Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:15

Jeton satıcısı bank sistemindəki boşluqdan necə istifadə edib?


Bankomat
Bankomat

"Tik-Tok" sosial şəbəkəsində qeydiyyatdan keçən istifadəçilərə jetonların satışı ilə məşğul olan Samir Ağayev Bakıda fəaliyyət göstərən banklardan birini aldatmaqda ittiham olunur. Külli miqdarda dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilən və məhkəmə qarşısına çıxarılan Ağayev özünü təqsirli bilir. Amma iddia edir ki, əməlinin cinayət olduğunu bilmirdi.

22-yaşlı Ağayevin bank sistemindəki boşluqdan yararlandığı iddia olunur.

Pulu necə çıxarıb

Bank sistemində əməliyyatlar həyata keçirilərkən onların təsdiqlənməsi üçün azı bir dəqiqə vaxt lazımdır. İttihama əsasən, Ağayev vəsaiti kartdan karta köçürəndən dərhal sonra bir dəqiqə ərzində bankomatdan da çıxarıb. Onlarla bu cür əməliyyatlardan sonra bank əməkdaşları hesabda kəsir aşkar edib və araşdırmalara başlayıblar. Bu yolla "Ziraat Bank"a ümumilikdə 62 min manatdan artıq ziyan vurulduğu iddia olunur.

Samir Ağayev orta təhsillidir. Deyib ki, əməlinin cinayət olduğunu bilən kimi peşman olub.

Ziyanı və 50 faizini ödəyib

"Tik-Tok"da jeton satışı ilə məşğul olduğunu deyən Ağayevin sözlərinə görə, jetonları haradan daha ucuz tapmaq üçün araşdırma aparıb. Belə nəticəyə gəlib ki, türk lirəsi ilə alanda daha ucuz başa gələr. Ona görə də "Ziraat Bank"da öz adına üç hesab açdırıb.

Ağayev banka vurulan ziyanı – 62 min 791 manatı ödəyib. Üstəlik, bu məbləğin 50 faizi qədər – 31 min 390 manat da dövlət büdcəsinə vəsait köçürüb.

Zərərçəkmiş bankın nümayəndəsi ziyanın ödənildiyini bildirib, şikayətçi olmadıqları və təqsirləndirilən şəxslə barışdıqları haqda ərizə verib.

Ağayevin işinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi ziyanın ödənilməsini, üstəlik, 50 faizi qədər də büdcəyə vəsait köçürülməsini nəzərə alaraq onun barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verib.

XS
SM
MD
LG