Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:15

Qanunsuz həbs edildi, aclıq nəticəsində komaya düşdü, 17 min kompensasiya kəsildi...


Həbsxana
Həbsxana

Dövlət narkotik ittihamı ilə ilyarım həbsdə saxlanmış İlqar Kərimova təzminat ödəməlidir. Məhkəmə onun qanunsuz və əsassız həbs olunduğunu təsdiqləyib, bəraət verib. Ali Məhkəmə səviyyəsində bəraəti təsdiqlənəndən sonra o, haqsız həbsdə saxlanmasına görə təzminat tələbi ilə iddia qaldırıb. Bugünlərdə İ.Kərimova 17 min manat kompensasiya kəsilib. Özü 100 min manat tələb edirdi – 50 min maddi, 50 min manat da mənəvi ziyana görə.

49 yaşlı İ.Kərimov deyir ki, həbsindən yeddi-səkkiz ay öncə telefonu itdiyindən bununla bağlı polisə şikayət etmişdi. Tutulduğu gün ona zəng gəlib. Deyiblər ki, Nəsimi rayonu, 20-ci polis bölməsinə yaxınlaşsın, telefonu tapılıb. O da gedib. Elə bölmənin qarşısındaca onu mülki geyimli adamlar tutub aparıblar.

Polislərin onu izlədiyini xəbər verib

Cinayət işinin materiallarında iddia edilir ki, İ.Kərimovun narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə öncədən məlumat alınıb. Həmin məlumat əsasında da onu küçədə getdiyi yerdə saxlayıblar. Üstündən toplam 35 qrama yaxın narkotik çıxıb.

İ.Kərimov bu ittiham yalan olduğunu, onu şərlədiklərini söyləyir və deyir ki, tutulmazdan öncə izlənildiyini bilib. Hətta Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək polislərin onu izlədiyini də xəbər verib.

Qardaşı və qonşuları da Bakı Apellyasiya Məhkəməsində dindirilərkən onun izlənməsi barədə deyilənləri təsdiqləyiblər. Onlar binanın yan-yörəsində mülki geyimli polislər gəzişdiyini deyiblər.

İ.Kərimovun sözlərinə görə, arxasınca gələn polislərdən onu niyə izlədiklərini də soruşub: "Dedilər ki, narkotik satan adamla eyni blokda yaşadığına görə ondan narkotik alıb çıxmağımdam şübhələniblər".

Bundan bir gün sonra isə zəng gəlib ki, telefon məsələsi ilə əlaqədar 20-ci polis bölməsinə gəlsin. Yaxınlarının bildirdiyinə görə, bölməyə getmək adı ilə evdən çıxan İ.Kərimovdan üç gün xəbər ala bilməyiblər. Üç gün sonra özü zəng edərək başına gələnləri danışıb və bildirib ki, artıq Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasındadır.

Aclıq aksiyasının fəsadları

İ.Kərimov istintaq təcridxanasında saxlandığı dövrdə qanunsuz həbsinə etiraz olaraq, uzun müddət aclıq aksiyası keçirib. Davamlı aclıq onun sağlamlığında kəskin problemlərə yol açıb. O, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Məhkəmənin sorğusuna Müalicə Müəssisəsinin cavab məktublarından məlum olur ki, İ.Kərimovda kəskin böyrək və qaraciyər çatışmazlığı yaranıb, üstəlik, infarkt da keçirib. Komaya düşüb, huşunu itirib, qan dövranı zəiflədiyindən ağciyərində durğunluq yaranıb. Bundan başqa, mədə-bağırsağında gizli qanaxma olub, ağciyəri deşilib, nəticədə döş boşluğuna hava toplanıb, ağciyəri büzüşüb, kəskin tənəffüs çatmazlığı yaşayıb.

Bir neçə ay sürən müalicədən sonra İ.Kərimovun sağlıq durumu nisbətən yaxşılaşıb və o, Bakı İstintaq Təcridxanasına qaytarılıb.

İ.Kərimov Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə həbsdə saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim önünə çıxarılanda təqsirsiz olduğunu, şərlənərək həbs edildiyini deyib. Hakimlər inanmadığından ona 6 il həbs cəzası kəsilib.

Bəraət təsdiqlənib

Həmin hökmdən verdiyi apellyasiya şikayətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ətraflı araşdırma aparılmadan, onun dediyi məsələləri yoxlamadan hökm çıxarılıb. Apellyasiya məhkəməsi telefonun itməsi, Daxili İşlər Nazirliyinə zəng və s. hallarla bağlı araşdırma aparıb, sorğular göndərib. Alınan cavablar, dindirilən şahidlər İ.Kərimovun dediklərini təsdiqləyib. Bakı Apellyasiya Məhkəməsi 6 illik cəza hökmünü ləğv edərək ona bəraət verib – İ.Kərimov ilyarımlıq həbsdən sonra məhkəmə zalından azadlığa buraxılıb.

Prokurorluq bəraət hökmündən Ali Məhkəməyə kassasiya protesti versə də, Ali Məhkəmə də İ.Kərimova verilmiş bəraəti haqlı sayıb.

XS
SM
MD
LG