Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:37

Bayden Rusiyanın Ukraynaya müdaxilə edəcəyini düşünür


Amma, onun sözlərinə görə, prezident Vladimir Putin hələ qərara gəlməyib

Prezident Co Bayden deyib ki, onun fikrincə Rusiya Ukrayna üzərinə hərəkət edəcək.

Amma, onun sözlərinə görə, prezident Vladimir Putin hələ qərara gəlməyib.

Bayden bəyan edib ki, əgər Ukrayna üzərinə hərbi hücum baş verərsə, Rusiya bunun sərt iqtisadi nəticələri ilə üzləşəcək.

ABŞ prezidenti yanvarın 19-da prezidentliyə gəlişinin birinci ildönümünə həsr olunmuş geniş mətbuat konfransında deyib:

"Mən o qədər də əmin deyiləm ki, o nə edəcəyini artıq müəyyənləşdirib. Mənim ehtimalım budur ki, o müdaxilə edəcək. O nə isə etməlidir”.

Lakin Bayden bunu da deyib ki, Ukrayna üzərinə hücum “Rusiya üçün fəlakət” olar, Moskva üzərinə nəhəng humanitar, iqtisadi və siyasi yük qoyardı:

"Bizim müttəfiqlərimiz və partnyorlarımız Rusiya üzərinə ağır xərclər qoymağa, Rusiyaya və Rusiya iqtisadiyyatına ziyan vurmağa hazırdırlar”.

Bayden izah edib ki, Rusiyanın enerji sektoru üzərinə sanksiyalar qoyula və Rusiya banklarının dollardan istifadəsi mümkünsüz edilə bilər.

ABŞ prezidenti deyib ki, Rusiya hərbi baxımdan Ukraynadan qüdrətlidir, amma Rusiyanın insan itkiləri “ağır” olacaq:

"Bu Rusiya üçün asan olmayacaq. Hərbi baxımdan onlar böyük üstünlüyə malikdirlər”.

Bayden bildirib ki, Rusiya bunun bədəlini dərhal, qısa müddətdə, orta müddətdə və uzun müddətdə ödəməli olacaq.

Blinken:Rusiya Ukraynaya təcavüz etsə ciddi nəticə ilə üzləşəcək
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Putin NATO-nu sınağa çəkmək niyyətindədir

ABŞ lideri Putin barədə danışarkən deyib ki, o Rusiya prezidentinin tammiqyaslı müharibə istəmədiyinə inanır.

Bununla belə, Baydenin fikrincə Putin eskalasiya və qarşıdurmanın dərəcəsi barədə düşünür.

Rusiya NATO-nun genişlənməsinin dayandırılması və Şərqi Avropanın təhlükəsizliyinə dair davakar bəyanatlarına baxmayaraq, Ukrayna üzərinə hücuma hazırlaşmadığını deyir.

Bayden inandığını bidlirib ki, Putin NATO-nu sınağa çəkmək niyyətindədir və Rusiyanın hərəkətlərinə cavab bu hərəkətin miqyas və dərəcəsindən asılı olacaq:

"Rusiya müdaxilə edərsə, ondan haqq-hesab sorulacaq və bu, onun nə etməsindən asılı olacaq. Əgər söhbət kiçik müdaxilədən gedirsə, biz və müttəfiqlərimiz nəyi etmək, nəyi etməmək və sair barədə qərara gəlməli olacağıq”.

Bayden sözünə belə davam edib:

"Amma onlar qabil olduqlarını həqiqətən də etsələr, Ukraynaya bundan sonra da müdaxilə Rusiya üçün fəlakət olacaq”.

Ağ Ev Baydenin nə demək istədiyini izah edir

Bayden “kiçik müdaxilə” deyərkən nəyi nəzərdə tutduğuna dair suala cavab verərkən deyib ki, Rusiyanın hərəkətlərinin dəqiq təbiətinə uyğun cavab verilməsi barədə Qərb paytaxtlarında “fikir ayrılırqları” var:

"Birincisi, böyük ölkələr blef edə bilməzlər. İkincisi, bizim NATO-nu parçalayacaq nəsə edəcəyimizi düşünmək böyük səhv olardı. İndi sual budur ki, bu, əhəmiyyətli dərəcədə müdaxilədən əhəmiyyətli dərəcədə az olan hərəkət olacaq, yoxsa böyük hərbi qüvvənin müdaxiləsi? Məsələn, əgər onlar kiber cəhdlərini davam etdirsələr, biz buna eyni şəkildə cavab verə bilərik”.

AzadlıqRadiosu bildirir ki, prezidentin “qəliz” cavablarına aydınlıq gətirilməsi üçün Ağ Ev mətbuat konfransından dərhal sonra bəyanatla çıxış edib:

"Əgər Rusiyanın hər hansı hərbi qüvvələri Ukrayna sərhədini keçsələr, bu, artıq yeni müdaxilə sayılacaq və buna ABŞ və müttəfiqlərindən çevik, kəskin və yekdil cavab veriləcək. Prezident Bayden həm də özünün uzun təcrübəsindən bilir ki, rusların kiberhücumlar və partisan taktikaları da daxil hərbi hərəkətdən bir qədər az olan təcavüz üçün geniş oyun variantları var. Və prezident bugün təsdiq etdi ki, Rusiya təcavüzünün belə aktlarına qəti, adekvat və vahid cəbhədən cavab veriləcək”.

Diplomatiyaya son cəhdlər

Ötən həftə Rusiya diplomatları Moskvanın NATO-dan tələblərini müzakirə etmək üçün ABŞ, NATO və Avropa ölkələrinin yüksək vəzifəli rəsmiləri ilə görüşüblər.

Moskva NATO-nun genişləndirilməsinin dayandırılacağına, Ukrayna və Gürcüstanın və habelə hər hansı keçmiş sovet respublikasının şimal alyansına üzv olmayacağına və Qərbin keçmiş sovet məkanında hərbi təlimlər keçirməyəcəyinə dair yazılı qarantiyalar tələb edir.

Qərb Moskvanın əksər tələblərini qətiyyətlə rədd edib.

Rusiya qoşunları hazırda birgə hərbi təlimlər adı ilə Belarus ərazisinə daxil olub.

Bir sıra təhlilçilər bunu Ukraynaya şimaldan, şərqdən və cənubdan hücum üçün hazırlıq hesab edirlər.

ABŞ dövlət katibi Entoni Blinken rusiyalı həmkarı Sergey Lavrovla yanvarın 21-də Cenevrədə görüşməlidir.

Dövlət katibi yanvarın 19-da Kiyevə səfəri zamanı bildirib ki, ABŞ diplomatiyanın davam etdirilməsinə üstünlük verir.

Blinken Lavrovla görüşündən əvvəl yanvarın 20-də Britaniya, Fransa və Almaniya rəsmiləri ilə dördtərəfli danışıqlar aparmaq üçün Berlinə gəlməlidir.

XS
SM
MD
LG