Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:25

İran sanksiyalara 'uyğun' cavab verəcəyini bildirir


Nasir Kənani
Nasir Kənani

Britaniya, Fransa və Almaniya Tehranla hava xidməti sazişlərini ləğv edəndən və "Iran Air" hava şirkətinə sanksiya vəd edəndən sonra İran buna "simmetrik və uyğun" şəkildə cavab verəcəyini bildirib.

Avropa triosu kimi tanınan E3 sentyabrın 10-da birgə bəyanatda qeyd ediblər ki, İranın Rusiyaya ballistik raket ötürməsi təsdiqlənəndən sonra tədbirlər görürlər.

Birləşmiş Ştatlar da İran və Rusiyada mənzillənən 10 fərdə və altı quruma, o cümlədən "Iran Air"ə ballistik raketlərin göndərilməsi iddiaları ilə bağlı sanksiyalar açıqlayıb.

Sentyabrın 10-da axşam yaydığı bəyanatda İran XİN-in sözçüsü Nasir Kənani iddianı "tamamilə əsassız və saxta" adlandırıb.

"Bu üç Avropa ölkəsinin hərəkətləri Qərbin düşmən siyasətinin davamı, İran xalqını iqtisadi terrora məruz qoymaqdır. Buna simmetrik və uyğun reaksiya veriləcək", – o, Telegram-da yazıb.

E3 ölkələri bəyanatlarında bildirirlər ki, ballistik raketlərin şübhəli transferi "Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə İranın hərbi dəstəyinin daha da gücləndirilməsidir, bununla İran raketləri Avropa torpağına çatacaq, Ukrayna xalqının əziyyətini artıracaq".

ABŞ dövlət katibi Antoni Blinken Londona birgünlük səfəri zamanı Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə görüşüb.
ABŞ dövlət katibi Antoni Blinken Londona birgünlük səfəri zamanı Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə görüşüb.

ABŞ və müttəfiqləri İranı Rusiyaya raket verməkdə rəsmən ittiham etdilər

ABŞ və onun əsas avropalı müttəfiqləri İranı iddia olunduğuna görə Rusiyaya ballistik raketlər verməsi ilə əlaqədar Avropada təhlükəsizliyə hədə olan eskalasiya yaratmaqda ittiham ediblər.

Hazırda Londonda olan ABŞ dövlət katibi Antoni Blinken və Britaniyanın xarici işlər naziri Deyvid Lemmi İranı Rusiyaya raketlər transfer etməkdə rəsmən ittiham ediblər.

Blinken deyib ki, Birləşmiş Ştatlar Tehrana qarşı yeni sanksiyalar irəli sürəcək.

ABŞ dövlət katibi habelə Moskvanı Tehranla nüvə texnologiyaları da daxil, texnologiyaların paylaşılmasında ittiham edib.

Blinken: Rusiya artıq İran raketlərini alıb

Blinken deyib ki, Rusiya artıq İranın göndərdiyi ballistik raketləri alıb və onları yaxın həftələrdə ukraynalılara qarşı işlədəcəyi gözlənilir.

Kreml hələ ki, Blinkenin bəyanatına cavab verməyib. Bundan bir gün əvvəl Putinin sözçüsü Dmitri Peskov İranın Rusiyaya raketlər verməsinə dair xəbəri təkzib etməkdən boyun qaçırmışdı.

Almaniyanın Xarici İşlər Nazirliyi İranı Rusiyanın təcavüzkar müharibəsini dəstəkləməkdə ittiham edib və bildirib ki, İran raketləri nəticə etibarilə Avropa torpağını vura bilər.

Rusiyaya raketlər verilməsini pisləyən üçtərəfli birgə bəyanatda Almaniya, Fransa və Britaniya Tehranın bu addımını pisləmiş və bildirmişlər bu, həm Rusiya, həm də İran tərəfindən eskalasiyadır və Avropanın təhlükəsizliyinə birbaşa hədə yaradır.

Blinken və Lemmi London görüşü zamanı bunu da bəyan ediblər ki, bu həftə Ukraynaya birgə səfər edəcəklər.

Bu da xəbər verilir ki, Blinken-Lemmi görüşünün keçirildiyi bir vaxtda İran Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın bu həftə BRICS qrupundan olan həmkarları ilə görüşəcəyi məlum olub.

Vaşinqton bildirib ki, İranın bu addımı ilə bağlı bundan sonra Ukrayna ilə təmaslarında Kiyevin ricalarına daha diqqətli olacaq.

Blinken Ukraynaya dəstəyi müzakirə etmək üçün Londona gəlib

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, ABŞ dövlət katibi Antoni Blinkenin sentyabrın 10-da Londona səfəri zamanı Rusiya müdaxiləsinə qarşı Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə dəstəyi müzakirə edəcəyi gözlənilir.

Blinken bu səfər zamanı Britaniyanın baş naziri Kir Starmer və başqa rəsmilərlə görüşəcək.

ABŞ dövlət katibinin habelə Qəzza müharibəsini və AUKUS razılaşmasını (Vaşinqton, London və Kanberra arasında müdafiə paktı-red) müzakirə edəcəyi gözlənilir.

Bu da gözlənilir ki, İranın Rusiyaya ballistik raketlər verməsinə dair ehtimallara görə ABŞ və Britaniya rəsmiləri habelə bu istiqamətdə hərəkətlərinin koordinasiyasını müzakirə edə bilərlər.

The Wall Street Journal və başqa ABŞ mediaları anonim mənbələrə istinadla xəbər vermişdilər ki, İran Rusiyanı yaxınmənzilli ballistik raketlərlə təchiz edə bilər.

Ekspertlərin fikrincə bu, Rusiyanın Ukraynaya qarşı 36 aydır ki, davam edən müharibəsində əhəmiyyətli dönüş nöqtəsinə çevrilə bilər.

Rusiya son aylarda Ukraynanın Donbas vilayətində bir sıra məntəqələri və əraziləri ələ keçirdiyini bəyan edib. Öz növbəsində Ukrayna ordusu bir aydır ki, Kursk vilayətində 1200 kvadrat kilometrlik ərazini nəzarətdə saxlayır.

İran raketləri ilə bağlı narahatlıq

Ukrayna prezidenti Volodimir Zelenski və NATO-nun bir sıra üzv ölkələri Kiyevə Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərinin vurulması üçün icazə verilməsinə çağırırlar.

Avropa İttifaqı sentyabrın 9-da İranın Rusiyaya ballistik raketlər verməsinə dair xəbərləri “inandırıcı” adlandırıb və bu halda Tehranın hərəkətinə “çevik” cavab veriləcəyini bildirib.

Bundan əvvəl Kreml raketlərin verilməsinə dair xəbərləri təkzib etməməklə narahatlıqları daha da artırıb.

Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Moskva və Tehran “ən həssas sahələrdə dialoq və əməkdaşlığı inkişaf etdirilər”. Lakin İran Rusiyaya raketlər verməsinə dair xəbərləri qətiyyətlə təkzib edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənaani deyib:

“Biz müharibənin bir tərəfinə silah ixracı ilə bağlı iddiaları qətiyyətlə rədd edirik”.

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel isə deyib ki, ABŞ İranın Rusiyaya raketlər verməsinə dair xəbərlərdən “son dərəcə nigarandır”.

XS
SM
MD
LG