Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:47

Belarusda ukraynalıları süzgəcdən keçirən həbs düşərgəsi tapılıb


Narovlyada ehtimal olunan filtrasiya düşərgəsi.
Narovlyada ehtimal olunan filtrasiya düşərgəsi.

Rusiya hərbçiləri 2022-ci ilin yazında Belarusun Narovlya şəhərində əsirləri arıtlayan həbs düşərgəsi yaradıb (filtrasiya sözü də işlənir. Əsirləri süzgəcdən keçirmək, arıtlamaq – seçib ayırmaq üçün istifadə edilir -red.). Düşərgədə ukraynalı məhbuslara işgəncə verilib. AzadlıqRadiosu Ukrayna xidmətinin "Sxemı" layihəsinin araşdırmasına qatılan jurnalistlər bu qənaətə gəliblər. Araşdırmada Belarus Təhqiqat Mərkəzi və AzadlıqRadiosunun Belarus xidməti də iştirak edib.

Peyk şəkillərinin təhlilinə, məhbusların lentə alındığı təbliğat videolarına, keçmiş məhbusların şahidliyinə və haker bilgilərinə dayanılaraq Narovlyadakı arıtlama düşərgəsinin dəqiq yeri müəyyənləşdirilib. Araşdırmaya savaş cinayətlərini sənədləşdirən "The Reckoning Project" və "Cyber Partisans" haker qrupu dəstək verib.

"Harada olduğumuzu soruşanda dedilər ki…"

Ukraynanın əsir hərbiçiləri ilə mülki şəxslərin saxlanıldığı həbs düşərgəsi Belarusun "Pripyat alyansı" dövlət müəssisəsinə aid binaların birində yerləşib. Araşdırmaçılar peyk görüntülərinə dayanaraq yazırlar ki, Rusiya ordusu, ən azı, 2022-ci ilin mayınadək orada ola bilərmiş.

Kiyev vilayəti sakini Larisa Yaqodinskaya deyib ki, Rusiya hərbçiləri onun iki oğlunu 2022-ci il martın sonunda Belarusa aparıblar. Ən kiçiyi - o dövrdə azyaşlı Vladislavı Mozır Uşaq Evindən qaytarıblar, ancaq böyük oğlunu Rusiyaya aparıblar. Jurnalistlərin fikrincə, o, Rusiya həbsxanalarından birindədir.

Vladislav onu və qardaşını Belarus ərazisinə polis maşınında apardıqlarını söyləyib. "Sərhədçilərdən harada olduğumuzu soruşanda dedilər ki, Belarusda, Narovlyadayıq". O, jurnalistlərə belə deyib və əlavə edib ki, məhbuslar tərk edilmiş kolxoza bənzəyən ərazidə saxlanılırdılar.

Viktor adında ukraynalı hərbçi də həmin yeri araşdırmaçılara təsvir edib. O, Yaqodinski qardaşları ilə təxminən eyni vaxtda oraya gətirilibmiş: "Gözlərimiz bağlı idi. Bizi polis maşını ilə apardılar. Bizimlə olan yoldaşımız "Narovlya" kimi bir şey eşitdiyini dedi".

2022-ci il martın sonunda Rusiya hərbi qüvvələrinin əsir götürdüyü ukraynalı hərbçi Boqdan Lısenko Narovlyadakı düşərgəni "təbliğat görüntüsü" adlandırır və dinc əhaliyə işgəncə verilməsidən söz açır: "Orada mülki şəxslər döyülür, daim çığırtılı səslər eşidilirdi".

Vladislav Yaqodinski də döyülənlər haqqında danışıb.

Jurnalistlərin fikrincə, Rusiya hərbçilərinin Narovlyaya apardığı ukraynalı mülki şəxslərin sayı yüzlərlə ola bilər.

2022-ci ilin əvvəlində Belarusun cənubundakı Narovlya şəhərində Rusiya hərbi filtrasiya düşərgəsi. Peyk şəkli
2022-ci ilin əvvəlində Belarusun cənubundakı Narovlya şəhərində Rusiya hərbi filtrasiya düşərgəsi. Peyk şəkli

Cavablanmayan sual

"Current Time" yazır ki, araşdırmaçılar Belarus hakimiyyətinin xəbəri olmadan belə düşərgənin açılmasını mümkün saymırlar. Rusiya hərbçilərinin davranışları Cenevrə Konvensiyasının pozulmasını kimi qiymətləndirilə bilər.

Jurnalistlər məsələ ilə bağlı Aleksandr Lukaşenkonun mətbuat katibi Natalya Eysmonta sorğu göndərsələr də, araşdırma çapa gedərkən həmin sorğuya cavab alınmamışdı.

Ukraynada tammiqyaslı savaş başlamasına az qalmış, Rusiya silahlı qüvvələri təlimlər adıyla Belarusa yerləşdirilib. 2022-ci ilin fevralında onlar Ukrayna sərhədini keçərək Kiyev və Qostomel istiqamətində irəliləyiblər. Ukrayna şəhərləri Belarus ərazisindən də bombalanıb. Belarus hərbiçiləri Rusiyanın başlatdığı təcavüzə qatılmayıblar. Ölkənin avtoritar lideri A.Lukaşenko dəfələrlə bildirib ki, rəsmi Moskvanın hərəkətlərini dəstəkləsə də, onun ordusu yalnız Ukrayna Belarusa hücum edərsə, savaşa qoşulacaq.

XS
SM
MD
LG