Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:25

'Reytinqin salınması özəlləşdirməyə də mənfi təsir göstərəcək'


Əkrəm Həsənov
Əkrəm Həsənov

«Moody's» beynəlxalq reytinq agentliyi «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin (ABB) reytinqlərinə «əl gəzdirib».

Bankın xarici valyutada uzunmüddətli və qısamüddətli depozit reytinqi «Ba3» bəndindən «B1» bəndinə endirilib. Bununla yanaşı, bankın prioritet təmin olunmamış borcu üzrə reytinqi «Ba3»dən «B1» bəndinə, uzunmüddətli xarici öhdəlikləri üzrə reytinqi isə «B1»dən «B2»yə salınıb.

Paralel olaraq, qısamüddətli depozit reytinqi və risk qiymətləndirməsi «Not-Prime» səviyyəsində təsdiqlənib. Bankın uzunmüddətli və təmin olunmamış depozit reytinqləri üzrə proqnozu neqativdir.

Buna da bax-Beynəlxalq Bankın reytinqi aşağı salındı, 'Unibank' isə...

«Moody's» reytinqlərin endirilməsinin əsas səbəbi kimi 2016-cı ilin sonunda bankın maliyyə dayanıqlılığının pozulmasını göstərir. «Bank öz risklərini azaltmaq imkanı tapmayıb. Halbuki belə bir niyyət olub. Yaxın zamanda baş tutan 600 milyon manatlıq kapitalizasiyaya baxmayaraq, bankın kapital mövqeyi neqativdir. Buna isə əvvəllər yığılmış zərər səbəb olub», – deyə agentliyin açıqlamasında bildirilir.

Bank məsələləri eksperti Əkrəm Həsənov AzadlıqRadiosuna müsahibəsində bankın reytinqinin endirilməsindən, bunun ABB-nin sağlamlaşdırılma və özəlləşdirilməsinə təsirlərindən danışıb.

– «Moody's» beynəlxalq reytinq agentliyi ABB-nin kredit reytinqini endirib. Bu, bank üçün nə anlama gəlir? Bankın sağlamlaşdırılması və özəlləşdirilməsinə hansı təsirləri ola bilər?

– Reytinqin aşağı salınması xaricdən kredit cəlb etməyi çətinləşdirəcək. Elə buna görə də, hazırda bütün yük dövlətin üzərinə düşüb. Digər tərəfdən, təbii ki, reytinqin azaldılması özəlləşdirməyə də mənfi təsir göstərəcək, çünki reytinqi aşağı olan bankın səhmlərini almaq istəyən az olacaq.

– Bankın yeni təyin olunan İdarə Heyətinin sədri Xalid Əhədov deyib ki, bu ilin sonuna qədər sağlamlaşdırma proqramını başa çatdırmaq niyyətindədir. Bu niyyət baş tutacaqmı?

– «Sağlamlaşdırma» dedikdə, bütün problemli kreditlərin «Aqrarkredit»in üstünə atıb dövlətdən əlavə vəsait almaq başa düşülürsə, əlbəttə, bu, baş tuta bilər. Sadəcə, başa düşmək lazımdır ki, faktiki olaraq, bu, dövlətin üzərinə əlavə və çox ağır yük hesabına başa gələcək. Məsələn, tutaq ki, mənim qohumum var, borc içində batır. Mən onun borclarını tam ödədim. O sağlamlaşdı mənim hesabıma. Mənim üçün xərclədiyim pul əhəmiyyətli deyilsə, əlbəttə, problem yoxdur. Amma əhəmiyyətlidirsə, deməli, nəticədə mən xəstələndim. Dövlətimizin maliyyə vəziyyəti isə indi ürəkaçan deyil. Buna görə də, dövlətin daha da xəstələnməsi hesabına ABB-nin sağlamlaşdırılması mümkün olsa da, düzgün olub-olmaması başqa mövzudur artıq.

–X.Əhədov həmçinin, özəlləşdirmə prosesində iştirak edə biləcək mümkün investorlar arasında Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi qurumların prosesə cəlb edilməsindən danışıb. Bankın əvvəl yaşanan problemləri göz önünə alınarsa, bu investorlar özəlləşdirmədə iştirak edə bilərmi?

– Dövlət qarantiyaları olsa, hər şeyə rəğmən iştirak edə bilərlər. Həm də axı, o vaxta problemli kreditlər dövlət hesabına bankdan çıxarılacaq. Yəni, bank nisbətən sağlam olacaq. Həmin beynəlxalq qurumlar bu gün «Unibank» kimi daha bərbad durumda olan bankda iştirak edirsə, əgər dövlət zəmanətləri də olacaqsa, nədən ABB-də iştirak etməsin?!

XS
SM
MD
LG