Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:23

Vaşinqton görüşü bitdi. Əsas məsələlər üzrə fikir ayrılığı qalır


Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə
Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə

ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən danışıqlarına ev sahibliyi etdikdən sonra bu barədə rəsmi bəyanat verib:

“İntensiv və konstruktiv ikitərəfli və üçtərəfli danışıqlar silsiləsindən sonra tərəflər çətin məsələlərlə bağlı əhəmiyyətli irəliləyişə nail olublar. Hər iki tərəf münasibətlərin normallaşdırılmasına və iki ölkə arasında uzun müddətdir davam edən münaqişəyə son qoyulmasına səmimi sadiqlik nümayiş etdirib”.

Dövlət Departamentinin rəsmi saytında dərc edilmiş məlumatda deyilir ki, Azərbaycan və Ermənistan müəyyən məsələlər barəsində prinsipcə razılığa gəliblər və indi qalan məsələlər üzrə biri digərinin mövqelərini daha yaxşı başa düşür:

“Mən nazirlərə təklif etdim ki, onlar öz paytaxtlarına qayıdaraq öz hökumətləri ilə belə bir perspektivi bölüşsünlər ki, əlavə xoş məram, güzəştlilik və kompromis olarsa, razılaşma əl çatacaq məsafədədir”.

Blinken vurğulayıb ki, Birləşmiş Ştatlar davamlı və dayanıqlı sülhün təmin edilməsi üçün tam dəstək və iştirakını davam etdirəcək.

Azərbaycan XİN :‘Bəzi maddələr üzrə qarşılıqlı razılıq əldə edilib'

Azərbaycanla Ermənistan sülh sazişi layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mayın 4-də yaydığı məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, 1-4 may tarixində Amerika Birləşmiş Ştatlarının Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər. Açıqlamada habelə bildirildiyinə görə, Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər:

“Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər.”

Bəzi əsas məsələlər açıq qalıb

Məlumatda qeyd edilir ki, nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər: “Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.”

Amma məlumatda razilaşdırılan və mövqelərin fərqli qaldığı məsələlər açıqlanmır.

Mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub.

Daha sonra Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli müzakirələrə davam ediblər. Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələr aparıblar.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir.

Bir qrup erməni gənc Xankəndi-Şuşa yolunun kənarında çadır qurub
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG