Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:49

Çətin zamanlar: xaricdəki Belarus mediası pul azlığından gileylənir


Varşavada fəaliyyət göstərən "Euroradio"nun baş redaktoru Paval Sverdlou
Varşavada fəaliyyət göstərən "Euroradio"nun baş redaktoru Paval Sverdlou

Peşələrini azadlıqda yerinə yetirə bilmək üçün Belarusu tərk edən jurnalistlər öz işlərini vətənlərində demokratiya uğrunda kampaniyanın bir hissəsi sayırlar. Di gəl, indi xaricdə fəaliyyət göstərən belaruslu jurnalistlər ciddi maddi çətinlik içində olduqlarını deyirlər.

Ölkəni tərk edən, yaxud tərk etməyə məcbur edilən belaruslu jurnalistlər və Belarus Jurnalistlər Birliyi (BJB) üzləşdikləri problemlərdən danışıblar. Bu problemlər arasında Belarus hökumətinin tənqidi mediaya "ekstremist" damğası vurması, qrant almaq üçün rəqabətin artması və bəzi beynəlxalq donorların mühacirətdə olan Belarus və Rusiya medialarını eyniləşdirmə tendensiyası da var.

Xaricdə fəaliyyət göstərən jurnalistlərin üçdə biri…

Britaniyanın "Justice for Journalists" (JFJ) (Jurnalistlər üçün ədalət) adlı qeyri-hökumət təşkilatı 108 belaruslu və rusiyalı mühacir arasında sorğu keçirib. Onların 30 faizi mühacirətdən sonra jurnalistikanı tərk etdiyini bildirib. Jurnalistlərə hücumları yaxından izləyən JPJ sorğu sonuclarını ötən ilin noyabrında dərc edib.

"Əsas problem media kimi, şirkət kimi işləyə bilməməyimizdir. Başlıca məsələ budur. Belarusda bu imkanımız vardı; reklamdan pul qazanırdıq və reklam sayəsində varlığımızı sürdürürdük. İndi bir çox Belarus media qurumu "ekstremist" elan edilib", - reform.by müstəqil xəbər portalının baş redaktoru Xvedar Pavlyuçenko CurrentTimeTV-yə belə deyib.

Artıq Belarusun özündə, demək olar, heç bir müstəqil media qurumu qalmayıb. Ölkə "Sərhədsiz Reportyorlar" təşkilatının reytinq siyahısında mətbuat azadlığına görə 180 ölkə arasında 157-ci yeri tutur. Dövlət adətən "ekstremist" sözünü 2020-ci ilin avqustunda keçirilən qalmaqallı prezident seçkilərindən sonra hər hansı tənqidi fikri dilə gətirən media qurumlarına, insan haqları təşkilatlarına və fərdlərə şamil edir.

CurrentTimeTV-nin əməkdaşı Raman Vasyukoviç və AzadlıqRadiosunun müxbiri Elizabet Ouenin hazırladığı materialda deyilir ki, hazırda Belarus hökumətinin "ekstremist" siyahısında 3 min 400-dək adamın adı var.

Euroradio.fm
Euroradio.fm

Cərimə və ya həbs cəzası

Belarus İnformasiya Nazirliyi həm CurrentTimeTV-ni, həm də AzadlıqRadiosunu "ekstremist" elan edib. AzadlıqRadiosu belə bölgünü əsassız sayır.

"Ekstremist" media qurumuna reklam verən, ona abunə olan, onun işi ilə bağlı şərh verən, yaxud onunla əməkdaşlıq edənlər inzibati cərimə və həbs cəzası ilə üzləşə bilərlər. Belaruslular yasaqlanan saytlara daxil olmaq üçün ya VPN-dən yararlanır, ya da həmin media qurumunun sosial media və mesajlaşma tətbiqlərindəki hesablarına fokuslanırlar. Bu bilgi Vaşinqtonda yerləşən "Freedom House" təşkilatının ötən il açıqladığı "Şəbəkədə azadlıq" adlı hesabatından götürülüb.

Ancaq bu maraq reklam sifarişçilərini cəlb etməyə yetərli deyil.

