Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:13

Rusiyada polis ad günü keçirən 50 azərbaycanlıya orduya çağırış vərəqələri verib


Rusiyanın Voronej şəhərində polis restoranlardan birində ad gününü qeyd edən 50 azərbaycanlıya hərbi xidmətə çağırış vərəqələri verib.

Vesti Voronej teleqram kanalının yazdığına görə şahidlər polisin əvvəlcə sənədləri yoxladığını, daha sonra isə hərbi komissarlığa çağırış vərəqələrini payladığını bildirib.

Bəzi məlumatlara görə çağırış vərəqələri bu yaxınlarda Rusiya Federasiyasının vətəndaşı olanlar, amma hərbi qeydiyyatdan keçməyənlərə verilib.

Oktyabrın sonlarında İstintaq Komitəsinin rəhbəri Alekdsandr Bastrıkin Rusiya pasportu alan, amma Ukraynaya qarşı müharibədə iştirak etmək istəməyən miqrantların vətəndaşlıqdan məhrum edilməsinıə dair təklif vermişdi:

"Nə qədər ki, xüsusi hərbi əməliyyat davam edir, onları bu əməliyyatda iştiraka cəlb etmək lazımdır. Əgər kimsə Rusiya Federasiyası vətəndaşı olaraq öz hərbi borcunu yerinə yetirməyə hazır deyilsə, belə adamın vətəndaşlıqdan məhrum edilməsi barədə qərar qəbul etmək lazımdır”.

Bundan əvvəl

Kremlin əməkçi miqrantları müharibəyə göndərməsi bir il bundan əvvəl məlum olub.

Hüquq müdafiəçisi Valentina Çupik 2022-ci ilin oktyabrında bildirmişdi ki, Moskvadakı Saxarovo miqrasiya mərkəzində miqrantlara müharibədə iştirak üçün kontraktlar imzaladırlar.

2023-cü ilin avqustunda isə Rusiyanın bir sıra regionlarında hüquq-mühafizə işçilərinin reydlər keçirərək Rusiya pasportu almış, amma hərbi uçota dayanmamış kişiləri axtardıqları xəbər verilmişdi.

Bildirilirdi ki, polis belələrini aşkar edən kimi onlara çağırış vərəqəsi təqdim edir və hərbi komissarlığa aparır.

Ötən yazda Rusiya prezidenti Vladimir Putin Rusiya ordusunda xidmət üçün müqavilə imzalamış əcnəbilərə Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada verilməsinə dair fərman imzalamışdı.

XS
SM
MD
LG