Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 03:09

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...


Bakının kanalizasiyasını söküb-yığmağa 10 milyard dollar lazımdır...
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00

Bakının kanalizasiyasını söküb-yığmağa 10 milyard dollar lazımdır... (2021)

Son günlər yağışlar nəticəsində Bakının Binəqədi rayonunun bəzi ərazilərində, Abşeron rayonunda müəyyən yerlərdə evləri su basıb. Sakinlər şikayətlənir ki, bu hal illərdir baş verir.

Biləcəri qəsəbəsində yaşayan Mahir Məmmədov AzadlıqRadiosuna bildirib ki, üç gün əvvəl, mayın 6-da yağan leysandan sonra evinə su dolub: "Bizdə həyət evidir. Yağış yağıb, evim su içindədir, mebellərimə də ziyan dəyib. Bu vəziyyət illərdir davam edir. Şikayət etmədiyimiz qurum qalmadı. Hər dəfə deyirlər ki, nasoslar çatdırmır, düzələcək, amma düzəlmir".

Cəmi 72 faizi...

Ölkədə, xüsusilə də paytaxt Bakının ətraf qəsəbələrində illərdir kanalizasiya problemi yaşanır. Rəsmi məlumata görə, Bakı şəhərinin əhalisinin cəmi 72 faizi mərkəzləşdirilmiş kanalizasiya sistemi xidmətlərindən istifadə edə bilir. Şəhərin mərkəz hissəsi kanalizasiya sistemi ilə tam, Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər rayonlarının qəsəbələri isə qismən təmin olunub. Bakının elə kəndləri var ki, onların kanalizasiya sisteminə çıxışı cəmi 25 faizdir.

Paytaxtın kanalizasiya şəbəkəsində yenidənqurma layihələrinə, əsasən, 2006-2007-ci illərdə start verilib. "Azərsu" ASC-nin məlumatına görə, bu işlər çərçivəsində həyata keçirilən ən böyük layihə "Hövsan Təmizləyici Qurğular Stansiyası, 2 saylı Zığ Nasos Stansiyası və Əsas Ötürücü Kanalizasiya kollektorlarının yenidənqurulması və genişləndirilməsi" olub.

Milyonlar, milyonlar...

Bu işlərin Fransa hökumətinin verdiyi 35 milyon avro kredit və Azərbaycan büdcəsindən ayrılmış 44.9 milyon manat vəsait hesabına görüldüyü bildirilir.

'Bir də gördüz Bakıda binalar da çökdü'
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Bakıda kanalizasiya sisteminin yenidən qurulmasına və bərpasına da vaxtaşırı vəsaitlər ayrılıb. Məsələn, 2017-ci ildə prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı sərəncam imzalayıb. Bu məqsədlə "Azərsu" ASC-yə 3.73 milyon manat ayrılıb. Həmin il Bakının 10 yaşayış məntəqəsində də yeni içməli su və kanalizasiya şəbəkələrin yaradılması ilə bağlı dövlət büdcəsindən ümumilikdə 13.32 milyon manat vəsait çıxıb.

"20 milyard manat lazımdır"

Fevralda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, hazırda Azərbaycanda içməli su və kanalizasiya sistemlərində davam edən, hələ bitməmiş layihələrin miqdarı 2.7 milyard manatdır. Onun sözlərinə görə, su və kanalizasiya problemlərinin həlli üçün 20 milyard manat lazımdır: "Təkcə Bakı və Abşeron yarımadasında su və kanalizasiya sistemlərinin normal vəziyyətə gətirilməsi üçün lazım olan vəsait 10.5 milyard manatdır".

"Subasmanın əsas səbəbi..."

"Azərsu" ASC-dən "Turan"a bildirib ki, intensiv yağıntılar zamanı rayon su-kanal idarələri və Bakı su-kanal qəza briqadaları tam gücləndirilmiş iş rejimində çalışıb: "Subasma hallarının əsas səbəbi odur ki, həmin ərazilərdəki mövcud kanalizasiya infrastrukturu intensiv yağıntılar zamanı eyni anda həm tullantı sularını, həm də yağış sularını daşımaq gücündə deyil".

Qurumdan qeyd olunub ki, hazırladıqları Master Plana əsasən, gələcəkdə Abşeron rayonunda 900 kilometrdən artıq yağış suyu xətlərinin çəkilməsi planlaşdırılır.

Natiq Cəfərli
Natiq Cəfərli

"Tikinti bumu zamanı yağış xətlərinin bir çoxu ləğv edildi..."

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna problemin kökünün dərin olduğunu bildirir: "1990-ci illərin sonu-2000-ci illərin əvvəli, tikinti bumu yaşanan zaman sovet zamanından qalmış iki kanalizasiya xətti var idi: biri məişət tullantıları üçün, o biri isə yağış sularının yığılması və ötürülməsi üçün idi. Onlar bir- birinə qarışmamışdı. Tikinti bumu zamanı bu yağış xətlərinin bir çoxu ləğv edildi və yaxud da kanalizasiya xətlərinə birləşdirildi".

Onun sözlərinə görə, binalar tikilir və köhnə kanalizasiya xətlərinə qoşulurdu, amma yenilərin çəkilməsi gecikdirilirdi: "Nəticə etibarilə iki milyon nəfər üçün nəzərdə tutulmuş Bakı şəhərinin kanalizasiya sistemi az qala bundan iki dəfə artıq əhaliyə xidmət etmək məcburiyyətində qalıb".

İqtisadçı hesab edir ki, bunun həlli üçün çox böyük vəsaitə ehtiyac var: "Hətta 10-12 il əvvəl beynəlxalq təşkilatların apardığı monitorinq zamanı kanalizasiya xətlərinin yenidən qurulmasına 8-10 milyard dollar lazım olduğu deyilirdi. Düşünmürəm, Azərbaycan hökuməti indiki zamanda bu vəsaiti tapsın və bu sahəyə xərcləsin".

XS
SM
MD
LG