasiyalı və yağıntı ilə suvarılan əkin sahələri arasında paylanmasından söhbət gedir.

Texnologiya və innovasiyalar azkarbonlu iqtisadiyyata keçidin ilkin şərtləridir. Dünya Bankının hazırladığı sənəddə bildirilir ki, dünya bazarlarının azkarbonlu enerji resursları axtarışında olduğu nəzərə alınsa, Azərbaycanın ixracatında azkarbonlu hidrogen vacib rol oynaya bilər. Önəmli həcmdə bərpaedilən resursları (məsələn, dəniz küləkləri), təbii qaz resursları, infrastruktur və əsas bazarların yaxınlığı sayəsində Azərbaycan azkarbonlu hidrogen sektorunu gəlişdirib mühüm istehsalçıya çevrilə bilər. Bundan başqa, ölkə yüksəkixtisaslı, yüksəkmaaşlı iş yerlərinin yaradılması potensialı olan investisiyaları artırmaqla geniş ekoloji və ictimai sağlamlıq faydaları əldə edə bilər. Bu baxımdan, digər vacib amil yaşıl infrastruktura özəl sektorun sərmayə yatırmasının stimullaşdırılmasıdır. Bu, istər iş yeri sayının artması, istərsə iqtisadiyyatda əlavə dəyər yaranması baxımından çox faydalıdır.

Daha dayanıqlı iqtisadiyyatın, sağlam həyat şəraitinin qurulması üçün dayanıqlı istehlak və istehsal üzərində daha ciddi durmaq tələb olunur. Ekosəmərəliliyə, təmiz istehsal və texnologiyalara sərmayə yatırılmasının dəstəklənməsi müəssisələrin ekoloji göstəricilərini yüksəldə, çirklənməni və bununla bağlı problemləri azalda bilər. İstehsalat prosesinin modernləşdirilməsi hesabına tullantıların azaldılması və materialların təkrar istifadəsi də bu baxımdan çox əhəmiyyətlidir.

Beləcə, Dünya Bankının araşdırmasından məlum olur ki, Azərbaycan ekologiya sahəsində öz öhdəliklərini qarşılasa və özəlliklə neft üzərində qurulmuş artım yoluna dönməsə, yaşıl iqtisadi diversifikasiya istiqamətində yolunu davam etdirə bilər. Bundan ötrü hökumətin strateji planlamanı və real struktur islahatları doğru aparması ən önəmli şərtdir.

XS
SM
MD
LG