Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:31

Başqırdıstanda 60 yaşlı fəal saxlanıb, Yakutiyada da etirazlar olub


Yakutskda kortəbii etiraz
Yakutskda kortəbii etiraz

Başqırdıstanın Salavat şəhərində kütləvi iğtişaşlarda iştirak işi üzrə 60 yaşlı fəal Alfinur Raxmatullina saxlanıb.

Bu barədə fəalın qızı Laysan Ravilovaya istinadla Rusiya mediası xəbər verir.

Saxlanmadan əvvəl Raxmatullina və Ravilovanın mənzillərində axtarış aparılıb.

Ravilovanın sözlərinə görə polislər özlərini “çox aqressiv və kobud aparıblar, qapını sılındıracaqları ilə hədələyiblər”.

Qızının sözlərinə görə axtarışdan sonra Raxmatullinanı naməlum istiqaməıtdə aparıblar.

Bununla belə polislər axtarış barədə aktın surətini verməkdən imtina ediblər.

Bundan əvvəl Başqırdıstanda məhkum edilmiş fəal Fail Alsınovun müdafiəsi üçün keçirilən aksiyanın ardınca başlanmış kütləvi iğtişaşlarla bağlı dörd nəfər saxlanıb və təcridxanaya salınıb.

Bundan əvvəl

Yanvarın 17-də Başqırdıstanın Baymak rayon məhkəməsi “Kuştau dağının müdafiəçisi” kimi tanınan Alsınova “nifrət və düşmənçiliyin qızışdırılması” maddəsi ilə dörd il iş kəsib. Fəal təqsirsiz olduğunu deyir.

Hökmün elan edildiyi gün məhkəmə binasının qarşısında minlərlə etirazçı yığılmışdı. Onlar Alsınovun azadlığa buraxılmasını tələb edirdilər.

Polis etirazçılara qarşı dəyənəklərdən, səs qumbaralarından və gözyaşardıcı qazdan istifadə etmişdi. Bunun ertəsi gün respublikanın paytaxtı Ufada etiraz mitinqi keçirilmişdi.

Yerli teleqram kanallarının məlumatına görə etirazlardan sonra Başqırdıstanda 30-dan çox saxlanan olub.

Onların əksəriyyətinə “polisə itaətsizlik” maddəsi ilə inzibati işlər açılıb.

Yakutiyada baş vermiş qətldə tacikistanlı şübhəli bilinir

Yakutsk şəhərində yerli sakinin qətli ilə əlaqədar onlarca insan etiraz aksiyasına çıxıb.

Bu qətldə Taciksitan doğumlu bir nəfər şübhəli bilinir. Saxaday saytı xəbər verir ki, etirazçılar Qələbə meydanında toplaşmışdılar.

Şahidlər AzadlıqRadiosuna azı 15 nəfərin saxlandığını bildiriblər.

Polislər etirazçılara məlumat veriblər ki, qətldə şübhəli bilinən şəxs saxlanıb və o Rusiya vətəndaşıdır.

Yerli medianın xəbərlərinə görə meydandakılar artıq dağılışıblar.

Myata klubunda dava

Bu da xəbər verilir ki, Lenin meydanında bir neçə nəfər saxlanıb.

Şahidlərin sözlərinə görə etirazçılar Orconikidze meydanına çata biliblər, lakin orada onları artıq polislər gözləyirdi.

Yakutiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, 18 yaşlı şübhəli və Namski rayonunun 23 yaşlı sakini Myata klubunda məişət zəminində mübahisə ediblər.

Bundan sonra məhz 23 yaşlı Yakutiya sakini sosial şəbəkələrdən şübhəlinin yerini müəyyənləşdirib və ora bir neçə tanışı ilə gəlib.

DİN-in məlumatına görə dava-dalaşda üç nəfər bıçaq yarası alıb. Davanın 23 yaşlı iştirakçılsı isə aldığı yaradan ölüb.

Tacik olsa da, Rusiya vətəndaşıdır

Respublikanın rəhbəri Aysen Nikolayev teleqramda şübhəlinin saxlanmasından yazıb və yerli sakinləri təmkinə çağırıb:

“Əminəm ki, həm müstəntiqlər, həm də məhkəmə bu işə həssas yanaşacaqlar. Günahkarlar qanunun bütün sərtliyi ilə cəzalandırılacaqlar. Şər cəzasız qalmır! İstintaqı öz nəzarətimdə saxlayacağam”.

Başçı əlavə edib ki, şübhəli əslən Tacikistandan olsa da, Rusiya vətəndaşıdır:

“Onun Rusiya vətəndaşlığını necə almasını araşdıracağıq. Belə adamlara cəmiyyətimizdə yer yoxdur”.

Tacik icmasının rəhbəri Xodi Oyev sakinlərə video ilə müraciət edib. O deyib ki, bir nəfərə görə bir xalq haqqında mülahizə yürütmək olmaz.

Videonu Yakutiya Xarici İşlər Nazirliyi yayıb.

Bundan əvvəl Qırğızıstan vətəndaşı...

Məhkəmənin şübhəlini 2 ay müddətinə həbs etdiyi bildirilir. Vəkillər israr edirlər ki, burada söhbət özünümüdafiədən gedir.

Bu da qeyd olunur ki, şübhəli Muxammed Odinayev çatdırma xidmətində çalışırdı və bundan əvvəl 2022-ci ildə qarətə görə məhkum edilmişdi.

2019-cu ilin martında Yakutiyada Qırğızıstan vətəndaşı bir yerli qadını zorladıqdan sonra kütləvi etiraz aksiyaları başlanmışdı.

Mitinqlərdə minlərlə etirazçı iştirak edirdi. Həmin vaxt gəlmələr hədələnirdi. Avtobus sürücüsü olan bir miqranta yeddi nəfər hücum etmişdi. 80-dən çox sürücü reysə çıxmaqdan imtina etmişdi.

O vaxt Yakutskun meri Sardana Avksentyeva demişdi ki, etirazlara Rusiyadakı iqtisadi vəziyyətin ağırlığı səbəb olub.

XS
SM
MD
LG