Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:00

Bəylər Əyyubovun ailəsinin Böyük Britaniyada çox sayda mülkü var


Bəylər Əyyubovun London və Dubayda milyonluq mülkləri aşkarlanıb - OCCRP-nin ARAŞDIRMASI
Bəylər Əyyubovun London və Dubayda milyonluq mülkləri aşkarlanıb - OCCRP-nin ARAŞDIRMASI

Azərbaycan prezidenti təhlükəsizlik xidmətinin rəhbəri Bəylər Əyyubov dünyanın ən avtoritar liderlərindən birinin inandığı adamdır. OCCRP-nin araşdırmaçı jurnalistləri onun ailəsinin Londonun şimalındakı bir küçədə üç dəbdəbəli evə sahib olduğunu üzə çıxarıb. Ancaq bu, heç də hamısı deyil.

Əsas tapıntılar:

  • Əyyubovun xanımına və qızına məxsus ofşor şirkətlər Birləşmiş Krallıqda daşınmaz əmlaka 114 milyon dollar xərcləyib. Əyyubovun özü də daxil, ailəsi Dubayda dəyəri 46 milyon dolları aşan əmlakın sahibidir.
  • Bu sərvətin mənbəyi müəmmalıdır. Əyyubov 30 ildən çoxdur hökumət maaşı ilə işləyir. 2020-ci ildən bəri onun rəsmi illik gəliri heç vaxt 22 min dolları keçməyib.
  • Jurnalistlər Əyyubovla Azərbaycanda maraqları olan zəngin gürcü işadamı Sulxan Papaşvili arasında yaxın münasibəti üzə çıxarıblar. Papaşvili Əyyubovlar ailəsinin üzvləri ilə birlikdə ortaq kommersiya şirkətlərində təmsil olunur. Onun çoxdankı biznes tərəfdaşı isə ailənin London mülklərindən bəzilərinin yönəldilməsində iştirak edir.

Azərbaycanın avtoritar lideri hər adama güvənmir. Belə nadir adamlardan biri İlham Əliyevin hakimiyyətdə olduğu 20 ildən çox müddətdə prezidentin təhlükəsizlik xidmətinin rəhbəri olan Bəylər Əyyubovdur. Hər hansı rəsmi tədbirdə Əyyubov prezidentin yanında görülür və onun limuzinin qapısını şəxsən açır.

Əyyubovun 73 yaşı var. O, prezidentin özündən də uzun zamandır ki, bu vəzifədədir. Daha öncə o, eyni xidməti prezidentin atası Heydər Əliyevə göstərib.

Bir qayda olaraq, dünyanın ən korrupsiyalaşmış dövlətlərinin arasında yer alan, diktatura rejiminin yönəltdiyi, təbii sərvətlərlə zəngin Azərbaycanda mal-dövlət və gücə çıxış çox zaman Əliyevlərə yaxınlıq səviyyəsindən asılı olur. Bu baxımdan hakim ailə ilə qohum olan Əyyubovun bu qədər gücə sahib olması təəccüblü deyil. Ancaq o, daim özünün və yaxınlarının ətrafında sirr pərdəsini qoruyub saxlamağa çalışıb.

Azı, 160 milyon dollarlıq daşınmaz əmlak

OCCRP, onun Azərbaycandan olan tərəfdaşı "Mikroskop Media" və Gürcüstandan olan tərəfdaşı "iFact" bir neçə ölkədən əldə edilmiş şirkət və torpaq sənədlərinə dayanaraq apardıqları yeni araşdırmada Əyyubov ailəsinin mülklərini ilk dəfə aşkar etməyə nail olub. Əyyubovlar Birləşmiş Krallıq və Dubayda toplam dəyəri, azı, 160 milyon dollar olan daşınmaz əmlaka sahibdir.

Onların ən bahalı mülkləri Əyyubovun həyat yoldaşı Zöhrə Sultanova və qızı Elvira Əyyubovanın sahibi olduqları üç evdir. Bu evlərin hamısı Londonun şimalında - eyni küçədə yerləşir. Bu küçə Londonun eksklüziv - məxsusi məhəllələrindən sayılır. Bundan başqa, Elviranın şəhər mərkəzinə yaxın iki penthausu və bir dəbdəbəli mənzili, Kenterberidə daha bir mənzili və dəniz kənarında yerləşən Dorset şəhərciyində evi də var.

