Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:57

Kreml: Putin danışıqlara açıqdır, amma Ukraynadan çıxmayacaq


Kreml dekabrın 2-də bildirib ki, prezident Vladimir Putin Ukraynada münaqişənin mümkün həllinə dair danışıqlara açıqdır və məsələnin diplomatik yolla həllinə inanır.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Putinlə mümkün danışıqlar barədə danışmışdı.

Reuters agentliyinin yazdığına görə Bayden və Fransa prezidenti Emmanuel Makron bildirmişdilər ki, Ukraynada mühahiribənin başa çatmasının yeganə yolu Rusiya qoşunlarının bu ölkədən tamamilə çıxarılmasıdır.

Baydenin bu bəyanatı barədə suala cavab verən Kreml sözçüsü Dmitri Peskov deyib ki, Putin danışıqlara hazırdır, amma qoşunlarını Ukraynadan çıxarmayacaq.

Putin bildirmişdi ki, Ukraynaya müdaxilə etdiyinə görə heç bir peşmançılıq hissi keçirmir və bu, Rusiyanın “Qərbin lovğa hegemonluğuna” qarşı çıxmasının həlledici anı idi.

Ukrayna və Qərb bildirirlər ki, Putinin Ukraynaya qarşı müharibəsinin heç bir əsası yoxdur.

Kiyev isə bəyan edib ki, Ukrayna sonuncu Rusiya əsgəri onun ərazisindən çıxarılanadək döyüşəcək.

Ağ Evdə çıxış edən Bayden də deyib ki, Putin bu “barbar müharibəyə” görə məsuliyyətə cəlb olunacaq və onun bu müharibədə qələbə qazanacağı ağlasığmazdır.

Peskov deyib ki, ABŞ-ın Rusiyanın Ukraynada ilhaq etdiyi əraziləri tanımaması hər hansı potensial kompromisi mümkünsüz edir.

Kremlin sözçüsü bildirib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları davam etdiriləcək.

ABŞ və Fransa prezidentləri Ağ Evdə
ABŞ və Fransa prezidentləri Ağ Evdə

Bayden Putinlə danışıqlara bir halda hazır olduğunu deyir

ABŞ Prezidenti Co Bayden (Joe Biden) dekabrın 1-də Ağ evdə fransalı həmkarı Emmanuel Makronla (Emmanuel Macron) görüşüb. Tərəflər Rusiyanın Ukraynanı işğal etməsinə qarşı mübarizəni davam etdirmək öhdəliklərinə sadiq qaldıqlarını vurğulayıblar.

İki lider birgə bəyanatda bildirir ki, Rusiya “geniş miqyasda sənədləşdirilən, həm nizami silahlı qüvvələrin, həm də Vaqner kimi muzdlu birliklərin Ukraynada törətdiyi vəhşiliklər və müharibə cinayətləri” üçün savab verəcək.

Putin müharibəni bitirmək istəyərsə...

Bayden görüşdən sonra birgə mətbuat konfransında deyib ki, Rusiya Prezidenti Vladimir Putin “müharibəni bitirməyin yolunu axtararsa”, onunla danışmağa hazırdır. Makron isə Ukraynanın qəbul edə bilmədiyi kompromisə vadar olunmayacağı vədi verib.

İki lider Ukraynanın öz suverenliyi və ərazi bütövlüyünü müdafiəsinə dəstəyi, “nə qədər çəkərsə”, davam etdirəcəklərini bildiriblər. Bu dəstəyə ukraynalıların qışdan çıxmasına kömək edəcək əhəmiyyətli resurslar da daxildir.

Bəyanatda deyilir ki, ABŞ və Fransa Ukraynaya birbaşa büdcə dəstəyini davam etdirəcək, beynəlxalq maliyyə qurumlarını da dəstəyin artırmağa çağıracaq.

“Demək olar, hər şeydə razılaşırıq”

“Demokratik dəyərlərin və universal insan haqlarının qorunması hər iki ölkənin qəlbindədir”, –deyə vurğulanıb.

“Bu o demək deyil ki, biz hər şeyi ayrılıqda razılaşdırırıq. Ancaq o deməkdir ki, demək olar, hər şeydə razılaşırıq”, – Bayden Makronla görüşdən sonra deyib.

Makronun sözlərinə görə, iki ölkə okeanın hər iki tatında demokratiyaları qorumaqdan ötrü birgə məsuliyyət daşıyırlar, Ukraynadakı müharibənin birbaşa və dolayısı fəsadları ilə birlikdə üzləşirlər.

Bu il fevralın 24-də Ukraynaya irimiqyaslı hücuma başlayan Rusiya qərbin sərt sanksiyaları ilə qarşılaşıb.

XS
SM
MD
LG