Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:28

Heydər Babayevin şirkətlər qrupunda nə baş verir


Bank Standard
Bank Standard

«İllərlə topladığımız vəsaiti ailəmlə birlikdə «Bank Standard»a əmanət etdik. Əvvəlcə araşdırmışdıq: bu bank o zaman ən iri özəl bank idi, bir çox dövlət təşkilatlarının hesabları da burada idi» - bunları Bakıdan ailə başçısı Fariz Xəlilov deyir. İndi o, kreditorların banka borclarını ödəyəcəyinə və pullarının nə zamansa geri qayıdacağına ümid edir.

F.Xəlilovun «Bank Standard» QSC-dəki pulu beş illik toxunulmaz depozit idi və 2018-ci ildə onu hesablanmış faizlərlə birlikdə götürməyi düşünürdü. Bankın maliyyə vəziyyətinin pisləşməsi haqda söz-söhbət yayılanda da dövlət qurumları əmanətçilərin başının altına yastıq qoyurdular:

«Maliyyə Bazarlarına Nəzarət Palatası bankın sağlamlaşdırılması üçün tədbirlər görürdü, hər kəsi də arxayın edirdilər ki, bu bank sistemyaradıcı banklardandır, dövlət ona dəstək verəcək. Bankın lisenziyası ləğv olunanda isə Əmanətlərin Sığortalanması Fondunun rəhbəri bildirdi ki, sığortalanmamış əmanətlər qaytarılmayacaq. Biz pulumuzu məgər oğurlanmaqdan sığortalamalı idik?», - ritorik səslənən sual verir F.Xəlilov.

İndi o, həm də Kreditorlar Komitəsinin üzvü kimi bankın «itirilmiş» pullarını geri qaytarmaqdan ötrü əlləşir. Deyir ki, Mərkəzi Bank və Respublika Prokurorluğunun da iştirakıyla zəmanətsiz, sağa-sola paylanmış kreditləri tapmaq mümkündür. «Bank Standard» QSC-nin sahiblərini isə pulunu bankdan yox, məhkəmələrdən istəyən əmanətçilərin qayğıları, deyəsən, heç narahat etmir. İndi onların öz qayğıları var.

HOLDİNQİN RƏHBƏRLİYİNDƏ DƏYİŞİKLİK OLUB

Hazırda «AB Standard» şirkətlər qrupunun prezidenti vəzifəsini başqa birisi icra edir, törəmə şirkətlərdə də paylar üzərində nəzarət dəyişir. «Bank Standard» QSC-nin bank fəaliyyətinə verilmiş lisenziyası ötən ilin sentyabrında ləğv olunandan sonra o, heç cür özünə gələ bilmir.

***Buna da bax-'Ata Holding' əvvəlcə şirkətlərin adlarını dəyişdi, sonra ləğv etdi

Uzun illər «AB Standard» QSC-yə rəhbərlik etmiş Oruc Heydərov bu yaxınlarda vəzifəsini Hadi Məmmədova ötürüb. Bu, Vergilər Nazirliyinin daim yenilənən məlumat bazasında açıqlanıb. Lakin O.Heydərov bu ilin aprelində təyinat aldığı «Standard Insurance» sığorta şirkətində Müşahidə Şurasının sədri vəzifəsini daşımaqda davam edir. Hər halda, şirkətin səhifəsində belə məlumat verilir. Bu şirkətin daxil olduğu Holdinqin özünün saytı isə artıq bir ildir dayandırılıb. H.Məmmədova gəlincə, o, bu sığorta şirkətində Təftiş Komissiyasına rəhbərlik edir. Bu şirkətdə «AB Standard» QSC 100 faizlik paya sahibdir. Şirkətin ötən ilin ortalarında açıqladığı son hesabatda belə deyilirdi. 2016-cı ili 5.7 milyon manat zərərlə başa vuran «Standard Insurance» ASC bu ilin iyul ayında kapitalını 11 milyondan 16 milyon manata çatdırmaq istəyirdi. Di gəl ki, ictimaiyyətə məlum olmayan səbəbdən bu qərar icra edilmədi.