Ailə Britaniyadakı bu aktivləri gizli ofşor şirkətlər vasitəsilə əlində saxlayır. Bu şirkətlər həmin evləri 2007 və 2018-ci illər arasında satın alıb. Jurnalistlər bu şirkətlərin maliyyə mənbələrini izləyib tapa bilməyiblər. Onların Əyyubovlara məxsus olması faktı isə 2022-ci ildə qəbul edilən yeni qanun sayəsində üzə çıxıb. Bu yeni qanuna görə, Britaniyada daşınmaz əmlakı olan xarici qurumlar öz sahiblərini açıqlamalıdır.

Daşınmaz əmlakın sahiblərinin, adətən, ictimaiyyətə açıqlanmadığı Dubayda Əyyubov və bir neçə ailə üzvünün öz adlarına villaları və ofis məkanları var. Bu fakt sızan sənədlər sayəsində aşkar edilib.

Əyyubovun həyat yoldaşının iki şirkətdə - Londonda bol müştərili bir kafedə və Gürcüstanın Batumi şəhərindəki bahalı bir oteldə payı var. Bunların heç biri 2014-cü ildən əvvəl fəaliyyətdə olmayıb. Başqa sözlə, ailənin bahalı əmlak satınalmalarında həmin obyektlərin rolu ola bilməz.

Əyyubovların sərvət qaynağı, hələlik, sirr olaraq qalır

Azı, 2020-ci ilədək Əyyubovun rəsmi illik maaşı heç vaxt 22 min dolları keçməyib. Xanımının indiki iş durumu isə bilinmir. Ancaq 2016-cı ildə Azərbaycan Dövlət Botanika İnstitutu əməkdaşlarının siyahısında onun adı vardı. Qızı Elvira isə Britaniyada yaşayan yaşam məsləhətçisidir.

Cütlüyün, azı, daha beş övladı var. Ancaq jurnalistlər onlardan hər hansı birinin müstəqil gəlir mənbələrinin olduğunu müəyyənləşdirə bilməyiblər. Azərbaycanda korporativ sənədlərdə şirkət sahiblərinin adları açıqlanmır. Vergilər Nazirliyinin 2012-ci ilədək internetdə əldə edilə bilən məlumatlarında isə, sadəcə, bir zamanlar Əyyubovun qızlarının bir atçılıq klubunun sahibi olduğunu görmək mümkündür.

Əyyubovun Rafiq Həsənov adlı zəngin qardaşı da var. Onun Əyyubova hər hansı pul, yaxud aktivlər verdiyini göstərən heç bir sənəd izi yoxdur.

Jurnalistlər Əyyubovun pul transferi qəbul etməsi ilə bağlı cəmi bir dəlil tapa biliblər. Ailənin Britaniyada daşınmaz əmlak almağa başladığı 2007-ci ildə onun Britaniya Vircin Adalarındakı şirkəti bir Yeni Zelandiya şirkətindən 250 min dollar qəbul edib. Pulun mənbəyi məlum olmasa da, həmin "qapaq" Yeni Zelandiya şirkətinin başqa bir qalmaqalda "Danske Bank" tərəfindən pulyumaya qatılmaqda ittiham edildiyi bilinir.

"Somerlese" malikanəsinin memarlıq planlama sənədi "Christopher Tredway Architects" firmasının Instagram səhifəsində yerləşdirilib.
"Somerlese" malikanəsinin memarlıq planlama sənədi "Christopher Tredway Architects" firmasının Instagram səhifəsində yerləşdirilib.

Londonun ən bahalı küçəsinin birində üç ev

Əyyubovların Londonun ən bahalı küçələrindən biri sayılan "Kortni Avenyu"dakı üç evi toplam 63 milyon funta (94 milyon dollara) satın alınıb. Ancaq bu, əslində onların daşınmaz əmlaka xərclədiyi pulun, sadəcə, bir hissəsidir.

