Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:10

Bank hesablarından 85 min manat oğurlamaqda suçlanır


Haker
Haker

Azərbaycanda bank müştərilərinin hesablarından pul çəkməkdə suçlanan 29-yaşlı Səddam Nəzərli məhkəmə önünə çıxarılıb. İddia olunur ki, o, kompüter proqramları vasitəsilə müştərilərin hesablarından pulları çıxararaq, başqa hesaba yönəldib, sonra həmin hesabdan nağd şəkildə çıxarılıb.

Cinayət işinin materiallarında 100-dən artıq müştəridən söhbət gedir. S.Nəzərli onların bank hesablarından 85 min manat pul oğurlamaqda ittiham olunur.

S.Nəzərliyə CM-in 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) və 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə, təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Səddam özünü qismən təqsirli bilir. Deyir ki, düzdür, müəyyən proqramlardan istifadə edərək bir sıra müştərilərin hesablarından pul çıxarıb, amma vurduğu ziyanın məbləğini istintaq şişirdib. Dediyinə görə, diqqətlə nəzarət edib ki, çıxardığı məbləğ ümumilikdə 50 min manatı keçməsin. Səbəbini isə belə izah edir: «Mən bilirdim ki, qanuna görə, ziyanın məbləği 50 mindən yuxarı olanda külli miqdar sayılır. Ona görə də nəzarət edirdim ki, o həddə çatmasın. Fikirləşirdim ki, birdən tutulsam, ittiham daha yüngül olsun. Mənim hesablardan çıxardığım məbləğ 40 mindən çox olmayıb. Mənim işimdə ziyan əslində xeyli miqdardadır, külli miqdarda yox. İşimə də Ağır Cinayətlər Məhkəməsində baxılmamalıydı. Amma başqa hesablardan olan və mənə heç bir aidiyyəti olmayan oğurluqları da mənim işimə birləşdirib, məbləği 85 minə qaldırdılar».

S.Nəzərlini DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb.

Bu iş üzrə «Kapitalbank» zərərçəkmiş qismində tanınıb. Çünki müştərilərin hesablarından çəkilmiş vəsaitləri bank ödəyib, indi onu təqsirləndirilən şəxsdən tələb edir.

Cinayət işinin materiallarında yazılıb ki, S.Nəzərli saxlanılanda onun yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər götürülüb. Texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.

S.Nəzərlinin ittiham olunduğu CM-in 177.3.2 maddəsində 5 ildən 10 ilə qədər həbs, 272.2.1 maddəsində isə 4-6 min manat cərimə və ya 2 ildən 4 ilə qədər həbs nəzərdə tutulub.

XS
SM
MD
LG