İKİ HOLDİNQ ARASINDA MÜƏMMALI ALIŞ-VERİŞ

«AB Standard» QSC-nin yeni MŞ sədri H.Məmmədov həm də «Aqroland» MMC-nin rəhbəridir. Bu şirkətin Abşeron rayonunun Novxanı kəndində, keçmiş Maştağa subtropik bitkilər sovxozunun ərazisində 22.58 hektar üzüm sahəsi var. Elə burada «AB Standard» şirkətlər qrupunun vitse-prezidenti Emin Babayevin 10.5 hektar torpaq sahəsi var.

***Buna da bax-Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

H.Məmmədov həm də «Komfort İnşaat-F» MMC-nin direktoru idi. 2016-cı ildə nə işlə məşğul olduğu məlum olmayan bu şirkət «Markets Real Estates» MMC-yə qoşularaq ləğv edildiyini elan etdi. Bundan sonra «Komfort İnşaat-F» MMC-nin direktoru vəzifəsinə Vüqar Rəhmətov keçdi. Şirkətin mülkiyyətçisinin dəyişib-dəyişmədiyi məlum olmasa da, «Komfort İnşaat-F» MMC ləğv olunmadı, V.Rəhmətov isə hələ də bu şirkətin rəhbəridir. V.Rəhmətov «Markets Real Estates» MMC ilə bərabər, «Paşa Holdinq» MMC-yə daxil olan bir çox otelçilik, ticarət və ictimai iaşə şirkətlərinin rəhbəridir. «AB Standard» və «Paşa Holdinq» arasında mülk mübadiləsi barədə ictimaiyyətə hələlik başqa heç nə məlum deyil.

GÜRCÜSTANDAKI SIĞORTA ŞİRKƏTİNİN SAHİBİ DƏYİŞİB

İndi isə həm də o məlum olur ki, bu ilin iyul ayında «Standard Insurance» ASC balansında yaranmış kəm-kəsiri aradan qaldırmağa çalışdığı bir zamanda Gürcüstandakı törəmə sığorta şirkətini satıb. «Standard Insurance Georgia» ASC 2007-ci ildə yaradılıb və səhmlərinin 100 faizi Azərbaycandakı ana şirkətə məxsus idi. Azərbaycandan fərqli olaraq, Gürcüstanda biznesə dair kommersiya sirri daşımayan bütün məlumatlar şirkətlər tərəfindən Ədliyyə Nazirliyinin internet resursu vasitəsilə ictimaiyyətə açıqlanır. Buradakı məlumatlara görə, iyulun 12-dən «Mercury Europe Holdings» (Emili Royter küçəsi, 11, Lüksemburq) şirkəti «Standard Insurance Georgia» ASC-nin tamhüquqlu sahibidir. Həmin gün yeni səhmdarın Bakıda keçirdiyi yığıncaqda Gürcüstandakı sığorta şirkətinin nizamnaməsinin yeni redaksiyada qəbul edilməsi haqda 3 iyul 2017-ci il tarixli qərar təsdiq edilib. Qərarın altında isə Aliyə Babayevanın imzası durur.

«Mercury Europe Holdings» şirkətinin qərarından
«Mercury Europe Holdings» şirkətinin qərarından

ALİƏ QAZIYEVA, YOXSA ALİYƏ BABAYEVA?