Ailənin buradakı birinci evi – 2014-cü ildə 17 milyon funta (26 milyon dollara) satın alınan qırmızı kərpic və taxtadan tikilmiş "Somerlese" adlı malikanə artıq mövcud deyil. Malikanənin sahibi olan ofşor şirkət alınmasından iki il ötməmiş onun daha böyük malikanə ilə əvəz edilməsinə icazə alıb.

Malikanənin memarının Instagram-da paylaşdığı şəkillərə dayanaraq demək olar ki, yeni "Somerlese", əsasən, ötən ilin yanvarında tamamlanıb. Üçmərtəbəli, altı yataq otaqlı bu evin üzmə hovuzu, idman zalı, şərab anbarı, saunası, kinoteatrı və çox sayda işçinin qalması üçün yaşayış sahəsi var. Tikintinin qiyməti bilinmir.

Ailənin "Branksome" malikanəsi isə buradan bir ev aralıdadır. Başqa bir ofşor şirkətin 2018-ci ildə 15 milyon funta (20 milyon dollara) satın aldığı bu malikanə də tamamilə sökülərək bilinməyən qiymətə yenilənib. Evin plan sənədləri altı yataq otaqlı "Branksome"da lift, kinoteatr, idman zalı, oyun otağı, hovuz və cakuzi olduğunu göstərir.

Tikilməkdə olan yeni Branksome malikanəsinin memarlıq təsviri.
Tikilməkdə olan yeni Branksome malikanəsinin memarlıq təsviri.

Ailənin "Kortni Avenyu"dakı üçüncü mülkü olan "Beaulieu" "Branksome" ilə üzbəüzdür. Torpaq qeydiyyat sənədləri göstərir ki, bu malikanəni Əyyubovun xanımı Zöhrə Sultanova 2015-ci ildə 31 milyon funta (47 milyon dollara) satın alıb və sonradan başqa bir ofşor şirkətə ötürüb.

"Beaulieu" də digər iki malikanə kimi sökülərək yenidən tikilib. Satışı təşkil edən rieltorun – hüquqi şəxsin paylaşdığı elanda deyilir ki, bu "möhtəşəm" yeni malikanənin hərəsinin öz lüks vanna otağı olan doqquz yataq otağı (ikisi işçilər üçündür), iri lifti, saunası, masaj otağı və üzmə hovuzu var.

Əyyubovun qızı Elviranın başqa ofşor şirkətlər vasitəsilə Britaniyada daha beş mülkə sahib olduğu üzə çıxıb. Bu mülklər toplam 12 milyon funta (20 milyon dollara) satın alınıb. Onlardan biri 10-cu mərtəbədə yerləşən, döşəmədən tavanadək olan pəncərələrindən Londona geniş mənzərələr açılan mənzildir. Bu mənzil həftəsi min 925 funta (2 min 400 dollara) kirayə verilir.

Palm-Cumeyra
Palm-Cumeyra

Dubaydakı məşhur süni adada villalar

Əyyubov ailəsinin Dubaydakı daşınmaz əmlakına sayları 12-ni aşan mülklər daxildir. Bu evlər Əyyubovun özünə, xanımına, üç övladlarına, o cümlədən Elviraya məxsusdur. Bunların çoxu palma şəklində tikilmiş məşhur süni ada olan Palm-Cumeyrada yerləşən villalardır.

Jurnalistlər Əyyubov ailəsinin Dubay mülklərindən 2020-ci ildə sızmış, C4ADS (Center for Advanced Defence Studies) araşdırma təşkilatının təqdim etdiyi bilgilər sayəsində xəbər tutublar. Hər bir mülkün indiki sahibləri haqda məlumat ayrı-ayrılıqda təsdiqlənib.

Əyyubov 2006-cı ildən bəri müxtəlif illərdə burada dörd-altı yataq otağı olan dörd villa alıb. O, ötən il bu villalardan birini xanımı Zöhrə Sultanovanın, digərini isə oğlu Elnurun adına keçirib, birini isə özünə saxlayıb. Dördüncü villanın indiki statusu məlum deyil, ancaq həmin villa 2020-ci ildən bəri Əyyubova məxsusdur. Villaların bugünkü dəyəri 26 milyon dollardır.

XS
SM
MD
LG