Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 22:46

Beş kq narkotiklə yaxalanmaq ittihamından bəraət aldı: 'Cinsi orqanıma qədər tok verdilər, ölüb-dirildim...'


Narkotikə görə cəzalar necə sərtləşdirilib?
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Narkotikə görə cəzalar necə sərtləşdirilib?

Bakının Əmircan qəsəbəsinin sakini Bəxtiyar Ağayev iki ilə yaxındır həbsdə idi. Beş kiloqramdan çox narkotiklə yaxalanıb ittiham olunan 39 yaşlı B.Ağayev Novruz bayramı ərəfəsində bəraət alaraq azadlığa çıxıb. Məhkəmə belə nəticəyə gəlib ki, həmin narkotikin ona aidiyyəti yoxdur, özünün də dediyi kimi, polislər onu şərləyib.

Cinayət işinin materiallarında iddia edilir ki, B.Ağayevin narkotik satışı ilə məşğul olması haqda polisə əməliyyat məlumatı gəlib. Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları bu bilgiyə dayanaraq əməliyyat keçirib, onu yaşadığı Əmircan qəsəbəsində saxlayıblar və Suraxanı rayon Polis İdarəsinə gətiriblər. Saxlanılanda əlində torba, onun da içində beş kiloqramdan çox narkotik olub. Polis idarəsində aparılan videoçəkilişdə B.Ağayev bildirib ki, əlindəki torbanı elə saxlandığı yerin yaxınlığından – hamamın yanından tapıbmış.

B.Ağayev isə deyir ki, bunlar yalandır, siqaret çəkdiyi yerdə polislər hücum çəkib, zorakılıqla götürüb aparıblar. Onun sözlərinə görə, həmin vaxt nə üstündə narkotik olub, nə də əlində torba. Beş kiloqramdan çox narkotikin onun olması barədə videoda dediklərinə gəlincə, bildirib ki, polis idarəsindəki ağlasığmaz işgəncələrə dözə bilmədiyindən ona deyilənləri kamera önündə təkrarlamaq məcburiyyətində qalıb.

"Axırda dözə bilmədim..."

"Mənə sellofan torbanı verib tələb elədilər ki, çəkilişdə onu hamamın yanından tapdığımı, içindəkinin də həşiş olduğunu deyim. Mənə elə işgəncələr verirdilər, dözmək mümkün deyildi. Bədənimə o qədər tok veriblər ki, hər yerim yanıq-yanıqdır. Cinsi orqanıma qədər tok verdilər, ölüb-dirildim. Axırda dözə bilmədim, dedim ki, nə istəyirsinizsə, deyirəm, qol çəkirəm...", - B.Ağayevin məhkəmədə dediyi sözlərdir.

B.Ağayevin tutulduğu ərazidə iri bir market var və obyektin müşahidə kameraları olayları qeydə alıb. B.Ağayevin vəkili market rəhbərliyindən həmin vaxta aid görüntüləri istəsə də, ona verilməyib. İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılanda hakim sorğu göndərərək görüntüləri alıb. Beləcə, polislərin yox, B.Ağayevin dedikləri təsdiqlənib. Məlum olub ki, o, özünün də dediyi kimi, siqaret çəkdiyi yerdə qəfildən polislərin hücumuna məruz qalıb. Onlar da əllərini burub zorla maşına mindirərək aparıblar. Əlində də heç nə olmayıb. Üstəlik, cinayət işi materiallarında əməliyyata iki polisin qatıldığı yazılsa da, videoda onların sayca çox olduğu görünür.

B.Ağayev Bakı İstintaq Təcridxanasında saxlandığı dövrdə onu müayinə edən həkim və ekspert də bədənində çoxsaylı piqment ləkəsi olduğunu məhkəmədə təsdiqləyiblər. Həkimin dediyinə görə, öncə o, izlərin siqaret yanığının ləkəsi olduğunu düşünüb.

"Piqment izlərinin öz-özünə əmələ gəlməsi mümkün deyil"

Ekspert də məhkəmədə bildirib ki, həmin ləkələrin elektroşokerin təsirindən törəndiyini güman edir. O, orqanizmdəki daxili problemlərdən qaynaqlanan ləkələrlə elektroşokerin yaratdığı yanıq ləkəsi arasında yetərincə fərq olduğunu vurğulayıb: "Müayinə zamanı aşkarlanmış piqment izlərinin öz-özünə əmələ gəlməsi, ya da orqanizmdəki xəstəliklər nəticəsində yaranması mümkün deyil".

2022-ci ilin iyulundan həbsdə olan və Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma) maddəsi ilə suçlanan B.Ağayev martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət hökmü ilə azadlığa çıxıb.

XS
SM
MD
LG