Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 23:04

Kəndə canavar sürüsü dadanıb


Canavar
Canavar

«Elə ki, canavar sürüsü peyda olur, çobanların qoyun-quzunu, mal-qaranı qoyub qaçmaqdan başqa çıxış yolu qalmır».

Cəlilabadın Babaxanlı kəndində yaşayan Ərəstun Səfərov deyir, xeyli vaxtdır canavar sürüsünün ayağı kənddən çəkilibmiş. Son günlər kəndin, əsasən, otlaq sahələrinə yenə yırtıcılar dadanıb:

«4-5 gün əvvəl üç eşşəyi parçaladılar. Ondan əvvəl bir başqa kəndlinin mal-qarasına hücum etmişdilər. Havalar soyuduqca, ac canavarlar, çaqqallar meşələrdən çıxıb kəndə tərəf gəlir».

Ərəstun Əliyevin sözlərinə görə, ötən qış canavar sürüsü Xəlilli kəndində ona və qardaşına məxsus olan qoyun sürüsünə hücum çəkərək 11 qoyunu parçalayıb. Xəlilliyə yırtıcı heyvanların hücumunun çox olduğunu nəzərə alaraq, bu il Əliyev heyvandarlıq təsərrüfatını Babaxanlıya köçürüb. Ancaq burada da heyvanlara təhlükə olduğunu görəndə gözü qorxub:

«Heyvanları çölə buraxırıq, geri qayıdacaq, qayıtmayacaq, təminatı yoxdur. Çobanların həyatı təhlükədədir. İş orasındadır, yırtıcı sürüləri yaşayış yerlərinə də ayaq açıb. Kənddə məktəbə gedib-gələn uşaqlar var. Onları düşünmək lazımdır».

CANAVAR ÖLDÜRMƏYƏ QORXURLAR Kİ, CƏRİMƏLƏNƏRLƏR

Gədəbəydə yaşayan Firudin Canbaxışovun 81 yaşı var. Keçmiş ovçulardandır. Deyir, Sovet dönəmində meşəyə yaxın ərazilərdəki təsərrüfatların qorunmasına həm dövlət qurumları, həm də kəndlilər nəzarət edirmiş. İndi bu nəzarət demək olar ki, təkcə bələdiyyənin ümidinə qalıb:

«Yırtıcı heyvanlar yayda meşələrin cır meyvələri ilə qidalanırlar. Əsasən qış aylarında ac qaldıqları üçün insanların yaşadıqları ərazilərə üz tuturlar. Ona görə də qışqabağı meşəətrafı kəndlərin təhlükəsizliyi artırılmalıdır. Sovet vaxtı bu işə kəndlilər də cəlb olunurdular. Onlara təsərrüfatlara, insanlara zərər verən heyvanları vurmaq icazəsi verilirdi. Mən özüm 40 ildən çox bu işlə məşğul olmuşam. Ancaq indi adamlar canavar öldürməyə qorxurlar ki, cərimələnərlər».

Cəlilabadın icra hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, rayonun Baytarlıq İdarəsi, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi və kənd bələdiyyələri təsərrüfatlara yırtıcıların hücumlarının qarşısının alınması üçün tədbirləri gücləndiriblər. Təsərrüfatlara və canlılara zərər verən yırtıcıların məhv edilməsinə isə qadağa yoxdur:

«5 gün əvvəl iki eşşək parçalanıb, baytar həkimlər protokollaşdırıblar. Dövlət qurumları vətəndaşların təhlükəsizliyi üçün əlindən gələni edir. Kəndlilər də ayıq-sayıq olmalıdır. Uşaqları nəzarətdə saxlamalıdırlar».

Ərəstun Əliyevsə qonşu kənddən daşıyıb gətirdiyi mal-qaranı yırtıcılardan qorumaq üçün indi də başqa yer axtarışındadır.

XS
SM
MD
LG