«Mercury Europe Holdings» şirkəti 2011-ci il dekabr ayının 20-də Lüksemburqda qeydiyyatdan keçib. Onun yeganə səhmdarı A.Babayevadır. Əldə etdiyimiz sənədlərə əsasən, xanım Babayeva Moskvada doğulub. Tanınmış həkim, Azərbaycanın sosial təminat naziri olmuş Məmməd Qazıyevin qızıdır. Hazırda Bakıda – Nizami küçəsi, 93 ünvanında yaşayır. Yerli sənədlərə görə isə, bu binada həm də Emin Babayev və Aydın Babayev qeydiyyatdadırlar. 35 yaşlı Emin – «AB Standard» QSC-nin dolayı mənfəətçi Heydər Babayevin oğlu, 87 yaşlı Aydın isə atasıdır. Başqa sözlə, Gürcüstandakı sığorta şirkəti bundan sonra Azərbaycan şirkəti sayılmır. Amma onun sahibləri elə eyni ailənin üzvləridir.

***Buna da bax-Bakıda ən yaxşı otellərin bəziləri Əliyevlərindir

Mərkəzi Seçki Komissiyasının tərtib etdiyi seçicilər siyahısı hər il yenilənsə də, xanım Babayeva bu siyahıda hələ də qızlıq familiyası ilə - Aliyə Qazıyeva kimi əks olunub. Elə maliyyə hesabatlarında da onun adı bu familiya ilə keçir. Məsələn, «Bank Standard» QSC-nin hesabatında göstərilir ki, A.Qazıyeva Babayevlər ailəsinin üzvüdür və o, holdinqin səhmlərinin 50 faizinə sahib olmaqla, banka nəzarət edir.

«Bank Standard» QSC-nin 2012-ci il üzrə maliyyə hesabatından
«Bank Standard» QSC-nin 2012-ci il üzrə maliyyə hesabatından

Xanım Babayeva-Qazıyeva landşaft planlaşdırılması sahəsində ixtisaslaşmış «Aqralia» MMC-nin təsisçisidir (şirkət 2010-cu ildə «Aqralia-A Ltd» MMC adı ilə yaradılmışdı). Bu şirkətin direktoru Aslan Babayev həm də «Aqralia» MMC-yə rəhbərlik edib. 2003-cü ildə yaradılarkən şirkətin hüquqi ünvanı Babayevlərin Nizami küçəsindəki mənzili olub. Bu şirkətin son iki ildə ləğv olunduğu bildirilir.

HOLDİNQİN ŞİRKƏTLƏRİ ZƏRƏR EDİR

Hazırda holdinqə «Standard Lizinq» QSC, «Standard Kapital» MMC, «AJC» MMC (daşınmaz əmlak idarəçiliyi), «AB Skybell» MMC (telekommunikasiya), «Dərnəgül Boru Zavodu» QSC və «Lənkəran Mehmanxana» QSC daxildir.

«Standard Lizinq» QSC-nin təsisçisi «Standard Kapital» şirkətidir. Bu ilin iyul ayının 31-də imzalanmış maliyyə hesabatına görə, təxminən 27 milyon manatlıq aktivə sahib lizinq şirkəti 2016-cı ildə 1.3 milyon manat zərərə uğrayıb. Dərnəgüldəki plastik boru zavodunun 2016-cı ilin əvvəlinə ödənilməmiş zərəri 8 milyon manata çatırdı. Lənkəranda «Qala» adı ilə tanınan mehmanxana da holdinqə xeyir gətirmir. «AB Skybell» şirkəti də fəaliyyətini Heydər Babayev iqtisadi inkişaf naziri postunu tərk edəndən bir il sonra dayandırıb.

Ləğvetmə mərhələsində olan «Standard Bank» QSC-nin zərərlərinə gəlincə, hüquqşünas Əkrəm Həsənov deyir ki, «AB Standard» QSC bu zərərlərə görə yalnız təsisçi kimi onun kapitalına sərmayəsi həddində - 75 milyon manat həcmində öhdəlik daşıyır. Qanunvericiliyə görə, holdinqdən onun başqa əmlakını bu bankın zərərini ödəməyi tələb etmək olmaz.

AzadlıqRadiosunun holdinqin mövcud durumu ilə bağlı suallarına «AB Standard» QSC-nin yeni prezidenti Hadi Məmmədov cavab verməyib.

XS
SM
MD
LG