"Səni ekstremist elan ediblərsə, pul qazanmaqla bağlı heç bir plan işləmir. Bir nəfər də [belaruslu] reklam sifarişçisi bizə reklam vermək və müstəqil medianı dəstəkləmək naminə öz biznesini riskə atmaz. İnsanların 20 dollarlıq ianəyə görə beş il həbsə salındığı dövrdə puldan danışmaq çətindir", - hazırda Varşavada fəaliyyət göstərən "Euroradio"nun baş redaktoru Paval Sverdlounun sözləridir.

Yanvarın 30-da belaruslu fotojurnalist Alyaksandr Zyankou "ekstremist" adlandırılmış saytla əməkdaşlığa görə üç il həbs cəzasına məhkum edilib.

Belarusun "ekstremist" media siyahısı daha da böyüyə bilər. Belarusun Rusiyadakı səfiri Dmitri Kruti fevralın 6-da iki ölkənin öz "ekstremist" siyahılarını birləşdirmək üzərində çalışdığını bildirib.

BJB də "ekstremist" siyahısında

Səfirin qeyd etdiyi birləşmiş siyahı baş tutarsa, Facebook, WhatsApp və Instagram-a göz qoyan və Rusiyada "ekstremist" elan edilmiş Amerika sosial media nəhəngi Meta-nın fəaliyyəti artıq Belarusda da məhdudlaşdırılacaq. Ancaq Belarus Jurnalistlər Birliyinin hüquqşünası Aleh Aheyev deyir ki, bunun istifadəçilərə necə təsir edəcəyi bilinmir. BJB-nin özü də Minsk tərəfindən "ekstremist" siyahısına salınıb.

"Ekstremist" damğası reklam sifarişçilərini qorxudub qaçırdığından xaricdə fəaliyyət göstərən müstəqil Belarus mətbuatı da özünün rusiyalı və ukraynalı həmkarları kimi xarici donorların qrantlarından asılıdır.

Barıs Haretski
Barıs Haretski

Ancaq BJB sədrinin müavini Barıs Haretski deyir ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumu bu sahədə də vəziyyəti dəyişdirib. 2020-ci ildən bəri, əsasən, qonşu Litva və Polşaya mühacirət edən belaruslu jurnalistlər hazırda Ukrayna və Rusiyadan olan həmkarlarının rəqabəti ilə üz-üzə qalıblar. Söhbət Rusiyada sərt təzyiqlərdən, Ukraynada isə müharibədən qaçan jurnalistlərdən gedir.

Haretski BJB-nin saytında dərc olunan məqaləsində yazır ki, bu rəqabətin bir hissəsi bəzi xarici donorların Belarus və Rusiya müstəqil medialarını və onların auditoriyalarını səhvən eyniləşdirməsindən qaynaqlanır.

Lukaşenka və Putin birgə holdinq yaradır

Avropa Birliyi ölkələrinin hökumətləri mühacirət edən belaruslu jurnalistləri sadələşdirilmiş viza prosedurları, pulsuz ofis və başqa imkanlarla təmin ediblər. Ancaq Haretskinin proqnozuna görə, nisbətən kiçikmiqyaslı Belarus media qurumları maliyyə böhranına duruş gətirə bilməyəcək. O, bir neçə belə media qurumunun bağlanmanın astanasında olduğunu deyib: "Belarus auditoriyasının Rusiya və Belarus propaqandasının əlinə düşməməsi üçün oradakı auditoriya ilə bağları qoruyub saxlamaq çox vacibdir".

Belarus lideri Lukaşenka ilə Rusiya prezidenti Vladimir Putin yanvarın 24-də Qərblə informasiya savaşında istifadə üçün media holdinqin yaradılması planına dair saziş imzalayıblar. Rusiya rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Maksut Şadayev bu holdinqə iki həftəlik qəzetin və bir dərginin, üstəlik, bir televiziya kanalının daxil olacağını bildirib.

Belarusdan olan müstəqil jurnalistlər ötən ilin noyabrında keçirdikləri seminarda Avropa hökumətlərini və beynəlxalq təşkilatları Rusiya-Belarus təbliğatı ilə gerçəkdən müstəqil medianın yaratdığı kontenti ayıra bilən internet alqoritmlərindən yararlanmağa çağırıb.

XS
SM
MD
LG