Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:53

Bakı Moskvanın təklifinə razılıq verib, Yerevan susur


Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan iyulun 25-də bildirib ki, hazırda Yerevan Bakının 10-cu təkliflər paketinə cavab təklifləri üzərində işləyir:

"Sülh müqaviləsinin qısa müddətdə imzalanması üçün Ermənistan Respublikası tərəfindən artıq bəyan edilmiş və təqdim olunmuş əsas təklifə uyğun olaraq Ermənistanın əks-təklifləri üzərində iş gedir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Bakı və Yerevan arasında sülh müqaviləsinə dair danışıqlar təklif paketlərinin mübadiləsi vasitəsi ilə artıq uzun müddətdir davam edir.

Yerevan Bakıdan 10-cu təkliflər paketini aldığını ötən ay bəyan etmişdi.

Bunun ardıca Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun BayramovArarat Mirzoyan arasında ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə görüş olub.

Azatutyun yazır ki, bundan sonra razılaşmanın yekunlaşdırılması üçün ilk addım bəyan edilib.

Lakin bəyanatdan söhbətin hansı addımdan getməsi məlum deyil.

Rusiya yenə də ev sahibliyi təklif edir

Azatutyun yazır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündən iki həftə sonra Rusiya yenidən sülh danışıqlarına ev sahibliyini təklif edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 23-də keçirdiyi brifinqdə deyib ki, Moskva Bakı və Yerevan arasında sülh müqaviləsinin layihəsi üzrə danışıqlara dəfələrlə vasitəçilik edib və bunu davam etdirməyə hazırdır:

“Daim vurğuladığımız kimi biz bunu davam etdirməyə hazırıq. Biz hər iki nümayəndə heyətinin istədiyi ikitərəfli formatda danışıqlar üçün ən münasib şəraiti yaratmağa hazırıq”.

Zaxarova hər iki ölkəni Rusiyanın “müttəfiqi” adlandırıb.

Moskva-Vaşinqton rəqabəti

Azatutyun TASS agentliyinə istinadla yazır ki, Azərbaycan tərəfi bu təklifi qəbul etdiyini dərhal bildirib.

Azərbaycan XİN-in sözçüsü deyib ki, Azərbaycan Ermənistanla Rusiyada və bütün başqa məkanlarda danışıqlara hazırdır.

Azatutyun yazır ki, rəsmi Yerevan hələlik bu təklifə münasibət bildirməyib. Ermənistan bundan əvvəl Moskva platformasında danışıqlardan imtina etmiş və Qərb vasitəçilərinə üstünlük verdiyini bildirmişdi.

Rusiya rəsmiləri dəfələrlə bildiriblər ki, ABŞ və Avropa İttifaqının sülh səylərinin əsas məqsədi Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaqdır.

Azatutyun yazır ki, ABŞ-ın Qafqaz danışqıları üzrə xüsusi müşaviri Luis Bono iyulun 25-də Yerevana gəlib.

Amerikalı rəsmi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşərək Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə edib.

Görüşün detalları barədə heç bir açıqlama verilməyib.

Ermənistan hələ ki, Bakının təklifinə cavab verməyib

Lakin ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında qeyd olunur ki, Bono Ermənistanın yüksək vəzifəli rəsmiləri ilə görüşərək Azərbaycan-Ermənistan münaqişəsinə son qoyulması üçün göstərilən səyləri müzakirə edib.

Səfirliyin Azatutyuna verdiyi açıqlamada deyilir ki, “indi Cənubi Qafqazın sosial və iqtisadi potensialının gerçəkləşməsi naminə sülh müqaviləsinin imzalanmasının vaxtıdır”

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller iyulun 15-də tərəfləri sülh müqaviləsinin imzalanması naminə “çətin seçimlərin və ağrılı güzəştlərin” edilməsinə çağırmışdı.

Azatutyun xatırladır ki, Miller Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsinə dair tələblərinin ardınca çıxış etmişdi.

Ermənistan müxalifəti iddia edir ki, ABŞ ilk növbədə Yerevandan Bakıya daha çox güzəştlərin edilməsini istəyir.

Azatutyun yazır ki, Ermənistan hökuməti bu iddialara hələlik münasibət bildirməyib.

Bir sıra iqtidaryönlü deputatlar iddia edirlər ki, Bakı sülh müqaviləsini imzalamamaq üçün ən müxtəlif bəhanələrə əl atır.

Azərbaycan prezidenti İlham Əliyev ötən ay təklif etmişdi ki, tərəflər əvvəlcə müqavilənin baza prinsipləri üzərində işləsinlər, müqavilə isə bütövlükdə sonrakı müddətdə imzalansın. Onun siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev bu təklifə ötən həftəsonu təkrar səsləndirib.

Azatutyun yazır ki, Yerevan hələ ki, bu təklifə heç bir şəkildə münasibət bildirməyib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

XS
SM
MD
LG